“Financial Times” Xəzər sammiti haqda yazdı: "...Moskva indi bu niyyətindən əl çəkib"

img

09-08-2018 [20:04]


"Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın Aktau şəhərində keçiriləcək beşinci zirvə toplantısı ilə bağlı "Xəzəryanı dövlətlər bu dənizlə bağlı problemlərə son qoymağa hazırdırlar” sərlövhəli məqalə dərc edib. 

Mia.az Azərtac-a istinadən məqalənin xülasəsini təqdim edir:

Məqalədə deyilir ki, Xəzərin ətrafında yerləşən beş dövlət 26 ildir bu dənizlə bağlı problemin həllində vahid mövqeyə gələ bilmirlər. Ancaq yaxın günlərdə problemin həlli ilə bağlı irəliləyişin əldə olunacağına imkan yaranıb.

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin karbohidrogen yataqları ilə zəngin olduğu vurğulanan məqalədə deyilir ki, bir vaxtlar bu dəniz Sovet İttifaqı ilə İran arasında bölünmüşdü. Ancaq 1992-ci ildə SSRİ-nin dağılması Xəzər dənizi sahillərində - Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan olmaqla dörd varisi üzə çıxardı və dənizin statusunu uzun sürən diplomatik mübahisələrin qurbanına çevirdi.

Artıq qeyri-müəyyənlik arxada qalıb. Belə ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş dövlətin prezidentlərinin dənizin hüquqi statusunu tənzimləyən Konvensiyanı imzalayacaqları gözlənilir.

Məqalədə qeyd olunur ki, görünür, vaxtilə Türkmənistanın dənizin dibi ilə Azərbaycanadək 300 kilometr uzunluğunda qaz kəməri inşa etmək təşəbbüsünün qarşısını alan Moskva indi bu niyyətindən əl çəkib.

"Financial Times” yazır ki, Aktau sammitində qəbul olunacaq Konvensiyada dəniz sərhədlərinin delimitasiyası, dəniz dibinin bölünməsi, hərbi əməkdaşlıq və iqtisadi fəaliyyət - daşıma, ətraf mühitin mühafizəsi və dəniz elmi araşdırmaları kimi məsələlərin yer alması nəzərdə tutulur. Bu Konvensiya Azərbaycan da daxil olmaqla, digər Xəzəryanı ölkələrin karbohidrogen layihələri üçün maneələri aradan qaldıracaq.

Yazıda Azərbaycanın reallaşdırdığı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP qaz boru kəmərinin səhmdarlarından biri olan İtaliyanın SNAM şirkətinin baş icraçı direktoru Marko Alveranın Aktau Konvensiyasını Xəzər dənizi üçün "çox maraqlı bir hadisə” adlandırdığı diqqətə çatdırılır. M.Alvera vurğulayıb ki, bu, Avropa və Azərbaycan üçün əla bir variantdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR