Şriftin ölçüsü / 128 dəfə oxunub

FHN-dən Ağsudakı yanğınla bağlı ilk açıqlama: "Hazırda yüksəkgərginlikli elektrik hava xətlərinə təhlükə yoxdur"

12 Iyul 2018 [21:21]

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Yevlax və Ağsu rayonlarında baş verən yanğınlarla bağlı açıqlama yayıb.

Mia.az FHN-ə istinadən bildirir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonunun Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub:

"Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə qüvvələri və texnikası cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının yaxınlıqdakı yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb (150-200 metr məsafədə). Alov 18:18-də yanğısöndürənlər tərəfindən söndürülüb.

Yanğın nəticəsində 79 hektar biçilmiş taxıl sahəsi və 1 hektar kol-kos yanıb. Yaxınlıqdan keçən yüksəkgərginlikli elektrik hava xətləri, meşə zolağı, ferma və ətraf ərazilər yanğından mühafizə olunub.

Saat 14:30 radələrində Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal yanğının söndürülməsi işlərinə cəlb edilib.

Yanğının yüksəkgərginlikli elektrik hava xətlərinin yaxınlığında baş verməsi yanğının söndürülməsində çətinliklər yaradıb. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da FHN DYMX-nin canlı qüvvə və texnikası, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Be-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17” yanğınsöndürmə helikopteri, Mülki Müdafiə Qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində bu istiqamətdə yanğının yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb. Hazırda yüksəkgərginlikli elektrik hava xətlərinə təhlükə yoxdur. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının söndürülməsi işlərinə Ağsu Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri və yerli əhali də cəlb edilib".



SON XƏBƏRLƏR