Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq - Hansı yeniliklər var + DETALLAR

img

31-08-2018 [11:55]


Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

Mia.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olan yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdirilib.

Yeni vəsiqələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən "Elektron imza” sertifikatları ilə təmin edilib.

Bu sertifikatların biri identifikasiya (tanınma) üçün nəzərdə tutulub. Yəni yeni vəsiqələr internet mühitində də vətəndaşın kimliyini müəyyən edəcək.

İkinci sertifikat isə vətəndaşa istənilən yerdən sənəd mübadiləsi aparmaq üçün elektron imzalama üstünlüyü verir.

Qanunvericiliyə uyğun olaraq, 10-15 yaşlı vətəndaşların vəsiqələrinə kimliyin identifikasiyası üçün yalnız bir sertifikat, yaşı 15-dən yuxarı olan vətəndaşların vəsiqələrində isə iki sertifikat – həm identifikasiya, həm də imzalama sertifikatı mövcud olacaq.

"Elektron hökumət” portalına giriş, həmçinin buradakı xidmətlərdən istifadə etmək üçün məhz yeni şəxsiyyət vəsiqələrindən yararlanmaq mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR