Azərbaycanda müəllimlər sertifikasiyaya cəlb olunacaqlar

img

21-05-2018 [14:51]


Azərbaycanda müəllimlər və digər təhsil verənlər sertifikasiyaya cəlb edilirlər.

Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Əmək Məcəlləsinə və "Təhsil haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilib.

Layihəyə əsasən "Təhsil haqqında” qanunun 1-ci maddəsinə 6-1 və 8-1 bəndləri əlavə edilir.

Təklif olunan 6-1 bəndində deyilir ki, sertifikasiya - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.

8-1 bəndində isə bildirilir ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı – beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən, məzunlarına iki və daha çox xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramıdır (IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və SABİS (YÜksək yerləşdirmə) təhsil proqramıdır).

Əmək Məcəlləsinə təklif olunan 67-2 (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin sertifikasiyası) maddəsində bildirilir ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında” qanunda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb olunurlar.

Layihələr Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Azərbaycanda sertifikasiyadan azad olunacaq müəllimlərin və digər təhsil verənlərin kateqoriyası müəyyənləşib.

Azərbaycan Prezidenti tərəfindən Əmək Məcəlləsinə təklif edilən 67-2 maddədə bildirilir ki, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilməyəcək.

Bundan başqa, ilk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikasiyadan keçmiş şəxslər də sertifikasiyadan keçirilməyəcək.

Layihə Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin mayın 22-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR