ƏSA Teatrı Amerikada - Açıqlama

img

26-04-2018 [19:18]


Yarandığı gündən yerli mədəniyyətin aparıcı lokomotivinə çevrilən, ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı Amerika Birləşmiş Ştatlarında Azərbaycanı təmsil edəcək.

Teatrdan Mia.az-a verilən məlumata görə, təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində 2-12 may 2018-ci il tarixlərində "Əlilliyin müdafiəsi, islahatlar və incəsənət” mövzusunda təşkil olunacaq beynəlxalq layihədə iştirak edəcək. Layihə müddətində rejissor Nihad Qulamzadə ABŞ-ın paytaxtı Vaşinqtonda və digər şəhərlərində Amerikadan və dünyanın müxtəlif ölkələrindən layihəyə qatılan mütəxəssislərlə öz təcrübələrini bölüşəcək. Həmçinin, layihə çərçivəsində ƏSA Teatrı və onun Azərbaycandakı fəaliyyəti, teatra olan dövlət və ictimai marağı əks etdirən təqdimat nümayiş olunacaq. Təqdimatda ƏSA Teatrının yarandığı gündən hazırladığı və geniş ictimaiyyətin maraqla qarşıladığı tamaşalardan, reallaşdırdığı sosial layihələrdən, perspektiv planlardan, həyata keçirilməsi nəzərdə tutulan yaradıcı layihələrdən bəhs ediləcək.

Qeyd edək ki, Açıq Dünya Proqramı ABŞ-da 1999-cu ildən təşkil olunan beynəlxalq layihədir. Azərbaycanı bu il layihədə ƏSA Teatrı ilə yanaşı sosial sferada fəaliyyət göstərən fiziki məhdudiyyəti olan və olmayan daha 4 nəfər təmsil edəcək.

Xatırladaq ki, ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə yaradılıb. Təkcə Qafqaz ölkələrində deyil, eləcə də bütün regionun ilk və tək inklüziv teatrıdır. Teatrın əsas aktyor heyəti fiziki məhdudiyyətli şəxslərdən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR