Yeni qəbul imtahanları necə keçiriləcək? - Balların hesablanma qaydası, qeyri-müəyyən məqamlar...

img

09-10-2018 [15:59]


Təhsil eksperti Kamran Əsədov 2019-cu ildə tətbiqi nəzərdə tutulan qəbul və buraxılış imtahanı modelini şərh edib.

Mia.az xəbər verir ki, ekspert bakupost-a açıqlamasında bildirib ki, 2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. O qeyd edib ki, məhz bu səbəbdən qəbul imtahanlarının yeni formatda keçirilməsi zəruri idi: "Lakin 2017-ci ildə məhz ilk dəfə kurikulumla təhsil almağa başlayanların IX sinifdə buraxılış imtahanları keçirildi, ortaya heç də xoş olmayan nəticə çıxdı. Məlum oldu ki, 2019-cu ildə 5-6 fəndən qəbul imtahan verəcək şagirdlər 2017-ci ildə 2 fənndən verdikləri buraxılış imtahanları nəticəsinə görə kurikulumu demək olar ki, anlamayıblar, mənimsəməyiblər.

Bununla yanaşı, 2019-cu ildə qruplara daxil olan fənlər üzrə bal paylanma əmsalının hələ də açıqlanmaması ciddi narahatlıq doğurur. Doğrudur, 2019-cu ildən etibarən buraxılış imtahanlarında toplanılan balın qəbul imtahanına birbaşa təsir etməsi buraxılış imtahanlarının əhəmiyyətini artırsa da, hələ də buraxılış imtahanı və qəbul imtahanının keçid balının müəyyən olunmaması narahatlıq yaradır”.

Картинки по запросу kamran əsədov

FƏNLƏR ÜZRƏ PROQRAM YOX, ƏDƏBİYYAT SİYAHISI BƏLLİ DEYİL

K. Əsədov daha bir əhəmiyyətli məqama toxunub: "7 ay sonra qəbul imtahanı tamamilə yeni formatda keçiriləcək, amma hələ də qəbul aparılacaq fənlər üzrə proqramlar yoxdur. Ədəbiyyat siyahısı yoxdur. İki ildir, IX siniflər üzrə keçrilən buraxılış imtahanları zamanı müəyyən sayda yoxlayıcı markerin səhvə yol verməsi səbəbindən yüzlərlə şadirdin biliyi düzgün qiymətləndirilməmişdi. Bu hal hər il təkrarlanır. Çünki buna qədər nəticələr proqram təminatı tətbiq edilməklə yoxlanılırdısa, bundan sonra azı hər fəndən 3, ümumilikdə qəbul imtahanında 9, amma buraxılış imtahanında azı 15 test tapşırığı insan faktoru tətbiq edilməklə - marker vasitəsi ilə yoxlanılacaq. Təbii ki, insan faktorunun tətbiq olunacağı yoxlama prosesində müəyyən nöqsanlar, səhvlər olacaq”.

HƏLƏ DƏ QEYRİ-MÜƏYYƏN QALAN AMİLLƏR

Təhsil eksperti qiymətləndirmə sahəsində İELTS və SAT nümunəsindən istifadənin vacib olduğunu qeyd edib: "Danılmaz faktdır ki, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranıb. Bunun üçün dünya təcrübəsindən, konkret olaraq İELTS və SAT imtahanlarının nümunəsindən istifadə etmək lazımdır. Bu həm şagird biliyinin müasir standartlara uyğun qiymətləndirilməsinə imkan yaradacaq, həm də valideyinlərin əlavə xərc çəkərək repetitorlara müraciət etməməsi ilə nəticələnəcək. DİM yeni qaydaları müəyyən etsə də, hələ də bütün qəbul qrupları üzrə imtahan iştirakçısına təqdim ediləcək situasiya tipli test tapşırıqlarını müəyyən etməyib.

Bundan başqa Azərbaycan dili və ingilis dili fənni üzrə qəbul imtahanlarında 5-ci qrupun mətn üzrə standartları müəyyənləşməyib.

XI siniflər üzrə kurikulum standartları əsasında tərtib edilmiş sinif testləri, test banklar çap olunmayıb.

Digər bir çatışmazlıq ondan ibarətdir ki, təhsil islahatlarına görə bizim yaddaş məktəbindən təfəkkür məktəbinə keçməyimiz tələb olunsa da, təqdim edilmiş imtahan modeli hələ də yaddaş məktəbi üzərində qurulub və kimin yaddaşı güclüdürsə, onun yaxşı nəticə əldə etməsi ilə nəticələnəcək”.


BALLAR NECƏ HESABLANACAQ?

Kamran Əsədov abituriyentlər üçün vacib olan balın necə bölünəcəyini izah edib: "Əvvəlllər qəbul imtahanında maksimum bal 700 bal idi və buraxılış imtahanlarında toplanan bal qəbul imtahanına təsir etmirdi. 2019-cu ildə isə bu 700 bal iki hissəyə bölünəcək. Belə ki, XI siniflər verəcəkləri buraxılış imtahanında 0-300 arası bal toplamalıdır (əvvəlki ilin məzunları eyni modeldə V qrupda imtahan verəcək) ondan sonra seçdikləri ixtisas qrupu üzrə 0-400 bal arası toplamaq üçün imtahan verəcəklər. Yekunda hər iki mərhələdə əldə edilmiş ballar toplanacaq və yekun bal olaraq ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi etmək üçün yekun bal olacaq”.

REPETİTORLUĞA CİDDİ ZƏRBƏ

Bu amillərin buraxılış imtahanlarına münasibəti dəyişəcəyini vurğulayan ekspertin sözlərinə görə şagirdlər buraxılış imtahanına daha ciddi hazırlaşacaq: "Hazırlaşacalar ki, bu mərhələdə əldə edəcəkləri nəticə onlara qəbul imtahanında ciddi şəkildə kömək etsin. Hesab edirəm ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq. Çünki məktəb buraxılış imtahanının nəticəsinin yaxşılaşdırılmasında maraqlı olacaq. Apardığım araşdırmalar göstərirdi ki, on illərdə keçirilən buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinin statistik təhlili zamanı ortaya çox fərqli bir mənzərə çıxırdı. Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir. indi isə mənzərə dəyişəcək”.

Təhsil eksperti bildirib ki, qapalı tapşırıqlarda səhv düz cavabları aparacaq: "Amma açıq sualda səhv olsa, o, düz cavablara təsir etməyəcək və bal aparmayacaq. Qəbul imtahanları 2 dəfə olacaq- ənənəvidəki kimi. Amma buraxılış imtahanı və 5-ci qrup 1 dəfə keçiriləcək”.

ƏN CİDDİ PROBLEM – XARİCİ DİL FƏNNİ

"2019-cu ildə keçiriləcək IX və XI siniflər üzrə ən ciddi problemİN xarici dil fənnindən olacağını deyən Kamran Əsədov bunları əlavə edib: "Çünki indiyə qədər orta məktəblərdə Dinləmə mətni tətbiq edilməyib. Amma DİM Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq) imtahan iştirakçılarına təqdim edəcək. Bu, ciddi problem yaradacaq. Orta məktəblərdə bu qurğu yoxdur, şagirdlərdə bu bilik və bacarıqlar yoxdur və öyrədilməyib. Amma indi bundan bacarıqlar yoxlanılacaq.

Artıq 18 ildir ki, alternativ variantlarla sualları cavablandırmağa öyrəşən abituriyentlərə neçə ildir ki, açıq testlər də verilir. 7 ildir ki, qəbul imtahanlarında müəyyən fənlər üzrə açıq tipli test tapşırığı təqdim olunur. Qapalı test tapşırığı o test tapşırığıdır ki, imtahan iştirakçılarına sualın cavabı variantlarla təqdim olunur və o doğru bildiyi cavabı seçir. Açıq test tapşırığında isə iştirakçı cavabı özü yazır. Bunun kifayət qədər müsbət tərəfi var. Nəzərə alaq ki, qapalı test suallarının cavablandırılmasında təsadüfi amillər, yəni müəyyən qədər bəxt də rol oynayır. Çünki qarşısındakı hər bir sualın 5 mümkün cavabına baxan abituriyent onlardan birinin düz olması haqqında təsadüfi fikrə gəlir və həmin cavabı da qeyd edir. Bununla da o, imtahanda uğur qazanmaq şansını artırır.
Açıq sualların tətbiqində isə bu təsadüfilik amili aradan qaldırılır. Maraqlı hal odur ki, açıq sualı cavablandıra bilməyən abituriyent digər bir abituriyentin bu suala verdiyi istər düz, istərsə də səhv cavabı köçürə bilməyəcək. Həmin suallara verilmiş səhv cavablar da abituriyent üçün cərimə kimi hesablamayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR