Şriftin ölçüsü / 347 dəfə oxunub

Baş prokurorluq keçmiş prokurorun həbsini tələb edir - Təfərrüatlar

12 Iyul 2018 [16:48]
Baş Prokurorluq dələduzluqda təqsirli bilinən Fəxrəddin Alıyevin barəsində olan hökmdən kasasiya protesti verib.

Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, prokurorluğun protesti hakim Hafiz Nəsibovun icraatına verilib.

Məhkəmə baxışı sentyabrın 26-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəxrəddin Alıyevə bəraət verilib.

Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib. Prokurorluq Fəxrəddin Alıyevin barəsində olan bəraət hökmünün ləğv edilməsini, ittihamedici hökm çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorluğun protesti təmin edilməyib.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən Fəxrəddin Alıyev Baş Prokurorluqda idarə prokuroru vəzifəsində çalışıb.

İttiham üzrə verilən cinayət əməlini də məhz vəzifədə olarkən törədib.

Sabiq prokuror Fəxrəddin Alıyev barəsində cinayət işinin başlanmasına əsas və səbəb İsmayıllı rayonu Cülyan kənd sakini Hənifə Hüseynovanın Baş Prokuroluğa müraciət etməsi olub.

Hənifə Hüseynova müraciətində mərhum oğlu Valeh Hüseynovun barəsində bir neçə il əvvəl istintaq edilmiş cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi üçün sabiq prokurorluq əməkdaşı Fəxrəddin Alıyev və Gəray Orucova pul verdiyini deyib.

Hənifə Hüseynovanın şikayətinə görə Fəxrəddin Alıyev oğlu Valeh Hüseynovdan istintaq orqanlarına vermək adı ilə 51 min manat, məhkəməyə verilməsi adı ilə 10 min manat və zərərçəkmişə verilməsi adı ilə 5 min manat pul alıb.

Hənifə Hüseynovanın bu şikayəti Baş Prokurorluqda araşdırılıb və prokuror barəsində cinayət işi açılıb.

Bu iş üzrə zərərçəkmiş şəxs Valeh Hüseynov vəfat etdiyi üçün hüquqi varisi olaraq onun xanımı Kəmalə Hüseynova tanınıb.

Kəmalə Hüseynova ifadəsində bildirib ki, əri Valeh Hüseynov 2007-2014-cü illərdə İsmayıllı rayon İcra Hakimiyyətində Hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

Sabiq prokuror Fəxrəddin Alıyev isə ona qarşı irəli sürülən ittihamla özünü qətiyyən təqsirli bilməyib.

İstintaq orqanı tərəfindən Fəxrəddin Alıyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda olduqda) maddəsi ilə elan edilib.


SON XƏBƏRLƏR