"Mən belə şantajlara boyun əyəcək adam deyiləm" - Nailə Əzizovadan iddialara sərt reaksiya

img

16-07-2018 [15:35]


"Leyla Quliyevanın anası Fəridə Rəhimlinin həm mənim, həm də işlədiyim "Vital” klinikası haqqında söylədiklərinin heç bir əsası yoxdur, bunlar böhtan olmaqla, mənim işgüzar nüfuzuma, şərəf və ləyaqətimə bilərəkdən vurulan zərbədir”.

Bu sözləri bir neçə gün əvvəl "Ölkə.az”da dərc olunmuş Fəridə Rəhimlinin şikayətinə cavab olaraq "Vital” klinikasının həkimi Nailə Əzizova deyib.

Onun sözlərinə görə, Leyla Quliyevanın hamiləlik dövrü iddia edildiyi kimi, ağır olmayıb. Sadəcə elə məsələlər var ki, mütləq həkimin məsləhətlərinə, yazdığı reseptlərə əməl etmək lazımdır:

"Nəzərinizə çatdırım ki, Leyla Quliyeva üçüncü  hamiləlik dövründə fevral ayından etibarən yaşadığı Xırdalan şəhər poliklinikasında qeydiyyatda olub. Buna baxmayaraq, "Vital” klinikasında da müayinə olub. Həm orada, həm bizim klinikada edilən müalicə və müayinələrin hamısı Səhiyyə Nazirliyinin qərarına uyğun olaraq xəstəlik tarixçəsində var. Həmin qeydiyyat sənədində də adi insanların belə qavrayacağı tərzdə qeyd edilib ki, müayinələr dövründə Leyla Quliyeva da pataloji nəticələr olmayıb.

Bəli, bizim klinikada müayinə olunanda da, ona doğuşa qədər nələr etmək olar, nələr etmək olmaz, hamısını da təkrar-təkrar özünə əvvəldən demişəm. Yenə şükür ki, anası bunu etiraf edir ki, qızı klinikaya daxil olanda ciddi problemləri olub. Həqiqətən də Leyla klinikaya ağır vəziyyətdə daxil olub. Amma nə yazıq ki, anası sonra iddia edir ki, guya qızı ilə klinikada – doğuş zamanı maraqlanmamışıq, ona biganə yanaşmışıq və sair. Hətta guya ona klinikaya daxil olanda demişəm ki, qorxulu bir şey yoxdur. Daha bura qədər yalan olarmı? Başa düşürsüz, kəskin ağrı və qan axma ilə daxil olan xəstə idi, özü də elə bir vəziyyətdə ki, bətnindəki uşaq ölümcül həddinə çatmışdı.

Əlbəttə, bir həkim kimi onun üçüncü övladını itirməsinə görə mən də dərin sarsıntı keçirirəm. Heç bir həkim istəməz ki, onun xəstəsi vəfat eləsin. Amma çox təəssüflənirəm k, Fəridə Rəhimli həqiqəti, rəsmi faktları bir kənara qoyaraq, yalnız şəxsi maraqlarına cavab verən nə qədər böhtan var, yağdırıb mənə. Lakin dürüstcə demir ki, qızı vaxtında həkimin məsləhət və tələblərinə əməl edibmi? Sizi əmin edirəm və təkrar edirəm, sənədlərə, ekspertiza rəyləri ilə sübut etməyə hazıram ki, etməyib. Qızı Leyla nə Xırdalan şəhər poliklinikasının, nə də mənim tövsiyyələrimə  əməl edib, nə də yazdığım reseptdəki bəzi dərmanları zamanında qəbul edib. Ancaq Fəridə xanım böhtan dolu şikayətində az qala məni "vampir” adlandırıb.

Mən necə vampirəm, yaxud necə səhlənkar həkiməm ki, onun qızı Leylanın ilk təbii doğuşunu da mən Xırdalan Mərkəzi Xəstəxanasının Doğum şöbəsində işləyəndə etmişəm. Həmin vaxtı onun 3.8 kq-lıq övladı sağ-salamat dünyaya gəlib. Bundan başqa, Leylanın ikinci doğuşunu da yenə mən, özü də indi ittiham etdiyi Vital klinikasında həyata keçirmişəm. İndiyədək dəqiq xatırlayıram, ikinci övladı da 4.2 kq çəkidə dünya gəlib. Yəni buna qədər Leylanın iki övladını mən doğuzdurmuşam. İndi isə bu adamlar məni təhqir edib, böhtan atır, az qala "vampir”, biganə, etinasız insan, həkim kimi qələmə verirlər. Yaxşı, beləyəmsə, o zaman niyə Leyla Quliyeva və yaxınları üçüncü dəfə də mənə müraciət edib? Sizcə indiki böhtanları ilə bu fakt uzlaşırmı? Axı necə çıxıb bu qədər  yalan danışmaq, böhtan atmaq olar?

İndi üçüncü hamiləlik dövrünə gəldikdə isə, bəli, təkrar edirəm, əgər o, müalicə müddətində məsləhət və yazılan reseptlərə əməl etsəydi, nə ana kimi özünün həyatını elə riskə atardı, nə də övladı kəskin nəfəs çaşımazlığı səbəbindən vəfat edərdi. 

Dərindən təəssüf edirəm k, o, müayinələr zamanı həkimin dediklərinin böyük hissəsinə əməl etməyib. Təsəvvür edin ki, hamiləliyin 36-37-ci həftəsində dəfələrlə uzaq səfərlərdə olub. Cift qopan gecə 3-dək qonaq qəbul edib, daha sonra stress keçirib. Bundan başqa həkim məsləhətinə zidd olaraq, qaynar vanna qəbul edib. Halbuki ona dəfələrlə deyilib ki, bunlar olmaz. Bütün bunları şəxsən Leyla və  qohumları mənə də, tibbi personala da etiraf edib axı. İndi necə olur mən səhlənkar, qatil oluram, bunlar ilahi mələk? 

Mən o vaxt Leylanın anasına və yaxınlarına dedim ki, əgər etirazınız varsa, rəsmi şikayət edə bilərsiz. Lakin klinikada bunlar nəinki şikayət etmək, əksinə mənə Leylanı həyata qaytardığm üçün təşəkkür ediblər. Bütün bunları qızının özü, yoldaşı etiraf edib, hətta Leyla yazılı formada bildirib ki, həkimə qarşı heç bir iradım yoxdur. Bunun da sənədi var axı”.

Nailə Əzizova doğum günü baş verənləri də danışıb. Deyib ki, Leyla klinikaya gəlməmişdən əvvəl ona zəng edib:

"Zəng elədi, həyəcanla dedi ki, kəskin ağrılarım, qanaxmam var. Yəni belə bir vəziyyətdə idi. Ondan dərhal klinikaya gəlməsini istədim. O gələnə qədər  yüksək səviyyədə hazırlıq da görüb, gözlədik. Çünki əmin idim ki, vəziyyəti hansı həddədir. Klinikaya daxil olanda, yanılmadığım təsdiqləndi.Vəziyyəti dediyim kimi, çox pis idi. Onu müayinə edərkən həm özü, həm də bətnindəki uşaq artıq can üstəydi. Uşaq nəfəs çatışmazlığından ana bətnində şok vəziyyətdə idi, dili ağzından çıxmışdı.

Özümü tərifləmirəm, belə bir niyyətim də yoxdur, mən orta məktəbi qızıl medalla, Tibb Universitetini isə qırmızı diplomla bitirmişəm. Sank-Peterburqda, Moskvada əlavə təhsil almaqla yanaşı, işləmişəm, təcrübə keçmişəm. 22 ildən çox həkim təcrübəm var, sizi əmin edirəm ki, təcrübəsiz həkim olsaydı, Leylanın özü də həyatını itirəcəkdi. Bunu müvafiq ekspertiza və sənədlərlə sübut etməyə hazıram ki, onu göydə Allah, yerdə mən həyata qaytardım. 

İndi Fəridə böhtan atır ki, guya klinikada küvəz, qan ehtiyatı və s. olmayıb. Axı necə olmayıb? Bəs o qədər qan itirən Leylaya hansı qan vurulub? Sizə ona vurulan qan daxil olmaqla digər dərmanlara qədər bütün müalicə və müayinə sənədlərini də təqdim etməyə hazıram. 

Uşağa gəldikdə isə, qeyd etdiyim kimi, kəskin nəfəs çatışmazlığına baxmayaraq, onun da ölü deyil, nəfəsi üstə doğuşunu həyata keçirdim. Lakin dediyim kimi, uşaqda kəskin tənəffüs catmazlığı olduğundan ona klinikamızda müvafiq yardımları etdikdən sonra neonotoloq Cəmilə xanım tərəfindən təcili Respublika Klinik Xəstəxanasının Pataloji Doğum Şöbəsinə göndərildi. Çünki məhz belə doğulan uşaqları orada mövcud olan aparatura sistemləri ilə həyata döndərmək şansı var. Uşaq düz 5 gün orada reanimasiyada qaldı, müvafiq müalicələr edilsə də, çox təəssüf ki, onu həyata döndərmək mümkün olmadı”. 

Sonda Nailə Əzizova bildirib ki, F.Rəhimlinin böhtanlarından çəkinmir, tam əksinə, məhkəmədə də üz-üzə gəlməyə hazırdır: "Buyurub versin məhkəməyə. Mən belə şantajlara, böhtanlara nə boyun əyəcək, nə də qorxacaq adamam. Əgər dediklərini sübut edə bilməsə, o zaman mən onun barəsində xüsusi ittiham qaydasında iddia qaldıracam. Bu adamlar əsassız iddiaları ilə mənə böhtan atıblar, həkim kimi işgüzar nüfuzuma, şərəf və ləyaqətimə zərbə vurublar. Və buna da cavab verməlidirlər”.

Ölkə.az

Digər xəbərlər
SON XƏBƏRLƏR