Putin Paşinyanı niyə təbrik etmədi? - Politoloqdan şərh

img

12-12-2018 [12:40]


"Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı qələbə münasibətilə ona görə təbrik etməyə tələsmir ki, Ermənistanın baş naziri Kreml sahibinin köhnə dostu Robert Koçaryanı həbs edib. Putin dərhal Paşinyanı təbrik etsəydi, Paşinyanın Koçaryanı həbsinə göz yumması anlamına gələrdi. Putin isə yanlış anlaşılmasını istəmir və dostunu həbsdən çıxarmağa çalışacaq".

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. 

Onun qənaətincə, buna baxmayaraq, Kreml Paşinyanı olduğu kimi qəbul etmək məcburiyyətindədir: "Nə vaxta qədər ki, Paşinyan xarici siyasəti korrektə etməyəcək və Rusiyadan uzaqlaşmaq hesabına Qərbə çox yaxınlığa çalışmayacaq, Kreml onu devirmək istəməyəcək. Paşinyanın hazırda ölkə daxilində tərəfdarı çoxdur. Paşinyanı güc yolu ilə devirmək Ermənistanda vətəndaş müharibəsinə rəvac vermək deməkdir. Kreml isə bunu istəmir".

E.Şahinoğlu hesab edir ki, Koçaryan tərəfdarları etiraz etməyə çalışsalar da, parlament seçkisində 70 faiz səs qazanan Nikol Paşinyanı indiki şərtlər daxilində devirə bilməyəcəklər:

"Robert Koçaryanın reytinqi yüksək deyil ki, xalq onunn tərəfdarlarının arxasınca getsin. Bir neçə günə etiraz səngiyəcək. Gürcüstanda da belə oldu. Qriqol Vaşadze tərəfdarları Tiflisin mərkəzinə çıxdılar, Salome Zurabişvilinin qələbəsini tanımadılar, eks-prezident Mixail Saakaşvili Hollandiyadan Gürcüstandakı tərəfdarlarına səslənərək inqilaba çağırdı... Bu gün Tiflisdə sakitlikdir. İrəvanda da belə olacaq. Nikol Paşinyan bir neçə ay daxili təhlükədən özünü sığortalaya bilər. Onun problemləri ilin ortasına yaxın artacaq".



Digər xəbərlər
SON XƏBƏRLƏR