Prezident əcnəbilərlə bağlı qanun imzaladı - Dəyişikliklər

img

11-07-2018 [16:15]


Azərbaycan Prezidenti İlham Əliyev Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Mia.az-ın xəbərinə görə, dəyişikliklə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunan əcnəbilər cəriməni ödədikdə Azərbaycana gəlmələri ilə bağlı qadağa aradan qaldırılıb.

Məcəllənin 16-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər) maddəsinə edilən yeni bəndə əsasən, bu məcəllənin 16.1.8-ci (Şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) maddəsində nəzərdə tutulan şəxslər cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onların Azərbaycana gəlməsi ilə bağlı qadağa götürülüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması müddəti də dəyişdirilib.

Məcəllənin 21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir).

Qeyd edək ki, indiyədək bu müddət 10 gün olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR