Şriftin ölçüsü / 327 dəfə oxunub

ABŞ-ın dövlət katibi ilə müdafiə naziri Azərbaycana gələcək - Brüsseldə mühüm görüş oldu + FOTO

12 Iyul 2018 [17:03]

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovun ABŞ-dan olan həmkarları ilə görüş barədə məlumat yayıb. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, bu gün  NATO-nun Brüsseldə keçirilən zirvə toplantısı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattis ilə görüşüblər.

Görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak edib.

Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə etdilər. Nazir Elmar Məmmədyarov NATO-nun Brüssel sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təkrar ifadə olunan dəstəyin vacibliyini diqqətə çatdırıb.

Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfi NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Nazir Elmar Məmmədyarov həmkarına 11 iyul tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Ermənistan xarici işlər naziri ilə görüşü barədə məlumat verib.

Xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənov ABŞ-dan olan həmkarlarını Azərbaycana səfərə dəvət etdilər və onlar dəvəti məmnuniyyətlə qəbul ediblər.



SON XƏBƏRLƏR
20:52 21.07.2018
Xeyirxah söyüşlər...