Şriftin ölçüsü / 452 dəfə oxunub

İşçilərin döyülməsi, əmlak girovu, kitab qalmaqalı… - “Mətanət A” iddiaları cavablandırdı

12 Yanvar 2019 [20:03]
Son aylar Mia.az-in elektron poçtuna ayrı-ayrı imzalarla "Mətanət A” şirkəti və onun rəhbəri Elxan Bəşirovla bağlı müxtəlif iddialarla bağlı şikayətlər daxil olur.

Həmin şikayət məzmunlu məktublarda iddia olunur ki, "Mətanət A" Şirkətlər Qrupunun prezidenti Elxan Bəşirov işçiləri işə alan zaman depozit, yaxud əmlakını girov qoymağa məcbur edir.

Bundan başqa, şirkət rəhbəri vergidən yayınmada, işçiləri döyməkdə, bir müddət əvvəl bağlanan "Texnikabank”da olan bank hesabındakı vəsaitləri işçilərin adına sənədləşdirməklə çıxarmaqda ittiham olunub.

Digər maraqlı məlumat isə şirkət prezidentinin atası Hidayət Bəşirovun 80 illik yubleyi ilə əlaqədar çap etdirdiyi "Zirvəyə Qalxan Yol" adlı  kitabından söz açılıb. Və iddia olunub ki, bu kitabda arzulanmayan ciddi siyasi məqamlar olduğundan, sonradan kimə paylanıbsa, hamıdan geri alınaraq, məhv edilib. 

Daha sonra isə qeyd olunur ki, Lerik rayonunun kəndləri olan Piran-Vjaker kəndlərinə  yol  çəkilişi  zamanı Lerik  rayon icra başçısı Rövşən Bağırov Hamarat kəndində olan şebeldən  bu  yola işlətməyi qadağan edib. Lakin Elxan Bəşirovun müdaxiləsi ilə icra başçısı geri çəkilib…

Mia.az saytı olaraq, bu və ya digər iddialarla bağlı "Mətanət A” şirkətinə suallar ünvanladıq və aşağıdakı cavabı aldıq:

Şirkətin rəsmi məktubunda ilk öncə qeyd edilib ki, 2000-ci ildə əsası qoyulmuş "Mətanət A” şirkəti ölkəmizdə və onun hüdudlarından kənarda yüksək texnologiyalara və innovasiyalara əsaslanan müasir inşaat materiallarının istehsalı ilə məşquldur: "20 ilə yaxındır ki, şirkət istehlakçıları yüksək keyfiyyətli inşaat məhsulları ilə təmin edir və təkcə Azərbaycanda deyil, regionun bir çox ölkələrində də milli Azərbaycan brendinin tanınmasına nail olmuş, öz fəaliyyəti ilə ölkəmizin beynəlxalq biznes məkanında iqtisadi reputasiyasının yüksəlməsinə çalışmışdır. Şirkət fəaliyyətində həmişə Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutmuş və məqsədyönlü fəaliyyətləri ilə ölkə iqtisadiyyatının inkişafına töhfələr verməkdədir. Ancaq təəssüf ki, qeyri-sağlam düşüncəyə malik insanlar iqtisadiyyatımızın bu cür uğurlarını həzm edə bilmirlər və öz pozucu fəaliyyətləri ilə bu inkişafa mane olmağa cəhd edirlər. Əsassız məlumatlarla ictimaiyyətin yanlış yönləndirilməsi yolverilməzdir, qanunvericiliyə ziddir, ciddi hüquqi məsuliyyət yaradır və bununla bağlı müvafiq hüquqi tədbirlər görüləcək”.

Ünvanladığımız suallara isə belə cavab verilib:

- Doğrudan Mətanət-A şirkəti işə qəbul olunan hər kəsdən depozit, yaxud əmlak girovu tələb edir? 

- Bu iddia tamimilə əsassızdır. Əgər doğru olsaydı, yüksək ixtisaslı kadrlar "Mətanət A” şirkətində işləməyi arzulamazdı. "Mətanət A” şirkəti ölkəmizdə ən layiqli işə götürənlərdəndir, işçilərin məmnunluğu və layiqli iş şəraiti şirkətin əsas prioritetlərindəndir. Əlbəttə, qanunvericiliyin tələblərini pozan və şirkətə maddi ziyan vuran işçiyə qarşı da şirkət qanunun imkan verdiyi çərçivədə tədbirlər görür. 

-  "Texnikabank” bağlanan ərəfədə şirkətin orada hesabı olubmu? Olubsa, bu hesabda olan pulların taleyi necə oldu?

- "Mətanət A” şirkəti böyük təşkilat olaraq bir bankla deyil, bir neçə bankla çalşır. Bəli, şirkətin hesabı olub, bunun da əsas səbəbi şirkətin koorporativ sosial məsuliyyət faktoruna qayğı ilə yanaşmasından irəli gəlib, yəni ki, şirkət yerləşdiyi rayonda fəaliyyət göstərən bank filialında hesab açmaqla rayonun ümumi sosial-iqtisadi inkişafına töhvə vermək məqsədi olub. Hesabda isə vəsait olmayib, lazım olanda hesaba nağd formada vəsait qoyulub və şirkətə lazım olan xammal, mal-materiallar alınıb.

- İşçilərin döyülməsi barədə deyilənlər doğrudurmu?

- Əgər həqiqətən də belə faktlar varsa, bunun üçün müvafiq dövlət qurumları vardır və ora muraciət etsinlər.

- Şirkətin rəhbəri atası Hidayət Bəşirovun 80 illik yubleyi ilə əlaqədar "Zirvəyə Qalxan Yol" adlı kitab yazdırıbmı? Həmin kitabın sonradan yığışdırılması haqda iddialara necə cavab verərdiniz?

- Lerik rayonunun ziyalısı, uzun müddət dövlət qulluğunda şərəflə və vicdanla xidmət göstərmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uzun müddətli səmərəli xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilmiş Hidayət Bəşirov haqqında kitab yazılıb. Kitabda qramatik səhvlər çox olduğuna görə yenidən redaktə edilərək, çap olunması nəzərdə tutulub.

- Sizin şirkətin prezidenti ilə Lerik rayonunun icra başçısı arasında həqiqətən yol üstündə qalmaqal olubmu?

- Bizim şirkət tikinti materiallarının istehsalı ilə məşğulur, yol çəkilişi ilə yox. Bəzi saytlar öz imiclərini də düşünməlidirlər və ölkəmizin iqtisadiyyatına töhvə verən şirkətlər haqqında əsassız məlumat yayanlara qarşı mübariz olmalıdırlar. Ölkəmizin uğurlu sahibkarlıq nümunələrindən olan bir şirkət haqqında anonim mənbələrə söykənib, əsassız yazilar dərc etməməlidirlər…

Mia.az



SON XƏBƏRLƏR