Şriftin ölçüsü / 709 dəfə oxunub

DİN-dən dəyişiklik: maşının cərimə meydançasından çıxarılması üçün icazə tələbi qadağan olundu

13 Iyun 2018 [21:08]
Daxili İşlər Nazirliyinin kollegiyası 5 iyun 2018-ci il tarixli qərarı ilə "Yol-patrul xidməti haqqında” Təlimata dəyişiklik edib. 

Dəyişikliyə əsasən, bundan sonra sürücünün nəqliyyat vasitəsi müxtəlif səbəblərdən cərimə meydançasına yerləşdirilərsə, həmin nəqliyyat vasitəsinin cərimə meydançasından götürülməsi üçün xüsusi icazə tələb etmək qadağan olunub. 

Nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdirilməsi əsasları İnzibati Xətalar Məcəlləsinin 96 və 97-ci maddələrində əks olunub. Həmin hallardan biri olduqda avtomobil cərimə meydançasına aparıla bilər. Lakin avtomobilin cərimə meydançasında saxlanılması səbəbi aradan qalxdıqdan sonra sürücü sadəcə həmin avtomobilin cərimə meydançasına evakuatorla gətirilməsinə görə haqqı (əgər avtomobil sürücünün özü və ya DYP inspektoru tərəfindən sürülərək gətirilibsə, evakuasiyaya görə ödənişdən söhbət gedə bilməz) və cərimə meydançasında bir gündən artıq müddətdə qalmışdırsa, onun orada saxlama haqqını ödəməklə heç bir əlavə sənəd olmadan dərhal öz maşınını oradan götürə bilər. 

Əgər saxlanma konkret inzibati xətanın törədilməsi səbəbindən olmuş və xüsusi protokolla rəsmiləşdirilməlidirsə (dayanma- durma qaydalarını pozma hallarında olduğu kimi), belə halda sadəcə protokol tərtib olunmalı, yenə də avtomobil evakuatorla gətirilibsə, evakuasiya haqqı və bir gündən artıq müddətdə saxlandıqda saxlanma haqqı ödənilməklə hər hansı əlavə icazə tələb olmadan sahibinə verilməlidir.

Bu yenilik qanuni qüvvəyə minmiş cərimənin ödənilməsinin iki aydan çox müddətə gecikdirilməsi səbəbindən nəqliyyat vasitəsi duracağa yerləşdirildiyi halda sürücülərin işini tezləşdirəcək. 

Belə halda sürücü bu cəriməni (ona əlavə olunan dəbbə pulu da daxil olmaqla) ödədikdən və yuxarıda göstərilən hallar varsa, həmin ödənişləri (evakuatorla gətirilibsə, onun haqqını və bir gündən artıq müddətə saxlanma haqqını) ödəyib, hər hansı başqa yerə, xüsusən DYP şöbələrindəki kabinetlərə getmədən və xüsusi icazə almadan avtomobilini götürə bilər.

 Bundan əvvəlki qanunvericilikdə də əslində nəqliyyat vasitəsinin cərimə meydançasından buraxılması üçün xüsusi icazə kağızı təqdim edilməsi nəzərdə tutulmurdu. Lakin təcrübədə xüsusi icazə kağızı tələb olunurdu, həmin sənədi almaq üçün isə avtomobilin sahibi DYP orqanlarına gedərək orada inpektorlara yaxınlaşmali, kağız alıb gətirməli idi. Bu da əlavə vaxt itkisi olmaqla müxtəlif məzmunlu mübahisələr yaradırdı. 

Təlimata edilən son dəyişikliyə əsasən bu prosedur birmənalı olaraq qadağan edilib. Nəqliyyat vasitəsini cərimə meydançasından götürərkən xüsusi icazə tələb edilə bilməz.

 Ərşad Hüseynov, hüquqşünas
Avtosfer.az


SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...