Novxanıdakı “Katamaran” çimərliyində qazi ağır yaralandı - Sahibkar FHN-nin qadağasına məhəl qoymur? + FOTOLAR

img

17-07-2018 [11:26]


İsti yay günlərində paytaxt əhalisinin üz tutmaq istədiyi yerlərdən biri də dənizdir.  Amma bəzi işbazların əlindən, Tanrı tərəfindən  xalqa sərvət olaraq pay edilən dənizdən əhalimiz istədiyi kimi istifadə edə bilmir. Dəniz demək olar ki, başdan-ayağa kimi işbazların "işğalındadır”. Onların yalnız bir amalı var, necə edim ki, yay "sezonundan” istifadə edib özümə külli miqdarda pul qazanım. Əhaliyə xidmət, çimərlikdən istifadə edənlərin təhlükəsizliyi onları qətiyyən maraqlandırmır. Həmin məkan sahiblərini danışdıranda da deyillər ki, dənizdə kim istəyir pulsuz çimə bilər, biz ona mane olmuruq. Dəniz kənarında bütün tərəfi zəbt edən bu işbazların əlindən  qumun üstündə oturmağa belə yer tapmayan əhali məcbur qalıb, onlardan bir qabaq stolu və oturacaq stolunu 15 manat ödəyərək  götürür.

Əməkdaşlarımız həftə sonu (bazar günü) belə məkanlardan birində gördüklərini qələmə alıblar. Həmin məlumatlarla tanış olduqda məlum olur ki, Novxanıda yerləşən  "Novxani Katamaran Beach” adlı çimərlikdə yaşananlar əsl  dəhşətdir. Heç bir əsaslandırma olmadan adi günlərdə 10 manata verilən stolu, bazar günü olduğu səbəbindən 15 manata satırlar. Həmin pulun müqabilində hansı xidmətin göstəriləcəyini soruşduqda isə müştərilərə kobud cavab verilir. Buna etiraz edənlər müdriyyətin saxladığı qoluzorlu "oxranalar” tərəfindən məkandan kənarlaşdırılır.

Azinforum.az-ın əməkdaşları həmin məkanda olduqları  müddətdə çox maraqlı halın da şahidi olublar. 15 iyun günorta saatlarında bir nəfər qanın içində dənizdən kənara çıxarılıb. Məlum olub ki, həmin şəxs əslən Naxçıvan MR-in Ordubad rayonundan olan "Miriş” kimi tanınan Qarabağ qazisidir.  Ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən çimməyin qadağan edildiyinə dair xüsusi qadağan löhfəsinin vurulduğuna baxmayaraq,  "Katamaran Beach”in sahibləri bu qadağaya əməl etmir.  Elə bu səbəbdən də,  insan həyatı üçün təhlükəli olan  belə ağır xəsarətlərin "Katamaran”da  tez-tez olduğu bildirilir. "Miriş” də bunu bilməyib dənizə kəllə vuranda  başından və burnundan çox ağır xəsarət alıb və nəticədə  onu qan aparıb.

Həmin məkanın  icraçı şefi kimi özünü qələmə verən Şahin adlı bir nəfər "Mirişin” vəziyyətinin ağır olmasına baxmayaraq, təcili yardım çağırmağa imkan verməyib ki, birdən "obyektin” adı qeydiyyata düşər və onların ünvanına "ÇP” yazılar. Xeyli qan itirəndən sonra "Miriş”in ürəyi gedir və o hüşsuz vəziyyətdə yerə yıxılır.  Obyektin rəhbəri olan Şahinin həkimlik  səyləri nəticə vermədiyindən, ətrafdakılar ölümcül vəziyyətdə olan "Mirişi” xilas etmək üçün,  özləri təcili yardım çağırır və nəticədə  hadisə yerinə gələn təcili yardım maşını xərəkdə "Mirişi” götürüb xəstxanaya aparırlar.  Onun ölüb və ya qaldığı barədə məlumatımız yoxdur, ancaq  müşahidəmiz nəticəsində gördük ki, Şahin həmin hadisədən elə də əndişələnmədi. Əksinə, daha da şıdrığı alver etməyə başladı. Həmin məkanda yemək də satırlar.  Ancaq maraqlıdır ki, sonda gətirilən hesab çekində ümumi hesabın 10 faizi məbləğində  xidmət haqqı tələb edilir.  Yenə də anlaşılmaz vəziyyət yaranır. 15 manata  boş stol satıb, bunu xidmət kimi qeyd etmək hara, ümumi hesabdan 10 faiz xidmət haqqı tutmaq hara? Bütün bu iradlara Şahinin bir cavabı olur: "Bu obyektin yiyəsi naxçıvanlıdır, arxası da bərkdir, gedin hara istəyirsiniz  şikayət edin”. Soyğunçuluq bununla da bitmir. Dənizdən çıxan adam qumunu təmizləyib, paltarını dəyişmək də ona bir manata başa gəlir. Və ən nəhayət qapıdan çıxanda da sizin maşının qabağını kəsib bir manat dayanacaq haqqı tələb edirlər. Bütün bu yaşananlar faktdır və yazılanların sübutuna aid fotoları da təqdim edirik.  Araşdırmamız zamanı o da məlum oldu ki,  sözügedən obyekt həqiqətən də, əslən Naxçıvandan olan bir iş adamına məxsusdur. Keçən ilə kimi, məkanı həmin adamın özü işlədib və obyektdə  indiki mənzərə hakim olmayıb. Hazırda "Katamaran”ı əslən Qəbələ rayonundan olan icarədarlar işlədir. Barəsində danışdığımız Şahin də həmin icarədarlardan biridir.  Bir fakta da əmin olduq ki, sözügedən məkana əlaqədar dövlət qurumlarının mütləq baş çəkib, ölçü götürmələri vacibdir. Yoxsa, ora gedən hər bir adam sabahın potensial "Mirişi” ola bilər və qanı da batar…

Çinarə SEYİDOVA, 

Azinforum.az

(Fotolar müəllifə məxsusdur)


Digər xəbərlər
SON XƏBƏRLƏR