Şriftin ölçüsü / 241 dəfə oxunub

Jurnalistin qatili yaxalanıb? - Baş nazir xüsusi açıqlama yayacaq

10 Oktyabr 2018 [12:10]
Bolqarıstanda televiziya jurnalisti Viktoriya Marinovanın qətlilə əlaqədar yeni şübhəli saxlanıb. 

Bu haqda ölkə mediası xəbər yayıb.

Baş nazir Boyko Borisov oktyabrın 10-da səhər saatlarında mətbuat konfransı keçirəcək və həbsin detallarından danışacaq. Şübhəlinin 20-30 yaşlarında bolqarıstanlı olduğu, Almaniyada saxlandığı bildirilir. Onun oktyabrın 7-də Bolqarıstandan çıxdığı, anasının yaşadığı Almaniyaya yollandığı iddia olunur. Marinovanın çalışdığı TVN televiziyası xəbər verib ki, yeni şübhəli qətlə yetirilmiş jurnalisti tanımayıb. Bolqarıstanın digər televiziyası olan bTV-nin məlumatına görə, polis jurnalistin mobil telefonunu şübhəlinin Ruze şəhərindəki mənzilində tapıb.

Xatırladaq ki, Marinovanın cəsədi oktyabrın 6-da Ruzedəki parkda aşkarlanıb. Polis 30 yaşlı Marinovanın qəddarlıqla döyüldüyünü, zorlandığını və boğulduğunu bildirir. Onun həm şəxsi, həm də peşəkar həyatıyla bağlı təhqiqat gedir. Beynəlxalq qurumlar Bolqarıstanı jurnalistin ölümünü sürət və qətiyyətlə araşdırmağa çağırıb. Oktyabrın 9-da qətllə əlaqədar saxlanmış rumıniyalı dəlil çatışmazlığı üzündən buraxılıb.

Marinova son 12 ayda Avropa Birliyi ərazisində öldürülən üçüncü jurnalistdir. Onun TVN-də apardığı son proqramda Rumıniya və Bolqarıstandan araşdırmaçı jurnalistlər çıxış edib. Hər ikisi AB-nin ayırdığı vəsaitin Bolqarıstanda düzgün xərclənmədiyini araşdırır.

Marinova özü bu araşdırmada yaxından iştirak etməsə də, proqramında Bolqarıstan üçün həssas sayılan korrupsiyadan söz açılıb. Bolqarıstan Rumıniya ilə birlikdə 2007-ci ildə AB-yə üzv olub, amma hər ikisi korrupsiya və ədliyyə islahatlarının vacibliyi səbəbindən AB-nin monitorinqi altındadır.

Oktyabrın 8-də axşam yüzlərlə adam Ruze şəhərində jurnalisti anmağa çıxıb. Ölkənin müxtəlif yerlərində Marinovanın portretləri qaldırılıb, şamlar yandırılıb. İştirakçılardan bəziləri isə Ədalət Sarayına üz tutaraq korrupsiyaya etiraz ediblər, hökumətin, baş prokuror Sotir Tsatsarovun istefasına çağırıblar.

(Azadlıq radiosu)



SON XƏBƏRLƏR