"Gücümüz birliyimizdədir, TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir" - İlham Əliyevdən mühüm mesajlar

img

12-06-2018 [19:30]


TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində keçirilən Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əziz qardaşım, hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Hörmətli prezidentlər, xanımlar və cənablar. İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim. Biz Azərbaycanda Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya miqyasında böyük gücə çevrildi".

İlham Əliyev bildirib ki, Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir: "Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz bizim birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bu qədər bir-birini dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, həm bölgəmiz üçün, həm də Avrasiya üçün önəmli faktordur".

Prezident deyib ki, bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə və Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir".

Prezident deyib ki, TANAP nəhəng Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. İki həftə öncə Cənub Qaz Dəhlizinin açılışı həyata keçirilib. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir:

"Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP. Dörd layihənin 3-u yekunlaşıb. TAP-ın icra faizi 72%-dir. İnanıram ki, TAP da iki ilə yekunlaşacaq. Beləliklə, Avropanın ən böyük infrastruktur layihəsi icra olunmuş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycan qazı qısa yolla, təhlükəsiz yolla Avropaya çatdırılsın”.

Dövlət başçısı qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir:

 "Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsinə dəstək göstərir. TANAP 7 ölkəni və bir çox şirkətləri birləşdirir. Bütün tərəflərə təşəkkür edirəm ki, qısamüddətdə bu işi yüksəkkeyfiyyətlə görə bildilər. Əgər 2000-ci illərin əvvəllərində yalnız Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı mövcud idisə, hazırda əməkdaşlıq edən ölkələrin sayı 7-dir. Gələcəkdə daha 3 ölkə bu əməkdaşlığa qoşulacaq. Azərbaycan qazının Avropa qitəsinə çatdırılmasında böyük işlər görməyə çalışmalıyıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR