Azay Quliyev Şuraya maliyyə dəstəyinin artırılmasını istədi: "İstəməzdik ki, QHT-lər yad təsirlərə məruz qalsın"

img

13-11-2018 [18:08]


"Bilirsiniz ki, 10 ildir ki, cənab Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafı, xüsusilə QHT-lərin sərbəst fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb və bunun üçün dövlət büdcəsindən hər il müəyyən məbləğdə vəsait ayrılır. Bu təbii ki, bu çox müsbət haldır və ictimai sektor dövlətimizin bu qayğısını yüksək qiymətləndirir. Lakin bu gün QHT-lərin ehtiyaclarının milli maraqlarımıza cavab verən formada qarşılamaq üçün dövlətin ayırdığı maliyyə vəsaitinə yenidən baxmağı vacib hesab edirəm”. 

Bu sözləri deputat, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Azay Quliyev bildirib ki, ehtiyacların hər il artmasına baxmayaraq, Şuraya ayrılan vəsaitin həcmi nəinki yüksəlmir, əksinə, vəsaitin ciddi şəkildə azalması müşahidə edilir: "2015-ci ildə Şuraya ayrılan vəsaitin həcmi 6 milyon 600 min manat olduğu halda, gələn ildə daxil olmaqla son 3 ildə Şuraya 5.600.000 manat nəzərdə tutulmuşdur. Yəni bir milyon manat azaldılmışdır. Bu vəsaiti ölkədə rəsmi qeydiyyatdan keçmiş 4 minə yaxın QHT-nin arasında bölsən, vəziyyətin nə qədər çətin olduğunu təsəvvür etmək mümkündür. Ona görə də Şura çox QHT-ni əhatə etmək üçün lahihələrin maksimim həcmini azaltmağa və yalnız kiçik qrantlar 7-8 min manatadək verməyə məcbur olur. Baxmayaraq ki, bu milli maraqlarımızı daxildə və xaricdə müdafiə edən çox təcrübəli QHT-lər var ki, onların fəaliyyətinini davam etdirməsi üçün mütləq şəkildə böyük həcmli vəsaitə ehtiyac var”.

Şura sədri vurğulayıb ki, dövlətçilik maraqlarını daim qoruyan və xarici qüvvələrin təsir dairəsinə düşməyən QHT-lər əsas etibarilə dövlətin ayırdığı vəsaitdən asılıdır: "Vəsaitin azlığı isə ölkənin ictimai həyatında mühüm rol oynayan, beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edən, təcrübəli və milli maraqlarımızı müdafiə edən QHT-lərin fəaliyyətinə mənfi təsir və onların mövqelərinin zəifləməsinə gətirib çıxarır". 

Azay Quliyev deyib ki, digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün dövlətin maraqlarını qoruyan QHT-in dəstəklənməsinə xüsusi ehtiyac var: "Bizi narahat edən digər mühüm məqam ondan ibarətdir ki, QHT sektorunun minumum ehtiyaclarının dövlət tərəfindən qarşılanmaması, bir sıra ictimai təşkilatların qütbləşməsinə, alternativ maliyyə mənbələri axtarmasına, bəzi hallarda isə qanunsuz olaraq xarici donorlardan vəsait əldə etməyə cəhd olunmasına gətirib çıxarır. Bu isə arzuolunmazdır və biz istəməzdik ki, QHT-lərin onların yad təsirlərə məruz qalsın və ya daha çox xarici donorlardan asılı olsun. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, bu asılılq bəzi hallarda neqativ hallara və təhlüksizliyimiz təhdid edə biləcək situasiyalara gətirib çıxara bilər. Ona görə də istərdim ki, QHT-lərə dəstəyin verilməsi məsələsində bu kopmonent də nəzərə alınsın”. 

Deputat bildirib ki, ölkəmizin maraqlarını xaricdə təmsil etmək və müxtəlif layihələr həyata keçirtmək üçün QHT-lərə heç bir dəstək verə bilmirik: "Bundan başqa bu gün 15-dən çox dövlət proqramı və milli fəaliyyət planında bununla əlaqədar Şuranın üzərinə böyük vəzifələr qoyulub. Bu proqramların icrasını tam təmin etmək üçün Şuranın və QHT-lərin institusional imkanlarının artırılması vacibdir. Eyni məsələni regionlarda fəaliyyət göstərən QHT-lərin resurs və təlim mərkəzlərinə də aid etmək olar. Maliyyə nazirliyinə bu təkliflərin detalları haqqında Arayış təqdim olunub. Bütün bunları nəzərə alaraq, 2019-cu ilin dövlət büdcəsindən QHT-lər üçün ayrılan 5600000 (beş milyon altı yüz min) manatın üzərinə 4600000 (dörd milyon altı yüz əlli min) manat əlavə olunaraq 10200000 (on milyon iki yüz min) manata çatdırılmasını təklif edirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR