İnam Kərimov vətəndaşları qəbul etdi, müvafiq tapşırıqlar verdi

img

19-10-2018 [16:31]


Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 65 nəfərin müraciətinə baxıb.

 Qəbula gələn vətəndaşların müraciəti, əsasən, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. İ.Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin "Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 29 nəfər mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz edilib, 1 mexanizatora yeni sürücülük vəsiqəsi verilib, 21 nəfər isə texnikasını texniki baxışdan keçirib.

Nazir "Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR