Tanınmış teleaparıcı Roza Zərgərliyə açıq məktub

img

21-09-2018 [14:38]


Hörmətli Roza xanım!

Etiraf edim ki, Sizin son vaxtlarda aparıcısı olduğunuz teleproqramlarda incəsənətin təbliğinə, incəsənət ustalarının həyat və yaradıcılığına həsr etdiyiniz maraqlı verilişlər xüsusi rəğbət və razılıqla qarşılanır. Ancaq dünən anonsunu verdiyiniz telesüjet ən azından təəccüb və təəssüf doğurur. Xalqımızın görkəmli sənətkarı, özünün məşhur "Ayrılıq" mahnısı ilə hələ 30 il əvvəl - ötən əsrin qanlı-qadalı 80-ci illərində ürəyinin hökmü ilə Almaniyadan gələrək, böyük fərəh və qürurla sevgisini illərlə böyük həsrətlə qəlbində yaşatdığı Azərbaycanımızın azadlıq mübarizəsinə qoşulub, xalqımızı birliyə səsləyən Yaqub Zurufçunun hər zaman böyük ehtiram bəslədiyi unudulmaz, sevimli müğənnimiz Şövkət xanım Ələkbərovaya olan səmimi, mehriban münasibətinə şübhə ləkələri atmağa yönələn həmin telesüjetin nə məqsəd daşıdığı qətiyyən anlaşılmır.

Başa düşmək olmur ki, Şövkət xanımın gəlinini nə vadar edib ki, 28 il əvvəl həyat yoldaşı və xalqın sevimlisi olan qaynanası ilə üç aya qədər Yaqub bəyin Almaniyadakı çox da geniş və dəbdəbəli olmayan evində qonaq qaldıqdan, hər üçünə gündəlik olaraq hər cür diqqət və qayğı göstərildikdən sonra onları ehtiramla evində əzizləyib-saxlayan o böyük, təmənnasız şəxsə tamamilə haqsız, əsassız, qeyri-obyektiv fikirlər səsləndirir, irad bildirir? Əgər onun dediklərində həqiqət varsa, o, Yaqub bəyə olan iradını elə o vaxt - 28 il əvvəl, Şövkət xanımın sağlığında niyə bildirməmişdi?

Roza xanım, inanmaq istəməzdim ki, milyonlarla televiziya tamaşaçında Yaqub Zurufçu haqqında yanlış fikir yaratmağa yönəlmiş həmin süjet kiminsə, ya da ki Sizin qərəzli münasibətinizin nəticəsidir. İnanmıram ki, Sizin kimi obyektiv, sənətə və sənətkara hörmət qoyan ədalətli bir sənət adamı belə bir qərəzli mövqe tutsun və yəqin ki, özünün də hər zaman qəlb yanğısi ilə dinlədiyi "Ayrılıq" mahnısının müəllifini, Ulu öndərimiz Heydər Əliyevin də çox böyük, xüsusi dəyər verdiyi, mahnılarına hələ Amerikanın Klivlend xəstəxanasında da maraqla qulaq asdığı Yaqub Zurufçunu nüfuzdan-gözdən salmağa çalışsın. Bəlkə bu, kiminsə sifarişidir? Axı, əsl sənətə Sizin kimi böyük dəyər verən, öz mövqeyi, iradəsi və qətiyyəti ilə seçilən istedadlı bir teleaparıcı buna yol verməməlidir...

Hörmətli Roza xanım! Bilirsiniz ki, Yaqub Zurufçu bütün xalqın qəlbən, vurğunluqla sevdiyi böyük bir sənətkar olsa da, son dərəcə təvazökar bir insandır və bir çox sənət adamlarından fərqli olaraq heç vaxt dəvət olunmadan telekanallarda görünməyə can atmır, sənət qalmaqallarından da tamamilə uzaqdır. Və əmin ola bilərsiniz ki, o, kiminləsə yersiz debatlara qoşulmur və qoşulmayacaq da, qüruruna sığışdırıb Şövkət xanımın gəlininin də sifarişli ittihamına heç bir cavab verməyəcək. Bununla belə haqq-ədalət qorunmalı, xalqın sevimlisi olan bir sənətkarın nüfuzuna xələl gətirilməməlidir.

Buna görə də Sizin qabaqcadan sensasiyaya hesablanmış, şok "effektli" verilişinizin anonsuna baxdıqdan sonra məsələni aydınlaşdırmaq üçün Yaqub bəylə əlaqə saxlamalı oldum. Aydın oldu ki, gəlinin bidirdiyindən fərqli olaraq, 1989-cu ilin sonlarında Şövkət xanımın Almaniyaya getmək, orada konsert vermək və eyni zamanda müalicə olunmaq ideyasının təşəbbüskarı Yaqub bəy yox, məhz Şövkət xanım özü olmuşdu. O, həmin ərəfədə Hamburqdan Bakıya gəlmiş gənc həmkarına (o vaxt onun cəmi 35 yaşı vardı) bildirmişdi ki, səhhətində problemlər var və əgər Yaqub bəy onu dəvət edərsə, Almaniyada müalicə olunmaq istərdi. Hələ uşaqlıq illərindən Şövkət xanımın böyük pərəstişkarı, özünün dediyi kimi, "aşiqi" olan Yaqub bəy onun bu arzusunu yerinə yetirərək, yaşadığı Hambur şəhərinə qayıtdıqdan sonra onu oğlu Bəşirlə birlikdə əziz bir qonaq kimi öz evinə dəvət etmiş, onun orda qayğısız yaşayıb-dincəlməsi, müalicəsi üçün əlindən gələni əsirgəməmişdi. Yaqub Zurufçunun diqqət və qayğısından məmnun olan Şövkət xanım bir qədər sonra gəlini Gülnarənin Bakıda tək qaldığını bildirərək (o zaman hələ Bəşirgilin övladları yox idi), onun da Almaniyaya dəvət olunmasını xahiş etmişdi. Yaqub bəy Şövkət xanımın bu istəyinə də məmnunluqla əməl etmişdi. Yəni ki, Gülnarə xanımın indi həqiqətə qətiyyən uyğun olmayan ittihamının əksinə olaraq, Şövkət xanımın, həmçinin oğlunun və gəlininin Almaniyaya getmək təşəbbüskarı Yaqub bəy yox, Şövkət xanım özü olmuşdu. Beləliklə də, gəlinin Şövkət xanımın məhz Yaqub bəyin təşəbbüsü ilə (guya hansı niyyətləsə...) Almaniyaya getməsi barədə ittihamının kökündən yalan olduğu aydın olur. Bu bir.

İftiraya bənzər ikinci ittiham da heç bir məntiqə sığmır ki, üç nəfərdən ibarət bir ailəni evində təmənnasız qonaq saxlayan (bunu indiki zamanda heç kəs etməzdi), onların hər bir qayğısına qalan Yaqub bəy sənətini və özünü hədsiz sevdiyi Şövkət xanımdan onun Almaniyada konsertinin təşkilinə görə üç ayın xərcləri ilə müqayisəyə gəlməyən hansısa bir "qonorar" pulu istəmiş olsun. Axı, bu dərəcədə də yalan, iftira olmaz! Ayıbdır, vallah, ayıbdır. Yaxşı, tutaq ki, Gülnarə xanım haqqı danaraq, üç ay qonağı olduqları adama qarşı əsassız ittiham söyləyir, bəs ayıq düşüncə, adi məntiq harda qaldı, Roza xanım?

Bəli, haqsızlığa qalarsa, Gülnarə xanım onu eyni şəkildə davam etdirib, Yaqub bəyə "haqlı" bir irad da tuta bilər ki, onların Almaniyada olduğu zaman Bakıda 20 Yanvar qırğını baş verdiyindən və hələ şəhidlərin "40"-ı şıxmamış Şövkət xanım orada konsert vermək istərkən Yaqub bəy bunun düzgün olmadığını bildirmiş və sevdiyi sənətkarın təklifinə baxmayaraq, həmin konsertdə şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir mahnı da oxumamış (səhv etmirəmsə, Zeynəb xanım Xanlarova 20 Yanvardan sonra hələ bugünəcən də heç bir yerdə konsert verməyib), sadəcə orda adi bir tamaşaçı, qonaqlarının dostu kimi iştirak etmişdi.

Yalnız 20 Yanvar şəhidlərinin "40"-ndan sonra Yaqub bəy Şövkət xanımın təklifi ilə imkanlı bir azərbaycanlının təşkil etdiyi böyük bir ziyafətdə onunla birgə mahnı oxumuş, öz payına düşən böyük məbləğdə qonorarı isə götürməyərək, onu Şövkət xanıma bağışlamışdı. Çünki xanım sənətkarımız Almaniyadan Azərbaycana oğlu Bəşir üçün almaq istədiyi son model "Mersedes"də qayıtmaq istədiyini bildirmişdi. Yaqub bəy Şövkət xanımın bu arzusunu da ürəyində qoymamışdı. Və belə bir təmənnasız sənətkarı 28 ildən sonra haqsız, əsassız olaraq hansısa saxta bir "qonorar" adı ilə ləkələməyə cəhd etmək hansı məntiqə, hansı vicdana sığar?

Yaqub Zurufçunun sənətdə və həyatda böyük ehtiram bəslədiyi Şövkət xanıma qarşı heç bir halda haqsızlığa, təmənnaya yol vermədiyini, onunla hər zaman son dərəcə səmimi və mehriban olduğunu təsdiq edən daha bir təkzibedilməz fakt. Ömrünün son günlərində - 1993-cü yanvarında (vəfatından 10-12 gün əvvəl) Şövkət xanımın oğlu Bəşir Yaqub bəyi anasının evdə keçirdikləri 70 illik yubiley məclisinə dəvət etmiş, böyük hörmətlə qarşılanan qonağı masa ətrafında Şövkət xanımla yanaşı əyləşdirmişdi. Əgər o vaxtlar arada hansısa bir incikliyi olsaydı, Yaqub bəy o cür ehtiramla qarşılanardımı? Şövkət xanımı tanıyanlar yaxşı bilirlər ki, o, heç vaxt onu incik salan adam tərəfə heç dönüb baxmazdı da. Məclisdə onun gənc həmkarı haqqında, Yaqub bəyin isə korifey müğənni haqqında dediyi xoş, səmimi sözlər hələ də yaddaşlardadır. (Şəkillərə baxmaq kifayətdir, şərhə ehtiyac yoxdur. Şəkillərdən birində aydın göründüyü kimi, indi qaynanasını telekanalda yada salan gəlin o vaxt evdəki kişi qonağa və məşhur qaynanasına əhəmiyyət verməyərək, öz bəzək-düzəyi ilə məşğul imiş...). O da diqqətdən yayınmamalıdır ki, Şövkət xanım evdə keçirdiyi yubiley məclisinə Yaqub bəydən başqa heç bir sənətkarı dəvət etməmişdi.

Həmin görüşdən bir müddət sonra Şövkət xanımın həyatdan getməsi Yaqub bəyi çox sarsıtmış və o, böyük sənətkarın məzarını göz yaşları ilə ziyarət etmişdi.

...Allah Şövkət xanıma rəhmət eləsin!

Düşünürəm ki, onun gəlini Gülnarə xanımın Yaqub bəy haqqında söylədikləri Şövkət xanımın - o unudulmaz sənətkarın ruhunu indi yəqin çox narahat edir...

Belə olmaz, hörmətli Roza xanım və Gülnarə xanım! Qətiyyən yaxşı deyil! Haqqı danmaq olmaz!

P.S. Maraqlıdır, görəsən, Gülnarə xanım keçən il də və indi də eyni əsassız ittihamlarla niyə məhz ATV telekanalına və niyə məhz Roza Zərgərliyə üz tutub? Bəs Şövkət xanımın oğlu Bəşir niyə susur?.. Axı, söhbət gəlinin yox, onun xalq tərəfindən hər zaman sevilən anasından və evində üş ay qonaq olduğu, bir süfrə başında oturub şörək kəsdiyi görkəmli bir sənətkardan, haqsız olaraq onun nüfuzuna salınan kölgədən gedir...

Göstərilənləri nəzərə alaraq, hörmətli Roza xanımdan və ATV rəhbərliyindən xahiş olunur ki, obyektivlikdən uzaq olan həmin süjetin efirə verilməsini dayandırsınlar. Ədalət naminə, obyektivlik naminə!..

Rəhman ORXAN, Respublikanın Əməkdar jurnalisti






Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq