Şriftin ölçüsü / 3263 dəfə oxunub

"Tutaq ki, icra başçısı İradə Gülməmmədova cəzalandırılıdı..." - Qazinin döyülməsinə sərt reaksiya

16 May 2018 [09:21]

Ötən həftə Qarabağ qazisi Fuad Əkbərovun Abşeron Rayon İcra Hakimiyyətinin qoçu dəstələrinin fiziki təzyiqlərinə və qanununsuz tələblərinə etiraz edərək evinə odvurması cəmiyyətdə geniş rezonans doğurdu. 

Qazi evini yandırmamışdan əvvəlbildirib ki, Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək evini dağıdıblar: ”Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu, mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir”.

Bir müddət əvvəl icra hakimiyyətinin qoçuları 2-ci qrup Qarabağ əlili, evsiz-eşiksiz, səfalət içində yaşayan Səyyaf Bayramovu vəhşicəsinə döymüşdülər. O da İ.Gülməmmədovanın əmri ilə Abşeron polisinə çağrıldığını və şöbənin qarşısında mülki geyimli iki polis tərəfindən qanına qəltan edildiyini söyləmişdi.

Məsələ ilə bağlı Mia.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, bu utancverici və təəssüf doğuran hadisədir: "Qarabağ Qazilərinə və Şəhid ailələrinə dövlət daim diqqət göstərməlidir.Onlara çox həssas yanaşılmalıdır. Çünki onların özləri də həssasdır, xırda bir haqsızlığa, ədalətsizliyə dözə bilmirlər. Bəzən buna çox sərt reaksiya verirlər. Bu onların haqlarıdır. Doğrudur, dövlət bu kateqoriyadan olan soydaşlarımızın sosial və mənzil problemlərinin həllinə çalışır. Lakin hansısa bir məmurun məsuliyyətsizliyindən, acgözlüyündən dövlətin yürütdüyü siyasət də zədələnir, kölgədə qalır. Qazimiz Fuad Əkbərov nə qədər haqlıdır, yaxud onun atdığı addım adekvatdır ya yox, buna toxunmadan, onu deməliyəm ki, içərsində yaşayış olan evin sökülməsi qətiyyən olmaz. Bəlkə də baş verən hadisə zahirən məişət, adi sosial problem kimi görünsün, amma bu siyasi sistemin yarıtmaz və eybəcər olmasının bir daha təzahürüdür”.

"Bu cür özbaşınalıqlar təkcə Abşeron rayonunda və indiki başçı İradə Gülməmmədovun zamanında baş verməyir” deyən, AMİP yetkilisi bildirib ki : "Rüşvət və korrupsiya, qanunsuzluq bütün Azərbaycan reallığı üçün xarakterikdir. Və bu idarəçilikdən bütün ölkə əhalisi əziyyət çəkir, əzilir, məhrumiyyətlərə məcbur edilir. Konkret olaraq Abşeron rayonunda sabiq İcra başçısı Zakir Fərəcovun vaxtında da eyni qayda tətbiq edilirdi. Bu gerçəyi hamı bilir ki, rayon ərazisində tikinti aparmaq üçün kvadratmetri 50-150 manat arasında icra hakimiyyətinə qanunsuz pul ödəmək tələb olunur. Özü də bu pulu ya güya bələdiyyəyə ianə şəklində, ya da digər formalarda həyata keçirirlər. Bu cür ödəniş Binəqədidə də, Nərimanovda da, Yasamalda da, Xəzər və s. rayonlarında da var. Bu "qayda-qanun”, "ənənə” təkcə Abşeron rayonunda deyil və bu qayda qanunları da İradə Gülməmmədova qoymayıb. Abşeron rayonunu əhatə edən 45 saylı Abşeron Seçki Dairəsindən 84,2 faiz səslə (22748 səs) deputat mandatı verilən Milli Məclisin sədri Oqtay Əsədovun da eyni məsuliyyəti var. Bir millət vəkili kimi bir dəfə də olsun rayon sakinlərinin, seçicilərin nə seçkidən əvvəl, nə də sonra görüşünə gəlməyib, onların səsini, problemlərini dinləməyib. Eyni zamanda rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrdə, müxalifətçi bələdiyyə üzvləri var, onlar da bu və ya digər səbəbdən rayondaki qanunsuzluqlara göz yumur. Bəzən də şərikli fəaliyyət göstərir.”.

Ə.Orucov fikrincə, "Nə qədər ki, şəhid ailələrinə, müharibə Qazilərinə haqsızlıq edənlər cəzalandırlamıyıb, bu insanlara səlahiyyətli şəxslərin münasibəti dəyişməyib, cəmiyyətin özü bu kateqoriyadan olanlara sahib çıxa bilməyirsə, belə acınaqaclı, xoşa gəlməz tendensiyalar davam edəcək. Bir müddət əvvəl, Türkiyənin Adana şəhərində bir avtobus sürücüsü şəhid anasına sayğsıslıq edərək, ondan haqsız yerə gediş haqqı ödəməsini istəmişdi. Bu hal sosial çəbəkələrdə yayıldıqdan dərhal sonra həmin sürücü həbs edildi. Barəsində çox qəribə bir cəza kəsildi. Hər gün polis idarəsinə gedib, Türkiyənin İstiqlal Marşının Şəhidlərlə bağlı bəndini ucadan oxuyaraq imza atmaq. Avtobus sürücüsünü bununla bir daha məcbur etdilər ki, Şəhidin kim olduğunu anlayıb, bir daha belə səhvlərə yol verməsin. Avtobus şirkətinin rəhbərliyi də cəzadan qutara bilmədi. Türkiyənin Cəza Qanununuda Şəhidə, Qaziyə və onun ailəsinə qarşı sayğısızlıq edənlərə qarşı çox ağır cəza nəzərdə tutulub. Hələ sürücüyə qarşı məhkəmə çox adil davarandı, o, uzun müddətli həbs cəzası ala bilərdi. Baxın, ona görə də Türk Ordusu dünyanın 10 ən güclü ordusudur, dünya güclərindən biridir, bu dövlətlə hesablaşırlar. Bizdə isə təəssüflər olsun ki, Qazini küçənin ortasında basıb döyürlər, aşağılayırlar, haqqlarına girirlər, onu özünə, ailəsinə, canına, malına-mülkinə qəsd etməsinə təhrik edirlər. Bütün sistem, hakimiyyət qolları heç olmasa Şəhid ailəsinə, Qazilərimizə normal münasibət göstərib, onların vətəndaş hüquqlarını tanıyıb, qorumalıdırlar. Bir nəfərdən də rüşvət almasalar dünya dağılmaz, kasıb düşməzlər ki?. Belə neqativ yanaşmalar gənclərin hərbi-vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlərlə böyüdülməsində pis nümunədir. Tutaq ki, icra başçısı İradə Gülməmmədova cəzalandırılıdı, hərgah bununun özü də inandırıcı deyil, belə haqsızlıqlara, qanunsuzluqlara son qoyulacaqmı? Bax bu sualın cavabını vermək çox çətindir.”




SON XƏBƏRLƏR