Şriftin ölçüsü / 1726 dəfə oxunub

Qanunsuz tikililərə görə həbslər başladı - İcra başçısının yaxın adamı saxlanıldı

10 Oktyabr 2018 [11:14]
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılıb.

Qeyd edək ki, Xaliq Məmmədov Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur.

Xatırladaq ki, ötən gün prezident İlham Əliyev qanunsuz tikililərlə bağlı sərt mövqe bildirib. O qeyd edib ki, Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur: "Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.


SON XƏBƏRLƏR