"Sayğaclara müdaxilə mümkündür, baş verənlər göstərir ki, nəsə olub" - Ekspert "Azərişığ”ı faktla üz-üzə qoydu

img

11-08-2018 [17:51]


"Sayğaclara müdaxilə etmək mümkün deyil. Onların üzərindəki tarif qoyuluşunu dəyişmək olar. Çünki onlar multi-tarif rejimindədir”. 

"Report” xəbər verir ki, bunu abunəçilərin ötən ay böyük məbləğdə işıqpulu gəlməsi ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün keçirilən tədbirdə "Azərişıq” ASC-nin Satış departamentinin nümayəndəsi Araz Məmmədzadə deyib.

Onun sözlərinə görə, sayğaclara yalnız fiziki müdaxilə mümkündür: "Biz abunəçilərə təklif edirik ki, onlar öz sərfiyyatlarını sayğacla uyğunlaşdırsınlar. Sosial mediada sayğacların göstəricilərinin dəyişdirilməsi ilə bağlı fikirlər yayılıb. Bildirmək istəyirəm ki, elektron və rəqəmsal sayğaclarda onların standartına görə, ancaq oxunma rejimində müraciət qəbul edilir. Yəni hansısa müdaxilə etmək və əməliyyat aparmaq, korreksiya etmək və sairlə bağlıdır”.

Ekspert Osman Gündüz isə bildirib ki, bu tipli müdaxilələr təkcə Azərbaycanda deyil, digər ölkələrdə də olub: "Mən öz fikrimin üzərində qalıram ki, sayğaclara müdaxilə olunub. Araşdırmalarım nəticəsində belə aydınlaşdı ki, bu, təkcə bizdə deyil, digər ölkələrdə də olub. Siz saytda elə bir şərait yaratmalısınız ki, onlar girib ötən ilin iyulunda və bu il nə qədər ödəniş etməli olduqlarını bilsinlər. Baş verənlər göstərir ki, nəsə olub. Bu birmənalıdır. Dünya standartlarında "billing” sistemi olan otaqda əməliyyat aparmaq üçün ən azı üç adam ora daxil olmalıdır. Sizdə isə bir nəfər də bəs edir. Bu isə düzgün bir şey deyil. Bizdə də bəzi dövlət qurumları var ki, onların da sistemi belədir. Yəni ən azı üç nəfər otağa daxil olanda sistem işə düşür”.

Ekspert hesab edir ki, beynəlxalq audit təşkilatları "Azərişığ”ı audit etməlidir: "Bu məsələlərdə maraqlı olan bir sıra dövlət qurumları var. Onlardan Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) və yaxud elektron hökumətlə bağlı qurum sizin "billing” sisteminizi audit edibmi? Mən bildiyimə görə, bunu etməyiblər. Qanunvericiliyə görə, audit aparılmalıdır. Hesab edirəm ki, beynəlxalq audit təşkilatları "Azərişığ”ın hesablama sistemini audit etməlidir. Məncə, burada onların da nümayəndəsi olmalıdır”.

 
 

Digər xəbərlər
SON XƏBƏRLƏR