Rus rublu ilə türk lirəsinin ucuzlaşması Azərbaycana təsir edə bilərmi? – İqtisadçı alimdən proqnoz

img

10-08-2018 [14:31]


"Son günlər türk lirəsi və rublun ABŞ dollarına nisbətdə dəyər itirməsi sürətlənib. Belə ki, bu günə olan məlumata görə artıq 6 lirə və ya 67 rubl 1 dollara dəyişdirilir. Nəzərə almaq lazımdır ki, bu son hədd deyil və bu proseslər Azərbaycanın idxalda 2 əsas ticarət tərəfdaşının iqtisadiyyatında baş verir. Odur ki, manata və bütövlükdə qeyri-neft sektoruna təzyiqlər daha da çoxalır”.

Mia.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Ekspert bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfelində rus rublu 1,1 faiz, türk lirəsi isə 1 faiz təşkil edir:

"Fondun vəsaitlərinin 47,1 faizi dollarla, 35,7 faizi avro ilə, 5,1 faizi isə ingilis funtu ilə saxlanılır. Bu valyutalar arasında avro və funt sterlinqin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda itkiləri dolların möhkəmlənməsindən qazanclar kompensasiya edir. Lakin son zamanlar türk lirəsinin sürətlə dəyər itirməsi, rublun isə "Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” ("Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin mətni açıqlanandan sonra ABŞ dollarına nisbətdə məzənnəsinin ucuzlaşması Fondun valyuta səbətinin gəlirliliyini azaldır.

Digər tərəfdən ABŞ prezidentinin Konqresə təqdim etdiyi sanksiyaya məruz qalacaq şirkətlər arasında Azərbaycanın da sərmayəçisi olduğu VTB bankın da olması diqqətdən kənarda qala bilməzdi. Məsələ burasındadır ki, ARDNF-nin bu bankda 500 milyon dollarlıq sərmayəsi var. Bundan əlavə ARDNF Moskva şəhərinin biznes mərkəzi "Tverskaya 16”ünvanında yerləşən və satış dəyəri 133 milyon ABŞ dolları təşkil edən "Qalereya Aktyor” ofis-ticarət mərkəzinə də sahibdir və onu idarə edir. Rusiyanın maliyyə bazarlarında başlayan ucuzlaşma bu sərmayəni də dəyərdən salmaqla yanaşı, ondan əldə edilən gəlirləri dollar ifadəsində azaldır”.

Q.İbadoğlu qeyd edib ki, Rusiyadan və Türkiyədən sərmayələr geri çəkilməlidir:

"Onu da xatırladım ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) əsas sərmayələri Türkiyə iqtisadiyyatındadır. Hazırda lirənin gündə bir neçə dəfə dəyər itirməsi, Türkiyə maliyyə bazarlarında gedən proseslər ARDNŞ-nin sərmayələrini də risk altına qoyub. Bununla yanaşı hər iki ölkənin iqtisadiyyatında və banklarında olan Azərbaycan mənşəli şəxsi sərmayələr də təhlükə qarşısındadır.

Rusiyadan və Türkiyədən sərmayələr geri çəkilməlidir. Əks təqdirdə bizim itkilərimi daha çox olacaq və manatı da qoruya bilməyəcəyik”.



Digər xəbərlər
SON XƏBƏRLƏR