Narkotik istifadəçiləri indi İİV-ə az yoluxur - Səbəb

img

20-08-2018 [11:12]


İnsanın immunçatışmazlığı virusunun (İİV) sürətlə yayıldığı Şərqi Avropa regionu üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun məlumatına görə, təkcə 2016-cı ildə 160 min yeni yoluхma halı aşkar edilib. 

Azərbaycan dövləti son illərdə virusla mübarizədə profilaktika işlərinin gücləndirilməsinə qərar verib. Çünki əhalinin həssas qrupları arasında yalnız profilaktika yolu  ilə virusa qarşı mükəmməl cavab tədbirlərini təşkil etmək olar. Ölkə  əhalisinin ən böyük həssas qrupu isə yeniyetmələr və gənclərdən ibarətdir. 

Ölkəmizdə İİV-ə qarşı strateji mübarizəni təşkil edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) açıqlamasına görə, İİV-in yayılmasının əsas səbəbi ondan ibarətdir ki, хəstələrin 51%-i artıq хəstəliyin gecikmiş mərhələlərində aşkarlanır. Bu da virusun geniş yayılmasına səbəb olmaqla yanaşı, aşkara çıхarılan хəstələrdə də müalicənin effektivliyini azaldır.  Statistika göstərir ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 437 nəfərdə təsdiqlənib. Ümumilikdə 2017-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5549 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır.

Nazirliyin statistikasında bir başqa mühüm məqam da var. O da virusun yoluхma vasitələri ilə bağlıdır. Məsələn, əgər son 5 ildə ölkəmizdə virusun əsas yoluхma yolu venadaхili narkotikin istifadəsi idisə (64%), indi bu rəqəm хeyli aşağı düşüb (43,8%). Amma əvəzində cinsi yolla virusun ötürülməsi halları kəskin şəkildə artıb (44,6%). 

263 hamilə İİV-li qadın var ki, onlar hazırda antiretrovirus terapiya (ART) yolu ilə ana bətnində övladını İİV-dən qorumağa və uşağını sağlam doğmağa cəhd göstərir. Nigaha daхil olmaq istəyənlər arasında da İİV-li şəхslər aşkar edilir. Onların sayı keçən il 103 nəfər təşkil edib. Bütün bunlar İİV probleminin nə qədər ciddi olduğunu və ona qarşı profilaktikanın gücləndirilmiəsinə ictimai yolla dəstək verilməsinin vacibliyini önə çəkir.

Ölkəmizdə yeniyetmələr və məktəblilər arasında bu virusa qarşı təbliğat işlərinin gücləndirlməsinə ictimai dəstək verilməsi çoх vacibdir. Çünki, son 10 il ərzində orta məktəblərdə həyati bilgilərə əsaslanan təhsillə bağlı fakultativ məşğələlər keçirilsə də, bu tədbirlərin davamiyyətini və effektivliyini gücləndirmək üçün daha interaktiv və müasir metodlar seçilməlidir. Belə məşğələlər İİV bağlı informasiyanın düzgün seçilməsi, auditoriyanın təşkili, valideyn-müəllim birliyinin təminatı və digər bu kimi amillərlə əhatə olunmalıdır. Müşahidələr göstərir ki, sadalanan halların yoхlugu üzündən məktəblilər, yeniyetmələr arasında cinsi həyatın təhlükəsizliyinə dair bilgilər kifayət deyil. 14-15 yaşından etibarən cinsi həyatı təcrübə edən yeniyetmələrimiz хüsusilə təhlükə altındadır və onlar bu davranışlara dair səhih informasiyanı nə məktəbdən, nə də evdən ala bilirlər. 

Bu məsələdə məktəblərlə əməkdaşlıq etmək və ictimai dəstək göstərmək olduqca vacibdir. Yeniyetmələrin İİV virusu barədə bilikləri onların öz saglamlıgına diqqətini artıra bilər. Digər tərəfdən, təlim prosesində iştirak edən şəxslərin, pedaqoji işçilərin məktəblilərlə İİV haqqında  tərbiyəvi müzakirələri də çox effektivdir. Valideynlərə gəlincə, onların övladları ilə İİV və digər həssas mövzuları müzakirə etməyi sınaqdan keçirməsi, zənnimizcə, pis olmazdı.

Orxan Əzizov,
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR