Maşınların texniki baxışdan keçmə qaydalarında dəyişiklik - DYP açıqladı

img

17-12-2018 [23:40]


Yol polisi sürücülərə müraciət edərək Azərbaycanda avtomobillərin məcburi texniki baxışdan (TB) keçməsi qaydalarında dəyişiklikləri xatırladıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev AzərTAC Dövlət Agentliyinə bildirib ki, prezidentin 2018-ci il iyunun 29-da imzaladığı "Yol hərəkəti haqqında” qanuna dəyişikliklər barədə sərəncama görə, icbari texniki baxışın (İTB) keçirilməsilə bağlı əvvəlki müddət ləğv edilir, hər avtomobil üçün icbari dövr son TB-nin fəaliyyət müddətinin son günü başa çatdıqdan sonra 20 gün ərzində müəyyən edilir: "Əgər TB-nin son müddəti bitdikdən sonra 20 gün ərzində avtomobil yeni TB-dən keçməzsə sürücü qanun pozucusu sayılacaq, onun avtomobili hərəkət zamanı xüsusi vasitələrin köməyilə aşkar ediləcək, avtomobil sahibinin barəsində isə avtomatik olaraq inzibati cərimə ilə bağlı elektron qərar qəbul ediləcək. Sürücü TB üçün daha 20 gün alır. Əgər bu müddətdə avtomobili texniki baxışdan keçirməzsə, həmin şəxs yenidən inzibati məsuliyyətə cəlb ediləcək və daha yeni 20 gün alacaq və bu minvalla davam edəcək".

Yol polisi xatırladır ki, TB-dən vaxtında keçməyən avtomobil yol polisinin distansion texniki vasitələri tərəfindən aşkar edilir.

Avtomobil sürücüsünün əvvəlki TB-nin fəaliyyət müddəti başa çatmazdan öncə Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzinə müraciət etmək hüququ var. Lakin o zaman texniki baxış üçün avtomobilə növbəti müddətin verilməsi sonuncu texniki baxışın keçirildiyi vaxtdan başlayacaq.

Bundan öncə texniki baxış avtomobil istehsalçısı olan ölkədən asılı olaraq müəyyən aylarda keçirilirdi. Bu, ona gətirib çıxarırdı ki, Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzində ya növbə olurdu, ya da boş olurdu, əgər həmin dövrdə sürücünün avtomobili mütləq texniki baxışa gətirməsi gərəkmirdisə.

Qanunda ikinci yenilik sürücülərin TB-dən keçməsini sübut edən sənədi avtomobilin yan şüşəsinə yapışdırmasının ləğvidir. İndi texniki baxışdan keçdikdən sonra DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib edilən elektron talon ASAN ödəniş sisteminə daxil olacaq. Və o da öz növbəsində bunu informasiya İnternet-resursunda hər nəqliyyat vasitəsi sahibi üçün yaradılmış elektron kabinetdə yerləşdirir və avtomobil sahibinin elektron poçtuna (əgər varsa) göndərir.

TB-dən keçmək barədə kağız sənəd sürücünün öz istəyilə ona verilə bilər.

Üçüncü yenilik odur ki, yol polisinin Texniki Mərkəzində aşkar edilmiş texniki nasazlığı düzəltmək imkanı verilir və bu zaman avtomobili nasaz vəziyyətdə idarə etdiyinə görə sürücü cərimələnmir. Əgər texniki baxışdan keçərkən nasazlıq aşkar edilərsə avtomobil sahibinə bildiriş göndərilir və nasazlığın aradan qaldırılması tövsiyə edilir. Əgər növbəti baxış zamanı nasazlığın aradan qaldırılmadığı ortaya çıxarsa texniki baxışdan keçmək barədə elektron talon tərtib edilmir.

Digər yenilik sürücülərə təyin edilmiş inzibati cərimələr ödənildikdən sonra icbari TB-nin keçirilməsi imkanları haqda qaydalardır.

Qanunda avtomobilin buraxılış ilindən asılı olaraq TB-nin müddətinə dair hissə dəyişməz qalır. "Yol hərəkəti haqqında” qanuna uyğun olaraq avtobuslar, yük avtomobilləri (icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan və s.) ildə bir dəfə, digər minik və yük avtomobilləri buraxılış günündən dörd il keçdikdən sonra iki ildə bir dəfə, buraxılış günündən on il keçdikdən sonra ildə bir dəfə texniki baxışdan keçməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı