Monopoliyanın arxasındakı güclər... - Hökumət niyə inhisarçılıq qarşısında aciz qalıb? + Ekspert detalları açıqladı

img

22-07-2018 [19:58]


Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi sahəsində bir sıra ölkələrin qanunvericiliyi araşdırılıb və nəticədə "Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi hazırlanıb.

Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilir ki, ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

"Səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb. Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə "Dövlət xidmətlərinin təşkilində DATA analizi”, "Açıq hökumət məlumatlarından istifadə edilməsi” və "Elektron hökumət həlləri” kimi araşdırmalar aparılıb. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilib, eyni zamanda, Dünya Bankının "Dövlət orqanlarının fəaliyyətinin ölçülməsində "Yaxşı idarəçilik” prinsipləri: şəffaflıq, səmərəlilik, cavabdehlik və effektivlik” prinsipləri təhlil edilib. Dövlət xidmətlərinin təşkilində "Açıq hökumət məlumatları”ndan istifadə, qabaqcıl texnologiyaların və elektron həllərin tətbiqi ilə bağlı araşdırmalar aparılıb, səfərlər təşkil edilib. Azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib. 31 oktyabr 2017-ci il tarixində Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu” imzalanıb. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb", - deyə məlumatda vurğulanıb.

Maraqlıdır, görəsən, yeni yaradılan Rəqabət Agentliyi ölkə iqtisadiyyatına nə verəcək? Ölkədə rəqabət mühiti yaradıb, inhisarçılığı aradan qaldıra biləcəkmi?

Təkamül Patiyasının sədri, iqtisadçı-alim Teyyub Əliyev "Reytinq”ə deyib ki, son illər Azərbaycan iqtisadiyyatının inkişafının sürətləndirilməsi, bu sahədəki problemlərin aradan qaldırılması məqsədi ilə Milli Məclisdə mütəmadi olaraq müzakirələr aparılıb. Bu müddət ərzində müxtəlif təkliflər irəli sürülüb, bir neçə Strateji Yol xəritələri, Prezident fərmanları qəbul edilib, bir sıra yeni dövlət qurumları yaradılıb. Ancaq bu müzakirələrin, qəbul edilmiş Strateji Yol xəritələrinin, yaradılmış yeni qurumların ölkənin iqtisadi inkişafına əsaslı şəkildə təsiri hələlik hiss olunmur:

"Bəzi dövlət qurumlarının, xüsusilə də Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti isə bir çox istiqamətlərdə əks nəticələr verib. Səbəblərdən biri kimi eyni istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının mövcud olmasına baxmayaraq, yenilərinin yaradılması, buna görə də onların açıq və ya gizli şəkildə bir-birinin fəaliyyətinə maneələr törətməsini göstərmək olar.

Məlumdur ki, uzun müddət Rəqabət Məcəlləsinin qəbul edilməsinin zəruriliyi müzakirə olunub. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə rəqabət mühitinin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq təsbit edilib və Rəqabət Məcəlləsinin qəbulu qarşıya məqsəd kimi qoyulub. Bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Rəqabət Məcəlləsi layihəsi hazırlanıb və müzakirəyə çıxarılıb.

KİV-də yayılan məlumatlara görə, əlverişli biznes mühitinin yaradılmasının təmin edilməsi üçün Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması nəzərdə tutulur”.

T. Əliyev hesab edir ki, Rəqabət Məcəlləsinin tezliklə qəbulu məqsədəuyğundur. Ancaq bir sıra hallarda Azərbaycan qanunlarına riayət edilmədiyini əsas götürsək, yeni Məcəllənin də müddəalarının lazımınca həyata keçiriləcəyinə inanmaq olmur. Məsələn, 4 mart 1993‐cü ildə "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (№ 526) qəbul edilib və qüvvədədir. Qanunun bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aid "Təsərrüfat subyektlərinin inhisarçılığı" adlanan 8-ci madəsinnin 3-cü bəndində "... digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması" rəqabətin məhdudlaşdırılması və inhisarçılıq hesab edilir. Həmin qanunun "Maliyyə‐kredit inhisarçılığı" adlanan 9-cu maddəsinin 2-ci bəndində "... kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər bağlanması" da (bu gizli şəkildə həyata keçirilsə də, hər kəsə gün kimi aydındır) maliyyə‐kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyəti hesab edilir və s.

Ekspert daha sonra qanunvericiliyə əməl olunmaması ilə bağlı problemə də toxunub. Onun fikrincə, qanunlar olsa da, ona əməl edən yoxdur:

"Qanunun 14 və 15-ci maddələri inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və inhisarçılıq fəaliyyətinin aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanlarına lazımı səlahiyyətlər verir. İndiyədək qeyd edilən qanunun hansı maddələrinə əməl edilib ki? Bunun nəticəsi deyilmi ki, ölkə iqtisadiyyatının bütün sahələrində inhisarçılıq mövcuddur, azad rəqabətə yer yoxdur?!

İqtisadiyyat Nazirliyi nəzdində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nə ilə məşğuldur? İnhisarçılıqla, haqsız rəqabətlə mübarizə aparmalı olan bu qurum mövcud ola-ola yeni Rəqbət Agentliyinin yaradılması nəyi dəyişəcək?”

İqtisadçı-alim hesab edir ki, Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməli, onun maddələrində nəzərdə tutulacaq istiqamətlərə nəzarətin həyata keçirilməsi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (hüquqları genişləndirilərək) həvalə edilməlidir. "Ancaq bununla da Azərbaycanda azad rəqabət mühitinin formalaşacağına ümid etmirəm. Nə qədər ki, Azərbaycanda qanunlara zidd olaraq məmur sahibkarlığı mövcuddur, inhisarçılığı aradan qaldırmaq, iqtisadiyyatda azad rəqabət mühitini formalaşdırmaq çətin olacaq”,- deyə T.Əliyev sözlərini tamamlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR