"Azərbaycan Cənub Qaz Dəhlizindən 150 milyard dollara yaxın gəlir əldə edəcək" - Ekspert

img

13-06-2018 [17:21]


Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) Azərbaycan üçün gəlirliliyin təmin edilməsi baxımından çox vacibdir. TANAP-ın istifadəyə verilməsi Azərbaycanın daha çox gəlir əldə edə bilməsinə imkan verəcək.

Bu fikirləri AZƏRTAC-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, TANAP kəməri Cənub Qaz Dəhlizinin əsas elementlərindən biridir. Azərbaycan mavi qazı Cənubi Qaz Dəhlizi çərçivəsində TANAP vasitəsilə Türkiyə bazarlarına çıxarılacaq: "Həmçinin TANAP TAP üçün mavi qazın nəqlini həyata keçirir, daha sonra mavi qaz TANAP-dan TAP-a ötürüləcək. Bu, imkan verəcək ki, Azərbaycan birinci mərhələdə 16 milyard kubmetr mavi qazı, o cümlədən 6 milyard kubmetr qazı Türkiyə bazarına, 10 milyard kubmetr qazı Avropa bazarlarına nəql etsin. Sonrakı mərhələdə Avropa bazarlarına 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Bütövlükdə, TANAP-ın ötürmə qabiliyyəti 31 milyard kubmetrə qədər artırılacaq ki, onun da əhəmiyyətli hissəsi məhz Avropanın payına düşəcək. Bu baxımdan TANAP-ın açılışı Azərbaycan üçün çox önəmlidir. Çünki bu, Azərbaycanın dövlət gəlirlərinə birbaşa təsir göstərir".

"Azərbaycan TANAP, TAP və bütövlükdə Cənub Qaz Dəhlizinin reallaşmasından 150 milyard dollara yaxın gəlir əldə edəcək. Növbəti 10 il ərzində isə, 2020-ci ildən başlayaraq Azərbaycanın mavi qazın qiymətindən asılı olaraq gəlirinin məhz 30-50 milyard dollar arasında dəyişəcəyi gözlənilir. Bu, Azərbaycan üçün kifayət qədər böyük gəlir mənbəyidir. TANAP Azərbaycan üçün gəlirliliyin təmin edilməsi baxımından çox vacibdir. Bu, Azərbaycanın daha çox gəlir əldə edə bilməsinə imkan verəcək", - deyə V.Bayramov diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR