19 nəfəri aldadan bağça müdiri: "Pulu biz almışıq, qaytaracağıq"

img

17-12-2018 [19:15]


Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən "Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyevanın və Azər Əliyevin cinayət işi məhkəmə prosesi davam edib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Zümrüd Əmrahova bildirib ki, işə düzəlmək üçün bağçanın müdirinə 1500 manat pul verib: ” Lakin məni aldatdılar, işə də düzəltmədilər. Pulumu geri tələb edirəm”.

Şahid Nailə Əsgərova borc pul taparaq Tərlan Bağırovaya 2 min manat pul verib: "Ərim xəstədir, pulu bu şəraitdə borc alıb vermişəm. Xahiş edirəm, mənə kömək edin, pulumu versinlər”.

Zalda olan digər şahidlər təqsirləndirilən şəxslərə etiraz ediblər. Onlar bağça rəhbərliyi o vaxt yığılan pulların Təhsil Nazirliyində vəzifəli şəxsə çatacağını deyiblər.

Təqsirləndirilən A. Əliyeva isə deyilənlənləri təkzib edib: "Bu işdə başqa adam yoxdu. Pulu biz almışıq, qaytaracağıq. Başqa adamı şərləmək olmaz”.

Qeyd edək ki, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən "Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.

İş üzrə 19 nəfər zərərçəkən kimi tanınıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ö gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib.

T.Bağırova məhkəmə zalında həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR