Sahil Babayev 5 rayonun sakinlərini dinlədi - Yerindəcə tapşırıqlar verdi

img

20-07-2018 [20:44]


Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran rayonunda həmin rayonun və Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinlərini fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, əvvəlcə nazir S.Babayev və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Qəbul zamanı qeyd olunan rayonların sakinlərinin əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə (pensiya və müavinət, təqaüd, sosial yardım və s.) hüququn müəyyən edilməsi, imtiyazlı şəxslərin mənzillə təmin olunması, sosial sığorta, məşğulluğun təmin olunması, özünüməşğulluq proqramına və reabilitasiya xidmətlərinə cəlb edilmə, əlilliyin qiymətləndirilməsi məsələlərinə dair müraciətləri cavablandırılıb. Müraciətlərin bir hissəsi sorğu xarakterli olduğundan vətəndaşlara aidiyyəti üzrə qanunvericilik əsasında izahatlar verilib. Digər müraciətlərdə əksini tapan məsələlərlə bağlı müvafiq tədbirlər görülməsi, bir sıra məsələlərin elə yerindəcə həll edilməsi üçün S.Babayev tərəfindən nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Nazir vətəndaşlarla görüşündə sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərində şəffaflığın və sosial ədalət prinsipinin tam təmin olunması, xidmətlərin keyfiyyətinin artırılması üçün aparılan islahatlar barədə məlumat verib.

Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarında əhalinin sosial müdafiəsi sahəsində görülən işləri diqqətə çatdıran S.Babayev həmçinin bu 5 rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən son illərdə 26 fərdi yaşayış evininin inşa etdirilərək Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edildiyini, 20-yə yaxın fərdi evin də tikilməkdə olduğunu deyib. O, həmin rayonlar üzrə bu ilin birinci yarımilində məşğulluq orqanlarının xətti ilə 3 minə yaxın şəxsin məşğulluğunun təmin edildiyini bildirib.

Nazir ötən il 40 nəfərin özünüməşğulluq proqramına cəlb edildiyi Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonları üzrə bu il 460 nəfərin həmin proqramda iştirakının planlaşdırıldığını, onlardan artıq böyük əksəriyyətinin kiçik biznesin təşkili ilə bağlı təlimlərə cəlb olunduğunu qeyd edib. Reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması işlərinin davam etdirildiyini bildirən S.Babayev ƏƏSMN-nin Lənkəran rayonundakı Əlilliyi olan Şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işlərinin aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, məşğulluq imkanlarının artırılmasına göstərilən diqqət və qayğıya, həmçinin bölgələrdə vətəndaşlarla belə görüşlərin keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR