İcra Hakimiyyətinin mühəndisi keçmiş başçının qohumunun məhkəməsində: "Əgər bu tapşırıq..."

img

07-01-2019 [17:21]


Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mia.az "Report"a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xətai Rayon İcra Hakimiyyətinin mühəndisi Qaçay Əzizli ifadə verib.

O bildirib ki, zərərçəkmiş Elsevər Rufullayev işlədiyi şöbəyə müraciət edərək rayon ərazisində tikinti aparmaq istədiyini deyib: "O, bu məqsədlə məndən tikdirmək istədiyi obyektin eskiz layihəsini çəkdirmək istədi. Onu tanımırdım və mənə Xalid Məmmədovun göndərdiyini söylədi. Mən də Xalid müəllimə zəng edib maraqlandım. Həmin şəxsi özünün göndərdiyini bildirdi. Sonra eskiz layihəni hazırladım".

Q.Əzizli qeyd edib ki, eskiz layihənin hazırlanması üçün əraziyə baxış keçirib, kommunal xətlərin oradan keçib-keçmədiyi araşdırılıb və layihə hazırlanıb.

Daha sonra o, prokurorun suallarını cavablandıran Q.Əzizli deyib ki, eskiz layihəsi hazırlandıqdan sonra vətəndaş tərəfindən icra hakimiyyətinə təqdim edilir və bundan sonra tikinti ilə bağlı sərəncamla çıxarış verilir.

O, eskiz layihəni Xalid Məmmədovun tapşırığı ilə yerinə yetirdiyini təsdiqləyib: "Xalid Məmmədovu rəsmi şəxs, rəis müavini kimi tanımışam və ona görə də onun sözünə əməl etmişəm. Əgər belə bir tapşırığı başqa bir şəxs versəydi, onu yerinə yetirməyəcəkdim".

Q.Əzizli eskiz layhəsinin hazırlanması üçün vətəndaşların pul ödədiyini bildirib.

Məhkəmədə elan olunub ki, növbəti proseslərdə cinayət işində adı keçən Q.Əzizlinin çalışdığı şöbənin müdiri və icra hakimiyyətinin memarı da dindiriləcək.

Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.

İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə və dələduzluq edib və rüşvət alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR