Şriftin ölçüsü / 68 dəfə oxunub

“Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” monoqrafiyasının təqdimatı oldu - Tədbir

10 Oktyabr 2018 [23:40]
Oktyabrın 10-da Mətbuat Şurasının və Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin (BSU) jurnalistika kafedrasının dosenti Vüqar Rəhimzadənin "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə BDU-nun jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək təqdim olunan kitabın elmi məziyyətlərindən söhbət açıb. 

Bildirib ki, monoqrafiya Azərbaycanda söz və mətbuat azadlığının araşdırılması baxımından önəmli vəsaitdir. Monoqrafiyada xüsusi olaraq azadlıq anlayışının sosial-siyasi dəyərləri, səciyyəvi cəhətləri, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətləri, söz və mətbuat azadlığının plüralist mahiyyəti tarixi və müasir inkişaf kontekstində təhlil edilir. Əsərdə, həmçinin mətbuatda fəaliyyət azadlığı və sosial məsuliyyət faktoru, söz və mətbuat azadlığı sahəsində beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda, qlobal internet şəbəkəsində söz azadlığının realizasiyası – internetdə ifadə azadlığına müasir baxış sərgilənir. Nəzəri problemlərin analizi fonunda Azərbaycan milli mətbuatının təşəkkülü və inkişaf istiqamətləri aydınlaşdırılır, söz azadlığı və azad mətbuatın inkişafında ümummilli lider Heydər Əliyevin rolundan, bu sahədə tərəqqi istiqamətinin genişləndirilməsində Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edilir. Eyni zamanda, mətbuatın azad fəaliyyətində siyasi-hüquqi təminat məsələsi elmi-siyasi baxımdan nəzərdən keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu söyləyib: "Hər birimiz yaxşı bilirik ki, bugünkü Azərbaycan mətbuatı çağdaş inkişaf səviyyəsinə çatana qədər olduqca uzun və çətin bir yol qət edib. Əvvəllər qəzetlər indiki kimi azad və demokratik deyildi. Ümumiyyətlə, azad medianın varlığından söhbət gedə bilməzdi. Cəmi bir neçə adda çıxan qəzet var idi ki, onlar da günlərlə senzuradan keçməyi gözləyirdilər. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında demokratik islahatların mühüm tərkib hissəsi olan söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılması prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev demokratik, plüralist kütləvi informasiya vasitələrinin formalaşdırılması, onun normativ-hüquqi bazasının yaradılması, eləcə də iqtisadi müstəqilliyin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. Məhz dahi lider Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüququ əksini tapdı. Bu baxımdan mətbuatımızın ölkənin yenicə müstəqillik əldə etdiyi dövrlərdən bu günə qədər keçdiyi tarixi inkişaf yoluna dərindən bələd olan müəllifin təqdim etdiyi bu monoqrafiya həm də söz və mətbuat azadlığının tarixinin öyrənilməsi baxımından olduqca önəmlidir”.

BDU-nun jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Allahverdi Məmmədov kitabın elmi əsaslarına diqqət çəkərək bildirib ki, ölkəmizdə söz və mətbuat azadlığına verilən böyük dəyərin digər dövlətlərlə müqayisə olunması Azərbaycanda bu sahənin getdikcə inkişafını ön plana çıxarır: "Tələbələrimizə kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsi fənnini tədris edirik. Bu mənada Azərbaycan modeli ilə yanaşı, digər ölkələrin də modellərini müzakirəyə çıxarır, məsələyə obyektiv yanaşmağa çalışırıq. Bu gün təqdimatı keçirilən monoqrafiyada bu müqayisələr ətraflı şəkildə öz əksini tapır. Kimliyindən asılı olmayaraq hər kəsin sərbəst düşünmək və fikrini dilə gətirmək qabiliyyəti var. Hesab edirəm ki, təqdim olunan kitabın məğzi də məhz bundan ibarətdir”.

BDU-nun jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu diqqətə çatdırıb ki, kitab jurnalistika fakültəsi üçün önəmli bir dərslikdir: "Məlumdur ki, qloballaşma prosesinin daha da sürətləndiyi, elmi-texniki tərəqqinin qabaqcıl nailiyyətlərinin praktikada intensiv tətbiq olunduğu müasir dövrdə informasiyanın beynəlxalq münasibətlər sisteminin formalaşmasına, dövlətlər və xalqlar arasında əlaqələrin inkişafına da təsiri durmadan artır. Bu, mütəmadi olaraq tələbələrimizə öyrətdiyimiz əsas məsələdir. Hesab edirəm ki, bu işdə müəllifin təqdim etdiyi monoqrafiya bizim üçün əvəzedilməz bir dərslik olacaq”.

Təqdimat mərasimində Mətbuat Şurasının sədr müavinləri Umud Rəhimoğlu, Müşfiq Ələsgərli, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, "Azadinform” İnformasiya Agentliyinin rəhbəri Niyaz Niftiyev çıxış edərək bildiriblər ki, kitabdakı ən önəmli məqamlardan biri söz və mətbuat azadlığının mahiyyətinin açılması və bu azadlığın fəlsəfi əsaslarının ortaya qoyulmasıdır. Digər önəmli məqam isə mövzu ilə bağlı Avropa fəlsəfi cərəyanlarının mahiyyətini də tədqiq edib oxucuya çatdırmaqdır. Monoqrafiyada bununla paralel olaraq Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı önəmli faktlar da ortaya qoyulur. Bununla da müəllif diqqətə çatdırmaq istəyir ki, bu gün milli KİV-lər dünyanın mürəkkəb informasiya mühitində, vahid informasiya məkanında özünə yer tutmaq uğrunda mübarizəyə qoşulub və artıq ciddi uğurlar əldə edib.

Sonda çıxış edən Vüqar Rəhimzadə yaradıcılığına verilən dəyərə və xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.


SON XƏBƏRLƏR