Şriftin ölçüsü / 464 dəfə oxunub

Hökumət sahibkarlara əlavə problem yaradıb - "Yeni məhdudiyyət sahibkarlar və vergi nəzarəti üçün ciddi problemdir"

13 Yanvar 2019 [10:13]
Yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə yeni dəyişikliklər mütərəqqi yenilik və şəffaflıq kimi təqdim olunsa da, kifayət qədər mənfi tərəfləri də var. 

Belə ki, dəyişikliklər kiçik və orta sahibkarlıqla məşğul olanlara əlavə problemlər yarada bilər. Yəni xırda ticarətlə məşğul olanlara və dövriyyəsindən asılı olmayaraq restoran-kafe sahiblərinə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilsə də, onların bu hüquqdan yararlanmasına çox ciddi məhdudiyyət qoyulur.

Mia.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev Reyting.az-a deyib ki, 218.5.10-ci maddəsinə görə, yalnız vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ var. Onun fikrincə, əgər ixtiyari bir mağaza və ya restoran (kafe, yeməkxana) əhali ilə yanaşı, vergi orqanında qeydiyyatda olan fərdi sahibkara və ya hüquqi şəxslərə də ən azı bir dəfə mal satdıqda və ya xidmət göstərdikdə, dövriyyəsinin və işçi sayının necə olmasından asılı olmayaraq, dərhal sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir: "Belə bir mənzərəni təsəvvür edin: siz sadələşdirilmiş vergi ödəyicisiniz, tikinti malları satan mağazanız var və hər ay 300-500 müştərinizin içərisində sizdən elektron vergi hesab-fakturası ilə mal almaq istəyən 3-5 müəssisə və ya fərdi sahibkar olur. Yaxud kiçik bir kafenizdə əsasən əhaliyə xidmət göstərirsiniz, amma yaxınlıqdakı 3-5 şirkət hər gün öz işçilərinə sizdən elektron vergi hesab-fakturası ilə yemək sifariş verir. Hər 2 halda, mağaza sahibi də, kafe işlədən sahibkar da sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu dərhal itirir.

Belə vəziyyətdə kiçik mağaza və ya kafelər birmənalı olaraq vergi orqanında qeydiyyatda olan müştərilərindən imtina edəcəksə, belə alınacaq ki, xırda sahibkar könüllü olaraq öz gəlirlərindən iri sahibkarların xeyrinə imtina etmiş olur. Bəlkə də bu mənzərəyə 1 mağazanın və ya 1 kafenin timsalında baxanda problem ciddi görünmür, lakin yüzlərlə xırda sahibkarın bir yerdə itirdiyi hər halda kiçik məbləğ deyil. "Varlıların daha da varlanıb, kasıbların isə daha da kasıblaşması”na səbəb ola biləcək bu məhdudiyyət mexanizmi bütün hallarda ədalətli deyil, iqtisadiyyata ciddi zərbə vurur”.

Hökumət sahibkarlara əlavə problem yaradıb
R. Ağayev

Ekspert nəzərə çatdırıb ki, belə vəziyyətdə sahibkarlar alternativ qanuni çıxış yolu da tapa bilər, amma bu yol sahibkarlar üçün izafi işi artıracaq. Məsələn, mağaza işlədən sahibkar mağazasının satış sahəsini öz adına uçota alıb, anbar sahəsini başqa bir vergi ödəyicisi kimi qeydiyyata saldıra bilər. Yəni 1 mağazada 2 müxtəlif vergi ödəyicisi fəaliyyət göstərmiş olacaqdır. Bu halda, mağazanın əhaliyə xidmət göstərən hissəsində satış vergi ödəyicisi tərəfindən nəzarət-kassa aparatı (yaxud pos-terminal) ilə həyata keçiriləcəkdir. Həmin mağazanın vergi ödəyicisi olan müştərilərinə satış elektron vergi hesab-faktura ilə anbarın aid olduğu 2-ci vergi ödəyicisi tərəfindən birbaşa anbardan göndəriləcək, ödəniş isə bank hesabları ilə nağdsız ödəniş (bank) qaydasında həyata keçiriləcəkdir. Eyni analoji addımı kafelər də ata bilər. Göründüyü kimi, nəticədə yenə də vergi bəyannaməsi təqdim edən ödəyicilərin sayı süni şəkildə şişəcək, vergi nəzarəti yenə çoxlu sayda ödəyici üzərinə nəzarət üçün böyük administrativ resurslar səfərbər edəcək, vergi ödəyici isə əlavə mühasibatlıq işi ilə qayğılarını bir qədər də artırcaq.

Maraqlıdır, vergi qanunvericiliyində indiyədək mövcud olan ikili vergi mükəlləfiyyəti statusu burada mümkün ola bilərdimi?

R. Ağayev bildirib ki, bu, mümkün idi. Onun sözlərinə görə, Məcəllənin 218.5.4-cü maddəsində nəzərdə tutulduğu kimi, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Lakin elə Məcəllənin 221.7-ci maddəsi bu şəxslərin əmlakın icarəyə verilməsindən və royaltidən kənar fəaliyyət növləri üçün sadələşdirilmiş vergi tətbiq etmək hüququnu tanıyır: 
"Bu isə o deməkdir ki, vergi inzibatçılığında və mühasibat uçotunda analoji - ikili vergi mükəlləfiyyəti təcrübəsi hüquq normaları ilə tənzimlənir və indiyədək tətbiq edilməkdədir. Ona görə də hesab edirəm ki, pərakəndə ticarət və ictimai-iaşə sahəsində fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicisinə də əhali ilə dövriyyənin uçotunun ayrıca, sahibkarlıq subyektləri ilə dövriyyənin uçotunun isə ayrıca aparılması mümkün olardı. Vergi Məcəlləsinə əlavə edilmiş yeni məhdudiyyət isə həm sahibkar, həm də vergi nəzarəti üçün ciddi problemdir, inzibatçılıq işlərini artırır”.

İqtisadçı ekspertin sözlərinə görə, bu məhdudiyyət alıcı-sahibkarların da hüquqlarını pozur, xərclərini artırır: 
"Bir misal ilə bunu da göstərim: Şamaxı rayonunda konkret brend malı sadələşdirilmiş vergi ödəyicisi olan cəmi 1 mağaza satırsa və həmin brend malın alıcısı olan digər sahibkar bu ildən etibarən həmin mağazadan elektron vergi hesab-faktura ilə ala bilməyəcək. Çünki bu alqı-satqı satıcı-sahibkarı sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan məhrum edə və onun gələcək maliyyə vəziyyətini ağırlaşdıra bilər. Bu səbəbdən, eyni zamanda satıcı-sahibkar da həmin alıcı-sahibkara mal satmağa səy göstərmədikdə, o, daimi müştərisini itirəcək və demək olar, gəlirlərinin bir hissəsindən məhrum olacaqdır. Beləliklə, alıcı-sahibkar həmin malı, yol xərclərini artırmaqla, İsmayıllı rayonunda fəaliyyət göstərən və ƏDV ödəyicisi olan digər sahibkardan almalı olacaq. Nəticədə, alıcı-sahibkarın xərcləri artdığı üçün vergiyə cəlb edilən gəlirləri, eyni zamanda vergi öhdəlikləri azalacaq. Eyni zamanda Şamaxıda müştərisini itirən satıcı-sahibkarın da vergiyə cəlb edilən gəlirləri, vergi öhdəlikləri azalacaq”.

Sonda ekspert diqqətə çatdırıb ki, zaman keçdikcə, vergi qanunvericiliyinə edilən əlavə və dəyişikliklərin yaratdığı çətinlikləri praktikada daha aydın görmək mümkün olacaq. Onun qənaətincə, Vergi Məcəlləsi bütün hallarda sahibkarlıq fəaliyyətini təşviq etməli olduğu üçün, Məcəlləyə edilən hər bir dəyişiklik də sahibkarlara maksimal rahatlıq, vergi administrasiyasına isə resurslardan maksimum səmərəli istifadə imkanı əsasında qurulmalıdır.


SON XƏBƏRLƏR