Şriftin ölçüsü / 850 dəfə oxunub

"...düşmənin istənilən hərbi hədəfini məhv edə bilərik" - İlham Əliyev Naxçıvandan mesaj verdi (ÇIXIŞ)

16 May 2018 [16:36]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda ali təhsilin inkişafı da diqqətdə saxlanılır. Prezident İlham Əliyev ali təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirir. Ölkədə mövcud olan ali məktəblərin sırası genişləndirilir. Bu sırada Naxçıvan Müəllimlər İnstitutu da mühüm yer tutur. Belə ki, 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə də təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Bütün bunlar Azərbaycan ali təhsilinin yeni inkişaf mərhələsinin göstəriciləridir. Dövlətimizin başçısının Azərbaycanın ali təhsil müəssisələrinin dünyanın inkişaf etmiş ali təhsil məkanına inteqrasiyasının təmin olunması ilə bağlı tədbirləri bu sahədə yeni keyfiyyət dəyişikliyinin əldə olunmasına şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür.

Naxçıvan Müəllimlər İnstitutunun yeni binasında yaradılan şərait bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində atılan addımların nəticəsində muxtar respublikada da böyük işlər görülüb. Bütün bunlar Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- İlk növbədə, sizi Müəllimlər İnstitutunun yeni binasının açılışı münasibətilə təbrik etmək istəyirəm. Gözəl binadır, çox gözəl şərait yaradılıb. Memarlıq baxımından da Naxçıvan şəhərini daha da gözəlləşdirir. Bu binanın tikilməsi onu göstərir ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm.

Naxçıvan şəhəri, bütün şəhərlər abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Yol boyunca vaxtilə əkilmiş ağaclar indi böyüyüb, çox gözəl mənzərə yaradır. Binalar təmir olunur, yeni gözəl binalar tikilir. Bir sözlə, Naxçıvanın uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının istəyinə bağlı olan məsələdir. Çünki Naxçıvan bizim tarixi diyarımızdır, qədim Azərbaycan torpağıdır, tarixi yerdir. Burada yerləşən tarixi abidələr Azərbaycan xalqının istedadını göstərir. Onu göstərir ki, Azərbaycan xalqı əsrlər boyu bu diyarda yaşayıb-yaratmışdır.

Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülmüşdür. 1990-cı illərin əvvəllərində - Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilmişdir. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar.

O illərdə Naxçıvan üçün və ümumiyyətlə Azərbaycan üçün həlledici məsələlər öz həllini tapmışdır. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan o ağır illərdən şərəflə çıxa bilmişdir. Ölkəmizin müstəqilliyi işində Naxçıvanın çox böyük rolu olmuşdur. Məhz o illərdə ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Naxçıvanda rəsmi bayraq kimi təsdiq etdi və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin. Ancaq o vaxt Azərbaycan rəhbərliyi buna imkan vermədi.

O vaxt Naxçıvan "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adlanırdı və Ulu Öndərin təklifi ilə bu addan sovet, sosialist sözləri çıxarıldı. Bu, sovet dövründə baş vermişdir. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Bütün bu işlər böyük cəsarət tələb edirdi. Bütün bu işlər onu göstərirdi ki, Ulu Öndər həmişə müstəqillik arzuları ilə yaşayırdı. Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsində Ulu Öndərin və naxçıvanlıların çox böyük rolu vardır.

Ondan sonrakı dövrdə də Ulu Öndər Azərbaycan Prezidenti kimi həmişə Naxçıvana diqqət, qayğı göstərirdi. Naxçıvana tez-tez səfərlər edirdi. Bu yaxınlarda Ulu Öndərin 95 illiyinə həsr edilmiş təntənəli mərasimdə çıxış edərkən, o cümlədən onun Naxçıvan dövrü haqqında söz açmışdım. Bildirmişdim ki, Heydər Əliyev siyasəti bu gün də Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır.

Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. İndi də demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin.

Mən də Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən Naxçıvana qayğı, diqqət məsələlərində o yolu davam etdirirəm. Bu səfər mənim Prezident kimi Naxçıvana sayca 14-cü səfərimdir. Prezident kimi ilk dəfə Naxçıvana düz 14 il bundan əvvəl – 2004-cü ilin may ayında gəlmişdim. Bu 14 il ərzində Naxçıvanda gedən işləri daim diqqətdə saxlamışam və respublikanın uğurlu inkişafı üçün nə lazımdırsa biz onu da edirik.

İlk növbədə, Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir.

Əlbəttə, bu, imkan verir ki, Naxçıvan uğurla, sürətlə inkişaf etsin. Burada böyük infrastruktur layihələri icra edilibdir. On ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikasının qazlaşdırılması ilə bağlı məsələlər öz həllini tapıb. Qazlaşdırma 100 faiz təmin edilibdir. Biz hələ Azərbaycanın ümumi qazlaşdırılmasını təqribən 93-94 faiz səviyyəsində təmin edə bilmişik, bu ilin sonuna qədər 95 faizə çatacaq. Ancaq Naxçıvan Muxtar Respublikasında artıq on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilibdir.

Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb. Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni, biz o günləri yaxşı xatırlayırıq. Bu gün elektrik enerjisi ilə bağlı bütün problemlər həll olunub. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır.

Bu gün Naxçıvan elektrik enerjisini ixrac edə bilər. Şadam ki, o cümlədən günəş elektrik stansiyası tikilib, su elektrik stansiyaları tikilir və Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır. Naxçıvanın əhalisi artır, sənaye istehsalı bundan sonra da artacaq. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik.

İçməli su layihələri uğurla icra edilir. Bu gün biz Şərur şəhərinin içməli su layihəsini rəsmi olaraq açdıq. Ondan əvvəl Naxçıvan, Şahbuz, Culfa şəhərlərinin içməli su layihələri başa çatıb. Digər şəhərlərdə işlər gedir və bütün şəhərlərin içməli su-kanalizasiya problemləri həll olunacaqdır.

Avtomobil yolları salınır. Hazırda Culfa-Ordubad avtomobil yolu salınır və bu yol şəhərlərarası yollar arasında sonuncu layihədir. Bundan əvvəl bütün digər şəhərlərarası yollar – Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz, Naxçıvan-Culfa yolları tam təmir olunub, salınıb və istifadəyə verilib.

Yəni, bütün bu infrastruktur artıq Naxçıvanın güclü potensialını təmin edir. Sosial məsələlərin həlli, tikilən xəstəxanalar, məktəblər, Olimpiya mərkəzləri, mədəniyyət ocaqları - son illər ərzində görülən bütün bu işlər, əlbəttə ki, respublikanın potensialını artırır. Naxçıvan şəhər xəstəxanası, doğum mərkəzi, müalicə-diaqnostika mərkəzi, bütün şəhərlərin mərkəzi rayon xəstəxanaları tikilib. Yəni, böyük quruculuq işləri aparılır.

Əlbəttə, iqtisadiyyatın real sektorunun inkişafına da böyük diqqət göstərilir. Sənaye müəssisələri yaradılır, ixrac imkanları artır, kənd təsərrüfatı uğurla inkişaf edir. Naxçıvan özünü taxılla təmin edir. Qəbul edilmiş son qərarlar kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Bitkiçiliklə bağlı pivot suvarma sistemlərinin quraşdırılması nəzərdə tutulur. Heyvandarlıqla bağlı süni mayalanma mərkəzi yaradılır ki, potensial daha da böyük olsun.

Bildiyiniz kimi, Azərbaycan hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Biz bu layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcəkdir. Hər halda planımız bundan ibarətdir. Belə olan halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaqdır.

Yəni, bu mühüm işlərin görülməsi bir daha onu göstərir ki, Naxçıvanın çox böyük potensialı var. Bir daha demək istəyirəm ki, burada görülən işlər çox böyük qiymətə layiqdir.

Onu da bildirmək istəyirəm ki, bu il Naxçıvan bütün İslam dünyasında artıq özünü göstərəcək. Çünki bu il Naxçıvan "İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı daşıyır. Bir neçə il bundan əvvəl Bakı bu ada layiq görülmüşdür və biz o vaxt ISESCO-ya müraciət etmişdik ki, biz istəyirik ikinci Azərbaycan şəhəri – məhz Naxçıvan şəhəri bu ada layiq görülsün. Çünki Naxçıvan buna layiqdir. Bilirəm ki, bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var - bu məkanın adı Naxçıvandır.

Sizi bir daha salamlayıram, bütün uğurlar münasibətilə təbrik edirəm, yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

İctimaiyyətin nümayəndələri adından çıxış edən Xəzər HÜSEYNOV dedi:

-Möhtərəm Prezident.

Ötən ilin əvvəlində Naxçıvan Muxtar Respublikasına səfəriniz zamanı qeyd etmişdiniz: "Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana diqqətlə yanaşırdı, problemlərin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm”.

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi Naxçıvan ictimaiyyəti adından təbrik edən Xəzər Hüseynov bildirdi ki, dövlətimizin başçısının ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfər etməsi, 135-dən çox obyektin açılışında iştirakı naxçıvanlıların quruculuq əzmini daha da artırıb. O qeyd etdi ki, hazırda Naxçıvan Muxtar Respublikası Ulu Öndərin arzuladığı kimi uğurlu və hərtərəfli sosial-iqtisadi inkişafını davam etdirir.

Xəzər Hüseynov doğma Azərbaycanımızın tərəqqisi naminə müəyyənləşdirilən dövlət siyasətinin həyata keçirilməsində naxçıvanlıların bundan sonra da fəal iştirak edəcəklərini vurğuladı, Naxçıvan Muxtar Respublikasının inkişafına hərtərəfli qayğısına görə Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını çatdırdı.

X X X

Sonda xatirə şəkli çəkdirildi.




SON XƏBƏRLƏR
13:51 23.05.2018
Sabah hava necə olacaq?