Tibb Universiteti və klinikasında sensasion faktlar: Palata korrupsiya aşkarladı, bəs xəstələr nələrlə üzləşir?

img

06-08-2018 [17:27]


 Xəbər verildiyi kimi, Hesablama Palatası Azərbaycan Tibb Universitetinin fəaliyyətində nöqsanlar aşkarlayıb.

Mia.az "Reytinq” qəzetinə istinadən bildirir ki, Gəray Gəraybəylinin rektoru olduğu Azərbaycan Tibb Universitetində 2016-2017-ci illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı ortaya ciddi faktlar çıxıb. 

Məlum olub ki, "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 2015-ci və 2016-cı ilin sonuna istifadə edilməyən vəsaitin, eləcə də müxtəlif səbəblərdən Universitetin tələbələri sırasından xaric edilmiş dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ödənilmiş təhsil haqqının dövlət büdcəsinə qaytarılması, müxtəlif illərdə Universiteti və hazırlıq fakultəsini bitirərək təhsil haqqında sənədini almış əcnəbi dinləyici, aspirant və klinik ordinatorlardan təhsil haqqının, akademik borca görə təkrar dinlənmə təşkil edilmiş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin 2016/2017-ci tədris ilinin payız və yaz semestrlərinin nəticələri üzrə müvafiq olaraq 4,1%-nin və 4,3%-nin akademik borcu yaranıb, akademik məzuniyyətə getmiş tələbələrə düzgün olmayaraq təhsil haqqı hesablanıb.

Palata rektoru, rektor isə korrupsiyaya yol verən işçilərini cəzalandıra biləcəkmi? 


Universitet rektoru müqavimətlə üzləşib

Rektorun və onun komandasının qanunsuzluqları bununla da yekunlaşmayıb.

Hesablama Palatası audit zamanı digər nöqsanları da aşkarlayıb. Belə ki, son ayların ən səs-küylü hadisələrindən sayılan "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın tələblərinə uyğun olmayaraq, rezidenturada təhsil alanlara əmək haqqı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında”, "Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə uyğun olmayaraq hərbi tibb fakultəsinin hərbçi müəllimlərinə əmək haqqına əlavələr, təqaüd dövlət büdcəsinin vəsaiti hesabına deyil, Universitetin təsərrüfat hesablı gəlirləri hesabına ödənilib.

Universitetin funksional fəaliyyəti üçün zəruri olmayan ştatlar saxlanıb, bir sıra hallarda professor-müəllim heyəti üçün normadan aşağı dərs yükü və auditoriya saatları müəyyən edilib, orta aylıq əmək haqqının düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq məzuniyyət haqqı ödənilib.

Hesablama Palatasının kollegiyası Azərbaycan Tibb Universiteti tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının Səhiyyə Nazirliyinə və Azərbaycan Tibb Universitetinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.

"Reytinq”in əldə etdiyi məlumata görə, palatanın yaydığı bu rəsmi məlumatların hər bir detalının altında daha böyük maliyyə fırıldaqları var. Sadəcə, Palata bu barədə cəmiyyətə tam detallı məlumat verməyib: "Sizi əmin edirəm ki, ATU və onun klinikalarında rəsmiyyətdən yayındırılan vəsaitlər, həmçinin qanunsuzluqlar bundan ən azı 50 dəfə çoxdur. Görün nə vəziyyət yaranıb ki, palata rektordan tələb edir ki, qanunsuzluğa yol verənlər məsuliyyətə cəlb olunsun. Əgər onlar məsuliyyətə cəlb olunarsa, o zaman rektor da bundan öz nəsibini məntiqlə almalıdır”.

"Kompüterdən çap olunan çeklər rəsmi mühasibatlıq sənədlərində öz əksini tapır?”
  
Müsahibimiz deyir ki, ATU-nun klinikalarında yoxlama aparılarsa, burada daha böyük maliyyə fırıldaqları üzə çıxacaq: "Əminliklə deyə bilərəm ki, bu universitetin kilinikalarda çox böyük oyunlar gedir. Elə oyunlar ki, bundan nazirliyin, hətta iqtidarın digər qanadlarının belə xəbəri yoxdur. Məsələn, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası nəinki xəstələrin, hətta ölkənin səhiyyə sisteminin qanına susayıb. Bu klinikada əsas diqqət xəstənin sağalmasına deyil, ondan necə və daha çox pul qoparılmasına hesablanıb. Dəhşət də budur ki, həmin pulların dəqiq rəsmi sənədlərdə əks olunub-olunmamasını yalnız klinikanın direktoru ilə rektor bilir. 

Söz yox ki, indi onlar çıxıb deyə bilərlər ki, bəs bütün xəstələr xərclərini kassaya ödəyir. O zaman soruşmaq lazımdır: siz həmin xəstə sahiblərinə rəsmi qəbzi necə verirsiz? Sizin verdiyiniz çek rəsmi kassa mədaxil orderidirmi? Axı sadə insan necə müəyyən edə bilər ki, həmin klinikanın kassasındakı kompüterdən çap olunan çeklər rəsmi mühasibatlıq sənədlərində öz əksini tapır?”.

Bir paket qan 100 manata satılır!

Image result for qankocurme

Məlumatlı şəxs deyir ki, bu klinikada xəstələri hər cür "yükləyir”lər:

 "Burada dövlətin pulsuz elan etdiyi bir paket qanı 100 manata satırlar. Çox maraqlıdır ki, ölkənin Mərkəzi Qan Bankı fəaliyyət göstərsə də, həkimlər və klinika rəhbərliyi qəsdən həmin qan bankına göndəriş vermirlər. Bununla da xəstəyə çox rahat şəkildə bir paket qanı 100 manatdan satır və ya borc kimi sənədləşdirirlər. Lakin görəndə ki, xəstə sahibi şişən borcları ödəyə bilməyəcək və ya narazılıq böyüyür, o zaman özlərinin maddi maraqlarına sərf edən digər variantı işə salırlar. Belə ki, bir paket qanın əvəzinə iki adam gətirdib, iki paket qan aldırırlar. Yəni bununla da 100 manatın əvəzinə iki yüz manatlıq gəlir bazası formalaşdırırlar. Ara yerdə klinika rəhbərliyi qazanır, xəstə sahibləri isə hərtərəfli yüklənirlər. 

Bununla da gözləri doymayan  Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi və həkimləri hətta bəzi məqamlarda xəstəyə vurulan qanı borc sənədində bir-iki paket artırmaqdan da utanmırlar. Çünki çox adam xəstəsinin hayında qaldığından vurulan qanın 5 və ya 7 olmasının fərqində olmurlar. Yəni belə psixoloji vəziyyətdən  rahat yararlananlar qaniçənlər var.

Mən orada xəstə görmüşəm ki, ona təkcə 2 min manatdan yuxarı qan yazılıb. Hansı ki, əvvəllər həkim deyib ki, xəstəyə on paketdən çox qan vurula bilməz, yoxsa komaya düşər. Bəs elə isə bu qədər qan necə vurulub? Unutmayaq ki, təkcə 2 min manatlıq qan 20 paket edir. İndi bu təzadı necə yozmaq olar?”.

ATU-nun klinikasında həkimlər necə qiymət oynadır?


Müsahibimiz deyir ki, klinikada həkimlərin "qiymət oynatmaları" isə daha dəhşətlidir: "Həkimdən  əməliyyatdan əvvəl qiyməti soruşduqda,  Tədris Cərrahiyyə Klinikasının qəbul şöbəsinin müdiri Aygün xanımı nişan göstərir. Deyirlər burada hər şeyi o, həll edir. Aygünə və ya onun özü kimi ədabaz köməkçisinə deyəndə isə az qala adamı güllələməyə hazır vəziyyətə gəlirlər. Bunlar da gah rektorun, gah da həkimin üstünə atır. Klinikanın direktoru Surxay Hadıyevin adını çəkən belə yoxdur. Elə bil ki, bu klinikanın direktoru Aygündür. İnanmırsınızsa, gedin o klinikaya. Hansı həkimdən soruşsanız, Aygünün əzəmətindən danışacaq. Direktorun qəbuluna düşmək isə mümkün deyil, heç onu orada tapmaq belə müşkil məsələdir. Baş həkimin varlığı isə Aygünlə həkimlərin iki dodağının arasında ola, ya olmayadır. Yəni belə bir ştat olsa da, Baş həkimin varlığı orada hiss olunmur.   Dediyim kmi "əsas məsələlər" Aygünlə həkimlər arasında "cərəyan" edir.

Nə isə, "əməliyyat paketi" ilə bağlı Aygün və ya şöbəsindəki özündənrazı köməkçisi ilə dirəşəndə, deyirlər ki, get həkimin özü ilə danış. Cavab verirəsən ki, axı həkim də sizə (Aygünü) yönəldir, bax, o zaman gizlinlər üzə çıxır. Deyirlər ki, əməliyyatxanada rektorun "casus"ları var, ona görə biz əməliyyatı "menyü"ya uyğun apara bilmirik. Daha dəqiqi, ən bahalı əməliyyat paketini tətbqi etməklə yanaşı, həm də üstəlik, özlərinə "ayaq yeri" qazancı da qoyurlar. Yəni bu variantla qiyməti sonradan şişirtmək və bunun da sükutla qarşılanması üçün "proflaktik söhbət" aparırlar. Bir sözlə, əməliyyatdan əvvəl xəstəyə heç bir halda konkret qiymət demirlər. Sadəcə eşitdirirlər ki, məsələn, maksimum 4000 manat çıxacaq, ancaq mümkündür ki, əməliyyatdan sonra bu məbləğə cüzi əlavələr olsun. Ancaq əməliyyatdan sonra baxırsan ki, "əlavə xərc" cüzi deyil. Hətta eşitdiriləndən azı iki dəfə çoxdur, haradasa 2-3 min də əlavə borc yazıblar. 

Bəs, bu qədər borc hardan çıxdı sualını isə verməyə dəyməz. 1 günlük reanimasiya xərci 150 manatdan hesablanmaqla, o qədər sübut edə bilmən mümkünsüz olan "əsas" gətirirlər ki?! Məsələn, deyirlər ki, əməliyyat zamanı qəfil filan damar qaçdı, məcbur damar uzmanı çağırdıq. Onun da qiyməti filan qədərdir. Öyrənirsən ki, həmin uzman da əslində bunlarla əlbir olan, ancaq müxtəlif özəl klinikaları dolaşan biridir. Onu elə şişirdirlər ki, guya ölkədə ondan savadlı mütəxəssis yoxdur...

 Yəni burada heç bir xəstənin sağlamlığından çox, yalnız pul öndədir. Vay odur ki, pulun olmaya. O halda şişən borclar necə ödəniləcək? Və yaxud ödənilə bilmədiyi halda, nə baş verəcək? Bax, əsl araşdırılası, dəqiqləşdirilməli suallar bunlardır...

Bir sözlə, bu qədər qeyri-leqal olayların fonunda Palatanın rəsmi açıqlamasından da aydın olur ki, ATU-da digər sahələrdə də rüsvayçı vəziyyət hökm sürür”.

Klinikanın hakimi kimdir?

Müsahibimiz Mia.az-a deyib ki, qanunla xəstə klinikaya daxil olan zaman xəstənin qəbulu və qeydiyyatı aşağıdakı qaydada aparılmalıdır. Ancaq buna Tədris Cərrahiyyə Klinikasında məhəl qoyan yoxdur. Qeyd etdiyimiz kimi, hər şey həkimlə Aygünün arasındakı münasibətlərə uyğun aparılır.

Rəsmi qayda isə belədir:

1. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına (ATU TCK) müraciət edən xəstə həkim müayinəsindən keçdikdən sonra, həkim tərəfindən xəstənin əməliyyat olunmasına, stasionar və yaxud reanimasiya şəraitində yatırdılmasına qərar verilir.

2. Xəstə, həkim tərəfindən "Qəbul  Şöbəsinə  Göndəriş” kağızı ilə Qəbul şöbəsinə (Xəstə Xidmətlərinin Yatan Xəstə hissəsinə) göndərilir.

3. Qəbul şöbəsinə (Yatan Xəstə hissəsinə) müraciət edən xəstə, Xəstə Məsləhətçisi tərəfindən xəstə qəbulu və xəstə yatış qaydaları ilə tanış edilir.

4. Xəstə tam məlumatlandırıldıqdan və əməliyyata və yaxud yatışa razılıq verdikdən sonra, xəstənin yatışı ilə əlaqədar işlər başladılır.

5. Xəstəyə, "Enerjim Yazılım" xəstəxana proqramında Xəstə Müayinə Kartı və Yatan Xəstə Kartı açılaraq yatış müddəti ərzində göstərilimiş bütün tibbi xidmətlər və istifadə edilmiş dərman və tibbi sərflər xəstə müayinə kartına daxil edilir.

6. Xəstəyə, əməliyyatdan və yatırdılmamışdan əvvəl "Xəstə Yatış Forması” və "Tibbi Xidmətlərin Göstərilməsinə Dair Müqavilə” imzaladıllır.

7. Müqavilə və forma imzaladıldıqdan sonra "Xəstəlik Tarixi” və ya " Ambulator kart” açılır  və xəstə tibbi xidmətlərin göstərilməsi üçün uyğun bölməyə göndərilir.

Amma istənilən an ora gedin, görün bu hallar varmı? Xəstəyə və ya onun sahibinə həmin müqavilələr imzaladılırmı və yaxud ona əməliyyat və sair xərclər haqda əvvəldən məlumat verilirmi? 

Bir sözlə, anlamaq olmur ki, burada əsas söz sahibi kimdir: Surxay Hadıyev, Aygün, həkim, yoxsa rektor Gəray Gəraybəyli?

Hamı burada özünü toxunulmaz rəhbər, sözü geriçevirilməz sayır. Ara yerdə isə xəstə və sahibləri soğan kimi soyulurlar. 

"Əməliyyat paketi" bəzən niyə arxa plana keçir?

Image result for xeste-emeliyyat

Müsahibimiz deyir ki, ATU-nun klinikalarında həkim persionalı xəstələrə xidmətdən əlavə faiz alırlar, yəni onların maaşı bu səbəbdən normaldır, Ancaq digər personalın maaşı isə hətta devalvasiyadan sonra 10 manat da olsun, qaldırılmayıb: "Sizə onu da deyə bilərəm ki, ATU-nun klinikalarında, əsasən də Cərrahiyyədə bəzi həkimlər əməliyyat edilməli olan xəstəni "müalicə" adı ilə palataya yatızdırır. Və bununla da da həm xəstəyə həyasız şəkildə əlavə pul yüklənir, həm də klinika personalı ilə birlikdə əlavə pul qazanırlar. Çünki əməliyyat ediləsi xəstə, əslində, "5 günlük əməliyyat" paketi ilə qeydiyyata alınmalıdır. Bu müddətdə də xəstəyə əvvəldən qiymət qanunla deyilməlidir ki, bu 5 gün ərzində əməliyyat daxil, bütün xərc bura daxildir. Lakin dediyim kimi, bəzi həkimlər burada da acgözlüklərindən qala bilmirlər. Onlar xəstəni "müalicə” adı ilə Aygünün şöbəsində sənədləşdirib, vaxtı uzatmaqla əlavə pul qazanırlar. Sonra isə təbii ki, əməliyyat xərcini ayrıca oxuyurlar...”.

Məlumatlı şəxs ATU-nun bu klinikasında mövcud iqtidara qarşı ciddi bir müxalifətin formalaşdığını da deyir: "Siz həmin klinikada ciddi bir araşdırma aparsanız, mənim nə dediyimi anlayacaqsız. Hətta həmin klinikaların həkimlərinin sosial şəbəkədə bu iqtidara necə meydan  oxuduqlarını görsəniz, heyrətə gələrsiniz…”.

Sonda müsahibimiz bir çox məsələlərlə bağlı əlavə məlumatlardan da söz açıb. Həmin faktlarla bağlı Mia.az müəyyən araşdırmalar da aparır. İlkin araşdırmamıza görə, həqiqətən bu klinikada çox böyük "oyunlar"ın getdiyi üzə çıxır...

 Bu və ya digər məqamlarla bağlı araşdırmalarımız davam etdiyi üçün hələlik təfərrüatlara toxunmuruq. Yaxın günlərlərdə həmin araşdırmanı da təqdim edəcəyik.

Qarşı tərəfin rəsmi münasibətini dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR