Rejissor Arif Qazıyevin səhhətində problem yaranıb - Məhkəməyə gələ bilməyib

img

18-10-2018 [16:07]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində Abdulla Abuzərli ifadə verib.

O, təqsirləndirilən şəxsin tanışı olduğunu bildirib: "Zərərçəkmiş İxtiyar Həsənov mənə zəng edib görüşmək istədiyini dedi. Görüş zamanı söylədi ki, Əziz müəllim onu aldadıb. Sonra o, mənim Əziz müəllimin üzünə durmağım üçün 25 min manat pul vəd etdi. Lakin mən onunla razılaşmadım, bundan imtina etdim. İxtiyarı mənimlə sinif yoldaşım tanış edib. Arif Qazıyev bildiyim qədər torpağını İxtiyara satıb. Bu barədə başqa məlumatım yoxdur".

Zərərçəkmiş İxtiyar Həsənov şahidin yalan danışdığını qeyd edib: "Mən bu adamı Arif Qazayevin çalışdığı yerin yaxınlığında görüşmüşəm. Xanoğlan müəllimlə məni bu şəxs tanış edib. Sonra Abdulla, Arif Qazıyev və mən Əziz müəllimin ofisində görüşmüşük".

A.Abuzərli isə İ.Həsənovun dediklərini yalan adlandırıb və o, söyləyib ki, Ə.Əbdüləzizin ofisində olanda İ.Həsənov orada olmayıb.

A.Abuzərli vurğulayıb ki, 2011-ci ildə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevlə birlikdə çalışıb.

Məhkəmədə elan olunub ki, A.Qazıyevin səhhətində problem var. O, xəstə olduğu üçün məhkəməyə gələ bilməyib.

Proses oktyabrın 25-dək təxirə salınıb.

İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, ALFA LTD şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.

Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd TIR-ı gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək zərərçəkmişi növbəti dəfə aldadıb.

Ə.Əbdüləziz elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin də adı şahid qismində keçir.

Digər xəbərlər
SON XƏBƏRLƏR