"Özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir" - İttiham

img

11-10-2018 [14:41]


Prezident İlham Əliyev oktyabrın 10-da ilin 9 ayının yükunları ilə bağlı Nazirlər Kabinetinin toplantısında bir çox məsələlərə toxundu.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bildirdi ki, ölkə başçısının toxunduğu hər bir problem ciddi araşdırılsa, çox böyük korrupsiya faktları ortaya çıxacaq və buna görə bir çox məmurlar məsuliyyətə cəlb olunacaqlar:

"Bakı Nəqliyyat Departamenti kimi bir qurum yaradılıbsa, ora layiqli bir kadr təyin olunmalıdır və sonra avtobusları idarə edən şirkətləri dövlətin nəzarətinə keçirmək lazımdır. Bu gün onların fəaliyyəti səmərə vermir. Məsələn, bir neçə gün öncəki qəzada avtobusu idarə edən sürücünün narkoman olduğu ortaya çıxdı, hətta əvvəllər məhkumluq həyatı da yaşayıbmış. Bu şirkət Ziya Məmmədovun idi. Mən dəfələrlə bunu demişəm və ölkə başçısı da bu məsələlərin hamısına bir-bir toxundu. Sahibkarlar hər biri öz yaxının, qohumunu işə cəlb edib və onların da insanların təhlükəsizliyi məsələsi veclərinə deyil.

Bu gün Bakıda qanunsuz olaraq hündürmərtəbəli binalar tikilib. Bunun icazəsini verən Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovdur. Bu binaların tikilməsinə kosmosdan gəlib icazə verilməyib ki. Bu sərəncamlara Hacıbala Abutalıbov qol çəkib və onu bu gün niyə aparıb baş nazirin müavini qoyublar? Hacıbala Abutalıbov bu gün həbs edilməlidir. Mən də bunları deyəndən sonra bu cür adamlar üstümə killer göndərib məni öldürmək istəyirlər. Allahın yazığı gəldi, sağ qaldıq. Amma həyatım hər an təhlükədədir. Bəs dövlət başçısına kim kömək etməlidir? Dəfələrlə qeyd etmişəm ki, tikintidə özbaşınalıq baş alıb gedir. Tikinti sektorundakı özbaşınalığa Abid Şərifovla Hacıbala Abutalıbov cavab verməlidir.

Səlim Müslümovun bir zamanlar nazir olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlama aparılsa, çox ciddi korrupsiya faktları ortaya çıxar. S.Müslümov indi bir universitetin kafedrasında oturub, heç nə vecinə deyil. Ölülərin adından milyonlar yığdı, əlil olmayan adamlara əlillik verdi. İndi də eyş-işrət içində yaşayır. Bu cür yaşamağa nə var ki, gəl 5-10 il bu dövləti talan et, sonra da get ömrünün axırına kimi yaşa.


Nə qədər qaçqın olmayan adama qaçqın şəhərciklərində evlər verdilər. Yoxlama aparılsa, çox ciddi korrupsiya faktları ortaya çıxacaq. Hər bir təbəqədən o evləri alan adamlar var. Qaçqınlara ayrılan milyardlarla pulların hamısı yeyilib. Bu dövlət bizimdir, hər şeyi bir adamın üstündə yükləmək düzgün deyil axı. Məmurlar belə hərəkətləri ilə əhali arasında nə qədər süni narazılıqlar yaradırlar və biz də bunu deyəndə bizə qarşı terror əməliyyatları həyata keçirməyə cəhd edirlər. Mənim dediklərim bu gün öz təsdiqini tapırsa, bu mənim günahım deyil axı. Bir partiya sədri, dövlət başçısını sevən bir insan kimi çalışıram bunları dilə gətirməklə hər dəfə ölkə başçısına kömək edəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR