Şriftin ölçüsü / 404 dəfə oxunub

"Biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq" - Deputatdan etiraz

12 Iyun 2018 [20:36]

"İmkanlı ailələr övladlarını hər yerdə oxutmağa vəsait tapa bilərlər, amma imkansız ailələrin savadlı uşaqlarının təhsil almasına gedən yol qəbul imtahanlarından keçir”.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında”qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

O qeyd edib ki, sovet vaxtı universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr baş verirdi:

"Bu gün biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. Təkcə varlı ailələrin uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar. İmkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün şərait yaradılmalıdır”.

Onun fikrincə, hər zaman imkanlı ailələr övladlarını xaricdə və ölkəmizdə oxutdurmaq üçün vəsait tapa bilər: "Tələbə qəbulu imtahanları isə Azərbaycanda məhz imkansız və savadlı uşaqların ali təhsil alması üçün qapı açan bir sistemdir".

Millət vəkili respublika üzrə fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ideyasına da qarşı çıxıb: "Olimpiadada qalib gələnlər elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun”.

 



SON XƏBƏRLƏR