"Qoca"nın üzərində olan 800 dollar... - Məhkəmə prosesi

img

10-10-2018 [16:15]


Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə sənədlər tədqiq edilib.

Təqsirləndirilən Günay Atakişiyevanın vəkili qeyd edib ki, müvəkkili saxlanılan zaman üzərində olan 800 dollar maddi sübut kimi tanınıb, amma cinayət materiallarında qeyd edilməyib.

Günay Atakişiyeva bildirib ki, saxlanılan zaman üzərində 800 dollar olub, həmin pul da Etibar Məmmədova məxsusmuş.

Hakim bildirib ki, pullar maddi sübut kimi cinayət materiallarına daxil edilməyib.

Növbəti proses oktyabrın 15-də davam edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Mühafizə altından qaçan Əli Ağami həbs olunub, Etibar Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.

Məlum olub ki, kriminal avtoritetlərin qaçmasında müğənni Fədayə Laçın, onun tanışı Günay Atakişiyeva da yaxından köməklik göstəriblər.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həmçinin Pentensiar xidmətin vəzifəli əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR