Alpinistlərin ölümü ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb

img

17-05-2018 [13:25]


Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.

Bu barədə "Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, komissiyaya Quba rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin rəisi Çingiz İsgəndərov rəhbərlik edir, komissiyanın üzvləri isə Xaçmaz rayon Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon PMəhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımovdur.

S.Əhmədova xatırladıb ki, mayın 16-da onlar İstintaq araşdırma qrupu ilə Qubanın Xınalıq kəndinə gediblər: "Tapılan alpinistlərin cəsədi Quba rayon Patoloji Anatomiya Birliyinin morquna gətirilib, gecə saatlarında müayinə edilib. Müayinələr təxminən 6 saat davam edib. Müayinələr başa çatdıqdan sonra meyitlər ailələrə təhvil verilib. Namin Nizami oğlu Bünyatzadənin cəsədi Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin cəsədi Masallı rayonuna aparılıb, Babur Vaqif oğlu Hüseynovun meyiti isə Bakıya gətirilir”.

O qeyd edib ki, müayinələrin nəticələrin uyğun olaraq müvafiq rəy tərtib olunacaq: "Bu rəy də Quba rayon prokurorluğuna təqdim ediləcək”.

Xatırladaq ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR