Gənc müəllimlər niyə məktəb direktoru olmaq istəyir? - Namizəddən müsahibə

img

18-12-2018 [12:27]



317 saylı tam orta məktəbin müəllimi Cavid Cəfərzadə son dövrlər təhsillə bağlı həyata keçirilin dəyişikliklərlə bağlı müsahibə verib. 

Mia.az həmin müsahibəni təqdim edir.

- 12 illik ümumi təhsilin səviyyələri üzrə formal təhsilin müddəti necə müəyyənləşdirilmişdir?

- Bu istiqamətdə müxtəlif variantlar mövcuddur. Dövri mətbuatda rast gəlirik ki, 12 illik təhsil 4+6+2, 1+4+5+2, 6+3+3, 1+5+4+2 və s. formalarda öz əksini tapır. 12 illik təhsilə keçidin təmin olunması istiqamətində artıq maddi-texniki baza və infrastruktur mövcuddur. Tədris proqramları nisbətən yüngülləşəcək, şagirdlərin fənlər üzrə həftəlik təlim yükü azalacaqdır.Təhsil proqramlarının yüngülləşməsi ilə tədris prosesində psixoloji gərginlik minimuma enəcək və bu amil şagirdlərin sağlamlığına, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəkdir. Proqram materiallarının, əsasən, sinifdə mənimsədilməsi, ev tapşırıqlarının həcminin nisbətən azalması, şagirdlərin inkişafetdirici tədbirlərə cəlbi üçün imkanlar genişlənəcəkdir. 12 illik təhsilə keçidin təmin olunması təhsildə ən mütərəqqi inqilab olacaqdır.

- Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasının təmin edilməsi üçün hansı tədbirlər görülməlidir?

- Bütün dünyada sağlamlıq imkanları məhdud olan uşaqlar adətən məktəb daxilində diqqətdən kənarda qalırdılar və ya ümumiyyətlə, məktəbə getmirdilər. 1990-cı ildə keçirilən "Hamı üçün təhsil: təlimə dair əsas tələbatların ödənilməsi” adlı dünya konfransının nəticəsində bir çox ölkələrdə uşaqların təhsil almaq imkanından məhrum olması məsələsi gündəliyə daxil edildi. Müasir dövrdə xüsusi qayğıya ehtiyacı olan məktəbəqədər və məktəb yaşlı uşaqların digər uşaqlarla birlikdə bərabər təhsilalma imkanlarının yaradılması, həmyaşıdlar qrupunda onlara qarşı tolerantlıq mühitinin formalaşdırılması, mərhəmət və qayğı hisslərinin tərbiyə edilməsi aktual sosial-pedaqoji problemə çevrilmişdir. Strategiyada da bu məsələ ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulmuşdur: xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf üçün universal mərkəzlərin yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi. Yuxarıda sadalanan tədbirləri həyata keçirmək üçün ilk oncə cəmiyyətdə bu sahədə maarifləndirmə işləri aparmaq lazımdır. Xüsusi təhsil xidmətlərinin göstərilməsi qaydalarını tənzimləmək və təkmilləşdirmək məqsədilə mövcud bərpa- inkişaf mərkəzlərinin əhatə dairəsi genişləndirilməli, onların təcrübəsindən istifadə edilməlidir. Tibbi-pedaqoji-psixoloji komissiyaların əsasnaməsi və fəaliyyət dairəsi nəzərdən keçirilməli, əsaslı dəyişikliklər edilməlidir. Onu da xüsusilə qeyd etmək lazımdır ki, Yeni Günəşli yaşayış massivində "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi” Heydər Əliyev Fondunun və Rusiyanın "Uralsib” maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində inşa edilib. 05 noyabr 2007-ci il tarixində Heydər Əliyev Fondu ilə "Uralsib” maliyyə korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Birgə layihə çərçivəsində mərkəzin tikintisinə başlanılıb və bina 2011-ci il aprelin 5-də istifadəyə verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva açılış mərasimində iştirak edib.

- Təhsilverənlərin peşəkarlıq səviyyəsinin mütəmadi olaraq yüksəldilməsini təmin etmək üçün hansı tədbirlər görülməlidir?

- Cənab prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin oktyabrın 24-də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ı təsdiq edilib. Strategiyada göstərilir ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır. Son illərdə müəllimlərin əlavə təhsili sahəsində modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərə alan yeni modelin tətbiqinə başlanmış, fəal interaktiv təlim texnologiyaları təcrübədən keçirilmişdir.

Təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi, təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması, müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi, pedaqoji heyət üçün yeni modul–kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması kimi tədbirlər strategiyada nəzərdə tutulmuş yüksək nüfuzlu təhsilverənin formalaşdırılmasına əsas verir.

- Ümumi təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqi nələri nəzərdə tutur?

-Qeyd edək ki, Azərbaycanın təhsil müəssisələrində də nəticəyönlü və şəffaf idarəetmə modelinin, yeni məlumat və hesabat sistemlərinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi, təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması, maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi istiqamətində müxtəlif tədbirlər təşkil edilir. Bununlada müəssisədə demokratik bir ab-havanın yaranması özünüidarə orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Nəzərə alsaq ki, müəssisələrdə özünüidarə orqanlarının fəaliyyəti təhsildə şəffaflığın və demokratik dəyərlərin formalaşmasına müsbət təsir göstərir.

- Tədrisin keyfiyyətli inkişafında İKT-nin rolunu necə qiymətləndirirsiniz?

- İnkişaf etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində informasiya kommunikasiya texnologiyaları tətbiq etməklə, təhsildə innovativ texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir. Hazırda ölkədə təhsilin informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb, məktəblərə kompüter, noutbuk və elektron lövhələr verilir.İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada göstərilir ki, milli-mədəni irsin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə geniş istifadə üçün təyin edilmiş elektron resurslar inkişaf etdirilməlidir.Bu gün bir təhsil işçisi olaraq xüsusi qeyd edirəm ki, tədris prosesinin inkişafında İKT-nin rolu danılmazdır. Təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” ölkəmizdə bu prosesə start verdi.Bundan başqa, Təhsil Nazirliyi 2010-cu ili ölkəmizdə "Təhsildə İKT ili” elan edib və bu kampaniya çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata keçirilib. Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması üçün kompüter texnologiyalarının faydalı istifadəsi cəlbedici, maraqlı və vacibdir. Ölkəmizdə təhsilin inkişafında İKT-nin mühüm rolu var. İKT-məktəb, təlim, iştirakçılar üçün çox vacib və məlumatlı mənbədir. Hər hansı bir fərdin intellekt qabiliyyətinin adaptasiyasıdır.

- Hal-hazırda "Direktorların işə qəbulu” ilə bağlı müsahibələr davam edir? Bu prosesin mənfi və müsbət xarakterini bir müsabiqə iştirakçısı olaraq necə dəyərləndirirsiniz?

- Təbii ki, müsahibə hələ davam edir. Yanvar ayında yekunlaşması gözlənilən müsahibə haqqında onu söyləmək olar ki, müsahibədən çıxmış namizədlərin fikirlərini sizlərlə bölüşmək istəyirəm. Bir təhsil işçisi kimi apardığım araşdırma nəticəsində tam səmimi olaraq belə qənaətə gəlmişəm ki, müsahibələr şəffaf, obyektiv, ədalətli şəkildə həyata keçirilir. Mən hələ müsahibədə iştirak etməmişəm. Bunun səbəbi bölgələr üzrə müsahibələr yekunlaşandan sonra Bakı məktəblərinin namizədlərinin müsahibəyə çağırılmasının planlaşdırılmasıdır. Bir gənc təhsil işçisi olaraq hansı işləri görəcəyimlə bağlı artıq planlarımı, təkliflərimi hazırlamışam, məqsədlərimi müəyyənləşdirmişəm. Əgər rəhbərlik müsahibə komissiyasında mənə etimad göstərərsə, bütün planlarımı həyata keçirməyə cəhd edəcəm. Araşdırmalarım və daxili inamım mənə diktə edir ki, müsahibələr tam şəffaf, azad, ədalətli şəkildə keçirilir. Ölkəmiz üzrə bütün savadlı kadrlara ehtiyac yaranmışdır. Təhsil Nazirliyi hazırda savadlı kadrlara daim dəstək olur, bundan sonrakı mərhələdədə dəstək olacaqdır. Buna inamım böyükdür.

- Təhsildəki son nailiyyətlərə münasibətinizi bilmək maraqlı olardı...

- Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması, Təhsil haqqında qanuna son dəyişikliklərin aparılması, buraxılış imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbulun aparılması, respublika və beynəlxalq olimpiada nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbul ətrafında müzakirələr, direktorların işə qəbulu, müəllimlərin işə qəbulu, müəllimlərin sertifikasiyası, müəllimlərin əmək haqqının artırılması və s. kimi mühüm amillər təhsildə son nailiyyət hesab olunur. Düşünürəm ki, bu istiqamətdə daha çox danışmaq və müzakirələr aparmaq olar. Əsasən vurğulamaq istərdim ki, təhsildə inkişaflar, nailiyyətlər strategiyada nəzərdə tutulan hədəflərin reallaşması ilə əlaqədardır.

- Təhsilin inkişafında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu haqqında nə düşünürsünüz?

- Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. Artıq Azərbaycanda yeni təhsil erası başlamışdır. İslahatlar öz bəhrəsini verir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları Prezident İlham Əliyev və Mehriban xanım tərəfindən uğurla həyata keçirirlir. Mehriban xanımın təhsildə yeniləşən Azərbaycanda yeni məktəb modelini qurması, bu istiqamətdə müxtəlif layihələrin tətbiqində rolu onun təhsilə olan qayğısı, sevgisi və məhəbbətidir. Bununla yanaşı Mehriban xanım xaricdə yaşayan azərbaycanlıların təhsilinə, yurddaşlarımızın xaricdə təhsil almasına da xüsusi qayğı göstərir. Mehriban xanım Heydər Əliyev fondu vasitəsi ilə 2005-2012- ci illərdə 400-dən çox ucqar kənd və rayonlarda müasir Avropa standartlarına cavab verən təhsil ocaqları tikdirmişdir. "Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblər yenidən qurulacaq və ölkədə bir təmirsiz məktəb qalmayacaq" - deyən Mehriban xanım Əliyeva bu layihə çərçivəsində 32 internat məktəbinin və uşaq evinin yenidən qurulduğunu bildirmişdir. Bunlardan əlavə, təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin yenidən qurulması işləri də uğurla həyata keçirilir. 2005-2012-ci illər ərzində respublika üzrə 20-dək uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir. Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumınya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən dağılmış qızlar məktəbinin əvəzində onlar üçün yeni tədris binasının inşası uğurlu və önəmli layihələrdəndir. "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublika üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. 2014-cü il fevralın 24-də isə Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı"nın təqdimat mərasimi olmuşdur. Fondun prezidenti Mehriban xanım Əliyeva bildirmişdir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib: "O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artıb. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir". Birinci Vitse-prezident qeyd etdiyimiz bütün istiqamətlərdə çoxşaxəli proqramlar tətbiq etmişdir ki, bu baxımdan bir ölkə vətəndaşı olaraq bu prosesləri müsbət dəyərləndirirəm.

- Bildiyiniz kimi müsahibədə ən çox bu sual verilir. Nə üçün direktor olmaq istəyirsiniz? Sizin də fikirləriniz bizim üçün çox maraqlıdır: Cavid müəllim, nə üçün direktor olmaq istəyirsiniz?

- Məktəb direktoru təhsilin inkişafında aparıcı rol oynayan əsas simalardan biri, bəlkə də birincisidir. "Direktor niyə olmaq istəyirəm” çox gözəl bir sualdır. Direktor ona görə olmaq istəyirəm ki, gənc nəslin təlim-tərbiyəsində yaxından iştirak etmək imkanı qazanım. Təhsilalanların azad düşüncə ruhunda tərbiyəsində, onlara ətraf mühitə, şəxsinə, ailəsinə, Vətəninə sevgi hissləri aşılamaqda yardımçı olum. Eyni zamanda tədrisin keyfiyyətini yüksəltmək, bu yolla məzunların ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmasına çalışmaq, məktəb proqramına uyğun olaraq tədris prosesini təhsilalanlar üçün tamamilə əlçatan səviyyəyə gətirmək niyyətindəyəm. Pedaqoji işçilər vasitəsilə isə maksimum dərəcədə valideyn, şagird münasibətlərini tənzimləmək, yeni modul tipli bir məktəb yaratmaq əsas məqsədlərimdən biridir. Ən əsası, bir təhsilverən kimi təhsili, məktəbi və sənətimi sevirəm və mənə həvalə olunan bu son dərəcə məsuliyyət tələb edən işin öhdəsindən gələcəyimə inanıram.Təbii ki, bu prosesdə komanda ilə birgə fəaliyyət göstərmək əsas vacib məsələlərdən biridir. Müəssisədə bütün işçilərin rəğbətini qazanmaq, onlara inanmaq, onlarla bərabər var qüvvə ilə əsas işim olan, xüsusi olaraq dəyərləndirib seçdiyim təhsilə, elmə xidmət göstərmək istəyirəm. İdarəçiliyi tam demokratik qaydada qurmaqla azad düşüncənin, demokratik mühitin dominant olduğu bir təşkilat qurmaqla müəssisədə ədalətli iqlimin yaranmasına, yeniliyin daim təbliğ olunmasına müyəssər olmaq istəyirəm. Belə bir mühit şübhə yoxdur ki, nəticədə təhsilin, tədrisin inkişafına müsbət təsir göstərəcək. Dövlətimizin də biz təhsilverənlərdən əsas tələbi şəxsiyyətyönlü vətəndaşın, mütəxəssis kadrın, səmərəli əmək fəaliyyətinin formalaşdırılmasıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı