"Heydər Əliyevlə gecəyədək söhbət etdik, o, əsas bu suala cavab axtarırdı ki..." - Şahlar Əsgərovdan müsahibə

img

16-10-2018 [22:15]


İyirmi altı il öncə – 1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edib.

Sonralar "91-lərin müraciəti” kimi daha çox tanınan müraciətdə ziyalılar Heydər Əliyevdən Yeni Azərbaycan Partiyasının yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş ediblər. "Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı müraciət "Səs” qəzetinin 16 oktyabr tarixli 43-cü (72) sayında dərc olunub. Ziyalılar müraciətdə Heydər Əliyevdən siyasi partiya yaradılmasını və bu partiyaya sədrlik etməsini xahiş edirdilər. Onlar bu xahişin xalqın istəyini, milli iradəsini ifadə etdiyini vurğulayırdılar.

Mia.az xəbər verir ki, Teleqraf.com-un 91 ziyalıdan biri, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərovla müsahibəsində həmin tarixi müraciət və sonrakı proseslərdən bəhs olunub:

– Şahlar müəllim, necə oldu ki, 91 ziyalı belə bir müraciətlə çıxış etmək qərarına gəldi?

– Bu ideya 1992-ci ildə meydana çıxdı. Bilirsiniz ki, o zaman ölkədə Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası hakimiyyətdə idi. Ölkəmiz Qarabağda müharibəyə cəlb olunmuşdu. Üstəlik, dövlət daxilində də proseslər rəvan getmirdi. Yəni, Azərbaycan çox mürəkkəb dövrünü yaşayırdı. O zamanlar bir qrup insan AXC-Müsavatı müdafiə edirdi. Bir qrup insan onlardan qabaq hakimiyyətdə olmuş kommunistləri dəstəkləyirdi. Ancaq nə keçmişdə kommunist olan, nə də AXC-Müsavatı qəbul edən çoxlu sayda insanlar var idi ki, Azərbaycanın taleyi, apardığı müharibə onları da narahat edirdi. Onlar da istəyirdilər ki, hansısa bir yolla xalqa, dövlətə xidmət etsinlər. Beləliklə, bu adamlar bir ideya ətrafında birləşdilər. Bu, çox bəsit bir ideya idi, yəni hələ partiya deyildi, nizamnaməsi mövcud deyildi. İdeya şəxs ətrafında idi. Bu insanlar güman edirdilər ki, Heydər Əliyevin bu prosesə qoşulmasına çox böyük ehtiyac, zərurət var. Ona görə də bir qrup ziyalı öz arzularını müraciət şəklində yazıb imzaladılar və 26 il əvvəl "Səs” qəzetində çap etdirdilər. Müraciət müəllifləri Heydər Əliyevdən xahiş edirdilər ki, Azərbaycanı bu çətin durumdan çıxarmağa yardımçı olasun. Beləliklə, bu bir hərəkata çevrildi və sonradan "91-lər hərəkatı” adını aldı.

– Noyabrın 7-də yenə "Səs” qəzetində Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı dərc olundu. "Yeni, müstəqil Azərbaycan uğrunda” adlanan cavab müraciəti barədə danışmağınızı istərdik…

– Bəli, Heydər Əliyev bu müraciətdə bizim müraciətə cavab verirdi. Əslində, Heydər Əliyevin 5 bənddən ibarət cavab məktubu sonradan Yeni Azərbaycan Partiyasının proqramının əsas hissələrinə çevrildi.

– Beləliklə, bir qrup ziyalının Heydər Əliyevlə görüşməsi məsələsi gündəmə gəldi…

– 1992-ci il noyabr ayının 20-də müraciət müəllifi olan bir qrup insan təyyarə ilə Naxçıvana uçdu. Biz üç-üç, dörd-dörd, beş-beş qruplar şəklində getdik. Çünki o zamanlar mətbuatda fikirlər səslənirdi ki, onların hamısını qıracağıq, Azərbaycanda 100 ziyalı olmasın, guya nə itirəcəyik? Yəni, belə ifadələr də var idi. Ona görə bütün "91-lər” bir təyyarə ilə getmədi. Müxtəlif reyslərlə Naxçıvana uçduq. Noyabrın 20-də, saat 23:30-da Heydər Əliyevlə görüşdük.

Görüşdə hardasa 30 nəfər iştirak edirdi. Akademiklər Ziya Bünyadov, Fərəməz Maqsudov, yazıçı-publisist Sirus Təbrizli, professorlar Murtuz Ələsgərov, Səfiyar Musayev, dosent Əli Nağıyev və başqalarının adlarını çəkmək olar. Hava ümumən soyuq idi, otaq da soyuq idi. Söhbətimiz təqribən saat 1:30-dək davam etdi.

Heydər Əliyev hər birimizdən təqribən belə bir suala cavab axtarırdı: məni Bakıya dəvət edirsiniz, mənim rolumu orda harda görürüsünüz, mən nə edə bilərəm? Siz hər biriniz öz düşüncənizi deyin, mən sizi eşidim. Bu baxımdan hər kəs öz düşüncələrini dedi. Ümumiləşdirsək, deyə bilərik ki, "Heydər Əliyev, siz gəlin, böyük təcrübəniz var. Əhalini də, respublikanı da, Moskvanı da tanıyırsınız, bu işlərdə bizə bir kömək edin” kimi söhbətlər oldu. Hardasa 6-cı, yaxud 7-ci çıxış edən mən oldum. Əgər sizin üçün maraqlıdırsa, öz söhbətimin məğzini də qısa danışa bilərəm.

– Əlbəttə, maraqlıdır. Danışın, zəhmət olmasa…

– Söhbət mənə gəlib çatanda mən ona "Heydər müəllim” deyə xitab etdim. Çünki orada çıxış edənlər Azərbaycanın müxtəlif təbəqələrini təmsil edirdilər. Deyək ki, yenilikçilər, yeni quruluşun tərəfdarları "Heydər bəy”, keçmiş quruluşun tərəfdarları "Heydər Əliyeviç” deyirdilər. Mənim kimi universitet müəllimləri "Heydər bəy, yaxud Heydər müəllim” deyirdilər. Mən "Heydər müəllim” dedim. Dedim ki, icazə verin, Əbdürrəhman Caminin "Baharıstan” əsərindən bir pritça ilə söhbətə başlayım. Heydər Əliyev başı ilə razılığını bildirdi. Dedim ki, Hindistan padşahı Bağdad xəlifəsinə hədiyyələr, kitablar, eyni zamanda xəlifənin keşiyində dayanması üçün bir həkim göndərir. Xəlifə həkimdən soruşur ki, hansı dərdin dərmanını bilirsən? Həkim dərman bildiyi dərdləri sadalayır. Həmçinin, deyir bir dərman da bilirəm ki, onu qəbul etdikdən sonra başınızdakı ağ saçlar qaralacaq. Bunu dedikdə xəlifə etiraz edir, həmin dərmanı içməyəcəyini bildirir. Qeyd edir ki, ağ saçdan millətin yoluna işıq, şəfəq düşər. Qara saç zülmət rəngidir, ondan zülmət gəlir. Mən də dedim ki, biz sizin ağ saçınızın şəfəqindən bütün Azərbaycan xalqının bəhrələnməsini istəyirik. Bunun üçün də Sizi Bakıda görmək istəyirik. Belə bir çıxış etdim.

– Beləliklə, səhəri gün – noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi…

– Bəli, həmin gün Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yeni yaradılan partiyanın sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxdı. Ölkədə yeni dönəm, yeni dövr başladı.

– Həm partiyanın yaradılması, həm də sonrakı mərhələdə hansı çətinliklərlə üzləşirdiniz?

– Şübhəsiz ki, çətinliklər var idi. Ancaq eyni zmanda hədə-qorxu da mövcud idi. Artıq qeyd etdiyim kimi, onlar "olmasın Azərbaycanda 100 ziyalı” deyirdilər. Amma təsis konfransı keçirilərkən başqa böyük çətinliklərlə qarşılaşmadıq. Təyyarə reysi var idi, getdik, hoteldə qaldıq. Ancaq hotel soyuq idi. Hətta, Maksim Musayevlə bazara getdik, qiymətlərlə maraqlandıq. Gördük ki, Bakı bazarlarındakı qiymətlərdən xeyli ucuzdur.

– Zaman ziyalıların müraciətinin dövlətimiz və xalqımız üçün faydalı olduğunu sübut etdi…

– Heydər Əliyev böyük təcrübəsi olan bir şəxsiyyət idi. Xüsusilə, idarəetmə təcrübəsi çox yüksək idi. Üstəlik, Heydər Əliyev nəzəri biliklərə də mükəmməl yiyələnmişdi. Onun hələ sovet dövründə etdiyi çıxışlardan da bunu görmək mümkün idi. Buna görə də o, ilk növbədə Azərbaycanda qanunsuz silahlı dəstələrin tərksilah edilməsi barədə qərar verdi. Ölkə dövlət tərəfindən idarə olunar, silahlı dəstələr tərəfindən yox. Ziyalıların müraciəti və Heydər Əliyevin cavabı Azərbaycan tarixində dönüş nöqtəsi idi. Dönüş nöqtəsi olduğu üçün Azərbaycanın taleyi də tamamilə dəyişdi. Bilirsiniz ki, iqtisadiyyatda böyük tənəzzül gedirdi. Bu tənəzzül təqribən 1994-cü ilin axırınadək davam etdi. 1995-ci ildə tənəzül dayandı və iqtisadi tərəqqi başladı. Çörək qıtlığı aradan qalxdı, ölkə qanunsuz silahlı dəstələrdən azad oldu. "Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə nəinki həmin illər, böyük bir epoxa üçün çox önəmli oldu. Azərbaycan ayaq üstdə hələ zəif dayandığı vaxtda öz neftini sataraq gəlir əldə etməyə başladı. Ölkəmiz beynəlxalq proseslərə qoşuldu. 2001-ci ildə Avropa Şurasının üzvü oldu. Heydər Əliyev Strasburqa gedərək orda çıxış etdi. Dedi ki, biz, əlbəttə Avropa dəyərlərini mənimsəməyə gəlmişik. Amma eyni zamanda əliboş gəlməmişik. Biz də öz dəyərlərimizlə gəlmişik. Yəni, Azərbaycan dəyərləri də dünyaya təqdim edildi. O xarici səfərlərə gedəndə Azərbaycan xəritəsini də özü ilə götürürdü. Harada çıxış edirdisə, o xəritəni divardan asdırırdı, deyirdi baxın, bura Azərbaycan, bura Ermənistan, bura Dağlıq Qarabağdır. Deyirdi, baxın, bura bizim ərazimizdir. Bizim ərazimizi Ermənistan silahlı qüvvələri zəbt edib. Heydər Əliyev yeri gələndə böyük siyasətçi, yeri gələndə coğrafiya müəllimi, yeri gələndə böyük ağsaqqal idi. Bax, bu yollarla 2003-cü ilədək Heydər Əliyev, 2003-cü ildən sonra isə cənab İlham Əliyev Azərbaycanı gətirib bugünki inkişaf səviyyəsinə çıxardı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı