"MTN işi"ndə təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb

img

18-10-2018 [17:45]


Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndiriləndən A.Şirəliyevin cəza müddəti başa çatıb. Lakin o, azadlığa buraxılmayıb. A.Şirəliyev bildirib ki, həbsxana rəhbərliyi bu məsələnin məhkəmədə həll olunacağını deyib. Hakim isə onun həbsxanadan azadlığa buraxılacağını bildirib.

Daha sonra hakim qeyd edib ki, təqsirləndirilən E.Əliyev apellyasiya şikayətindən imtina edib: "Çünki o, apellyasiya şikayətində şərti cəza verilməsi istəyib. Dünən o, cəza müddəti başa çatdığından azadlığa çıxıb".

Şərti cəza alanlardan yalnız F.Atayev apellyasiya şikayəti verib.

Məhkəmədə vəkil Kamandar Nəsibovun prosesə buraxılıb-buraxılması müzakirə edilib.

Məlum olub ki, o, "MTN işi" ilə bağlı həm təqsirləndirilən Akif Çovdarovun vəkilidir, həm də bu işdə zərərçəkən Cəmşid Novruzovun nümayəndəsidir.

Hakim bildirib ki, bu məsələyə hazırlıq iclasının qərarında münasibət bildiriləcək.

Prosesdə təqsirləndirilən və zərərçəkmişlərlə yanaşı, iclasa aidiyyatı olmayan ancaq əmlakı müsadirə olunmuş bir sıra şəxslər də apellyasiya şikayəti veriblər.

S.Qurbanovun vəkili Adil İsmayılov vəsatət vərərək apellyasiya şikayətinin qismən istintaq yolu ilə aparılması istəyib.

T.Quliyevin vəkili vəsatət verərək Rabitə Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməyə çağırılaraq dindirilməsi istəyib

Təqsirləndirilən MTN polkovniki F.Əliyev bütün qohumlarına məxsus əmlakların müsadirə olunmasından şikayətlənib.

Vəsatətlər təmin edilməyib.

Məhkəmənin növbəti iclası oktyabrın 29-na təyin edilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova və MTN-nin zabiti, polkovnik Füzuli Əliyev apellyasiya şikayəti versələrdə, sonradan onlar şikayətlərini geri götürüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı