Azərbaycanda daha bir Dövlət Agentliyi yaradıldı, 2 qurum ləğv olundu - Fərman + DETALLAR

img

06-11-2018 [18:07]


Bu gün Prezident İlham Əliyev fərman imzalayıb.

Mia.az bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılıb:

1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra — Nazirlik) tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi (bundan sonra — Agentlik) yaradılsın.

2. Müəyyən edilsin ki, Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Agentliyin nizamnaməsinin və strukturunun təsdiqi;

3.1.2. Agentliyin nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.1.3. Agentliyin icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

3.1.4. Agentliyin yenidən təşkili və ləğv edilməsi;

3.2. Nazirliyə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Agentlik "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Nazirliyin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və "Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətlərini davam etdirsinlər.

5. Nazirlik:

5.1. Agentliyin nizamnaməsinin və strukturunun layihələrini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. bu Fərmanın 2-ci hissəsində göstərilən fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş mexanizmlərin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. Agentliyin yaradılmasından irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. Nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin balansına verilməsini təmin etsin;

6.5. hər il dövlət büdcəsi tərtib edilərkən Agentliyin fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin;

6.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Agentliyə lazımi kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR