Şriftin ölçüsü / 839 dəfə oxunub

Mütləq qələbəyə doğru...

09 Iyun 2018 [15:22]
Müharibə özüylə acı, fəlakət, itki gətirir. Ağlı başında olan heç kim boş yerə müharibə istəməz.

Azərbaycanın 20 faiz ərazisi 30 ilə yaxındır ki, işğal altındadır. Bu səbəbdən bizə müharibə lazımdır, çünki danışıqlar, sazişlər Vətənimizin bütöv olmasına imkan vermir. 

Mən, müharibə dövründə uşaq olmuşam, amma ATAM bir Vətən övladının nə etməli olduğunu edib, müharibəyə gedib, döyüşüb və ən yüksək zirvəyə qalxıb - Şəhid olub.

Hələlik müharibə yoxdur. Kimin müharibə dövrü nə edəcəyini zaman göstərəcək. İndi nə danışsan, boş... Amma bu gün məqam yetişəndə şərəfli Azərbaycan Ordusunun əsgərləri döyüşə bilir. Hətta Vətən torpağının bir hissəsini işğaldan azad etməyə qadir olduğunu sübut edir.

Dünən rəsmən məlumat verildi ki, Ordumuz Naxçıvan istiqamətində 11 min hektar ərazini düşməndən təmizləyib. Buna hər kəs sevinir. Kim sevinməz ki? Bir qarış torpağa görə, neçə canlar gedib, neçə qollar, ayaqlar kəsilib. Odur ki, kimsə o boyda ərazinin düşməndən təmizlənməsinə sevinməyə bilməz. Kimsə düşünürsə ki, buna sevinməyənlər var, yanılır, özü də çox...

Vətənin o başı, bu başı olmur. Torpağın qarışı, hektarı da olmur. O torpaq ki, qan, can bahasına qorunur, onun hər zərrəsi, hər dənəsi əzizdir.

Mən, Vətənimi bütöv görmək istəyirəm. Zatən ürəyimdə Vətənim bütövdür. Təbii ki, son illər əldə olunan qələbələrə sevinməmək mümkün deyil. Amma mən bu qələbələri qəlbiqırıq biri kimi yaşayıram. Çünki mütləq qələbə gözləyirəm, istəyirəm, hətta tələb edirəm...

Bir dəfə atam müharibə vaxtı evə gəlmişdi. Çox danışan adam deyildi, müharibə vaxtı isə tamam susqun adam olmuşdu. Evdə olan hey fikirdə olurdu, gözlərini bir nöqtəyə zilləyərdi. Nədənsə mən onun sanki döyüş səhnəsinə baxırmış kimi hiss edirdim. Elə birlirdim ki, hansısa döyüş səhnəsi olan filmə baxır. Axırda üzündə xəfif bir təbəssüm yaranırdı. Elə bil qələbə çalıdıq, Şuşaya Bayrağımız sancıldı.

Naxçıvandakı son qələbəmiz qürurvericidir. Buna heç kimin zərrəcə şübhəsi olmasın. Bu savaşda vuruşan hər bir əsgərimizi bağrıma da basıram... Amma mütləq qələbəyə kimi mən zəfər bayramını tam mənasında qeyd edə bilmirəm. Mütləq qələbə çalaq, Bayrağımızı Şuşaya sancaq, o zaman görərsiz, necə bayram edirlər. 

Əmin olun, ən böyük bayramı şəhid ruhları edəcək...




Digər Xəbərlər

SON XƏBƏRLƏR