Şriftin ölçüsü / 606 dəfə oxunub

Urvatsız elmin, urvatlı "alim"ləri

22 Iyul 2018 [09:24]
"Yol əhvalatı” filminə çox baxmışıq. Sadə ssenarisi var, amma filmdə yadda qalan səhnələr çoxdur. Bir səhnə yaddaşımda hər zaman fırlanır.

Hələ uşaq vaxtı bu filmə baxanda "JEK” müdiri Qurban kişinin qızını istəyən Mustafaya dedikləri beynimə həkk olunmuşdu. "Bilirsən, oğlum. Mən qızımı kim olsa, ərə verərəm. Slesar, çerçeni müəllimi, şofer, daje kandidat nauk. Lijbi qızım xoşbəxt olsun”, – deyən Qurban kişinin bu peşələrin adını çəkdikcə üz-gözünü turşutmasından sonra özümə söz verdim ki, bu peşələrdən heç biri mənlik deyil. O vaxt nə olduğunu bilməsəm də, ümumiyyətlə, "kandidat nauk” olmayacağımı qətiləşdirmişdim. Elə bilirdim ki, ən axırıncı işdir. İllər keçəndən sonra bildim ki, "kandidat nauk” elmlər namizədidir. Yaxından tanıdığım gənc alimlərin də hansı sıxıntılar, kasıblıq içərsində yaşadıqlarını görəndən sonra uşaq vaxtı bilmədən də olsa, yanlış qərar vermədiyimi anladım.

Çox təəssüf ki, bu gün Azərbaycanda elmə, elm adamına lazımi qiymət verilmir. Düzdür, hörmətli alimlərimiz var. Amma inanın ki, o hörmət onların alimlik dərəcələrinə deyil, tutduqları vəzifəyə, mövqeyə görədir.

Xalq artisti Nazpəri Dostəliyevanın fəlsəfə doktoru elmi adını alması ilə bağlı xəbər yayıldı. Onun "Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

Belə götürəndə burada təəccüblü bir şey yoxdur. Nazpəri xanım ortabab müğəni ola bilər, bəziləri üçün lap böyük sənətkar kimi də qəbul olunar. Amma bu xəbərlə bağlı müzakirələrdən aydın oldu ki, cəmiyyət onun alim adını almasını qəbul eləmir və alimlik dərəcəsini "başqa yolla” əldə etdiyini düşünürlər. Ancaq bir gün sonra Ali Attestasiya Komissiyası tərəfindən Nazpəri xanımın alimlik dərəcəsi alması ilə bağlı xəbər rəsmən təkzib olundu. Buna nə ad vermək olar?...

Kim nə düşünür, özü bilər. Amma mən sizin diqqətinizi məmur alimlərimizə yönəltmək istəyirəm. Azərbaycanda məmurlar, deputatlar, hətta biznemenlər arasında da alimlik dərəcəsi almaq dəbdədir. Təbii ki, onların sırasında bu ada layiq olanlar az deyil. Amma çoxlarının "dəbə” uyğunlaşmaq xəstəliyindən "alim” olduğu danılmazdı.

Gəlin, diqqət edək. Baş nazirinin birinci müavini vəzifəsində çalışan Yaqub Eyyubov texnika elmləri doktoru, professordur.

Bir neçə il əvvəl Xarici işlər naziri Elmar Məmmədyarov tarix elmləri namizədi idi. Bəlkə də indi elmlər doktorudur.

Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova siyasi elmlər doktoru alimlik adına yiyələnib. Özü də o, Azərbaycanda siyasi elmlər doktoru adını almış ilk qadındır.

Baş nazirin müavini Hacıbala Abutalıbov fizika-riyaziyyat elmləri doktoru, professordur və vəzifəyə elm sahəsindən gəlib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fizika-riyaziyyat elmləri doktoru, professordur.

Mərkəzi Bankın sədri Elman Rüstəmov iqtisad elmləri doktoru dərəcəsinə layiq görülüb.

Səhiyyə naziri Oqtay Şirəliyev isə namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edib.

Siyahını uzatmaq da olar. Amma sizi yormaq istəmirəm. Başda Nazpəri xanım olmaqla, adlarını çəkdiyim məmur və deputatların alimlik dərəcəsi alması pis ənənə deyil.

Dünyanın ən gözəl məşğuliyyəti elmdir. Ondan heç kimə zərər gəlməz. Həqiqi alimi çox olan cəmiyyətlər hər zaman irəlidə olublar. Amma ölkəmizdə təhsilin, elmin bu qədər urvatsız olması, həqiqi və vəzifəsi, mövqeyi, "yuxarıda” qohum-əqrəbası olmayan alimlərin sıxıntı içərisində yaşaması yumşaq desək, ədalətsizlikdir. Necə olur ki, dissertasiya işini nəinki yazmaq, girişindən 3-5 cümlə danışa bilməyənlər alim adı alır, vəzifədən vəzifəyə yüksəlir, amma illərini elmə həsr edən həqiqi alimlər əzab-əziyyət içərisindədir?

Belə müayisələr çoxdur. Sadalayıb həqiqi alimlərimizin qəlbinə dəymək istəmirəm.

Amma bir məsələni dəqiq bilirəm: Azərbaycan elmini urvatsız etsələr də, "alim” adını urvata mindiriblər.




Digər Xəbərlər

SON XƏBƏRLƏR