Prezident xidməti maşınlarla bağlı fərman verdi - Məmurlara yüzminlik maşınlar lazımdırmı?

img

18-01-2019 [10:06]


Ölkə başçısı dünən Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmanda bildirilir:

8.7.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

8.7.2. bu Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsini təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

"Prezident İlham Əliyevin imzaladığı fərmanda maraqlı bir məqam var. Fərmana görə Nazirlər Kabineti bir ay müddətində bütün dövlət qurumu və dövlət şirkətlərində, hətta publik qurumlarda xidməti avtomobil ilə təmin edilməli olan bütün vəzifələrin siyahısını hazırlamalıdır. Bu yeni siyahıdan kənar olan bütün xidməti maşınlar Fərmanın tələbinə əsasən dərhal özəlləşdirilməyə çıxarılmalıdır”.

Bu sözləri Milli İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb. Bildirib ki, bu, tam doğru yanaşmadır:

"Xatırlayıram ki, bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tullantılarla məşğul olan qurumu büdcə vəsaiti hesabına 140 000 manatlıq Land Cruiser, bir dövlət universiteti 116 000 manatlıq Toyota Avalon almışdı. Bir-iki gün öncə daha bir publik qurum da 1.4 milyona bir neçə maşın almışdı.

Görünür, bu tip addımlar ali hakimiyyəti lap hövsələdən çıxarıb. Gözləmək olar ki, yaxın 2-3 ayda özəlləşdirməyə xeyli komfort maşınlar çıxarılacaq”.


**** 
"Prezidentin dünənki fərmanından belə görünür ki, xidməti maşınların sayı azalacaq".

Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev irəli sürüb. O bildirib ki, izləyənlər bilir, bir müddət əvvəl 10 il ərzində dövlət büdcəsindən xidməti maşınlara sərf olunan xərclərin məbləğini paylaşmışdım - söhbət 700-800 mln. dollardan gedirdi.

"Yaxşı xəbərdi, amma məmurların təkcə xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hələ üstəlik yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır. Söhbət bütün normal ölkələrdə olduğu kimi vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi mexanizminin tətbiqindən gedir. Çünki ayda 1500 manat maaşa qulluq edən məmurların hətta 20-30 min dolarlıq maşnda gəzib 70-80 min dollarlıq evdə yaşaması belə onun əliəyriliyinin ilk işartısıdı. Bizdə bununla bağlı qanun 14 il əvvəl - 14 iyun 2005-ci ildə qəbul edilib. Amma bu günə qədər bircə maddəsi belə işləməyib.Özü də bu qanunda nəzərdə tutulandan fərqli olaraq, bütün məmur bəyannamaləri ictimaiyyət üçün açıq olmalı, hər kəsin məmurların və seçkili rəsmilərin şəxsi qazancları və varidatı barədə xəbər tutmaq imkanı olmalıdır. İslahat deyiriksə, real olanlardan biri məhz budur".



Digər xəbərlər
SON XƏBƏRLƏR