"Samir Şərifov nə demək istədiyini..." - İqtisadçı alimdən maliyyə nazirinə cavab

img

05-12-2018 [13:01]


"Neftin qiyməti ucuzlaşan kimi hökumətin yadına manat düşür. Yaxud maliyyə naziri narahatlığını nədən indi ifadə edir".

Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu Maliyyə Naziri Samir Şərifovun manatla bağlı açıqlamasına münasibət bidirərkən irəli sürüb. 

Ekspert hesab edir ki, maliyyə nazirinin açıqlamasına görə, "manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq". Bununla Samir Şərifov nə demək istədiyini sizə daha aydın şəkildə çatdırmaq üçün bu açıqlamanı şərh etmək istərdim.
Birincisi, onu qeyd edim ki, dünya bazarında neftin qiyməti ucuzlaşmaya başlayanda Bakıda rəsmilərin könlündən manatın yenidən devalvasiya keçir. Əslində bu xüsusilə də büdcənin doldurulması baxımından asan və cəlbedicidir. Gəlin sadə bir hesablama aparaq. Bu günlərdə təsdiq olunmuş 2019-cu ilin büdcəsinə Dövlət Neft Fondundan (DNF) 11 milyard 364 milyon manat vəsait transfer olunacaq. Bilirsiniz ki, DNF-yə vəsaitlər dollarla daxil olur. Bu isə o deməkdir ki, manatın məzənnəsi gələn il sabit qalarsa onda DNF-dən transfer 6 milyard 685 milyon dolların (11.364 mln. manat/1.7 manat) ekvivalentində olacaq. Əgər manatın məzənnəsi 1.7 AZN deyil, gələn il orta hesabla 1.8 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 6 milyard 313 milyon dollar, 1.9 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 5 milyard 981 milyon dollar, 2 AZN-ə qədər ucuzlaşarsa. onda NF-nin büdcəyə transferi 5 milyard 682 milyon dollara qədər azala bilər. Bu isə təxminən 1 milyard dollara qənaət deməkdir.
İkincisi, Azərbaycan həqiqətən də bahali, lakin keyfiyyətsiz və təhlükəli idxal mallarının idxalı üçün cəlbedici ölkəyə çevrilir.
Nəhayət, manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempini aşağı düşməsində əhəmiyyətli rol oynayır".

Ekspertin sözlərinə görə, Maliyyə naziri demək istəyir ki, manatın məzənnəsinin sabit saxlanılması siyasəti dəyişəcək. 
"Onun nə qədər tez baş verməsi, həm də dünya bazarında neftin qiymət səviyyəsindən asılı olan məsələdir. Yeri gəlmişkən, onu da nəzərə almaq lazımdır ki, ilin sonu valyutaya tələbat artır. Bu gün DNF-nin ötən ayda valyuta satışları ilə bu gün gözlənilən açıqlaması da bir sıra mətləblərə aydınlıq gətirə bilər".



Digər xəbərlər
SON XƏBƏRLƏR