Şriftin ölçüsü / 386 dəfə oxunub

Altmış yaşda deyilənlər... - YAZIÇI SƏXAVƏT TAĞLARLA SÖHBƏT

15 Aprel 2018 [00:21]

İnsanın kökə, ilkinliyə-yurda bağlılığı təbii hissdir. İllər keçir, bu duyğu bir az da dərinləşir, səmimiləşir. Və başqalarına, özündən sonra gələnlərə də örnək olur. 

Təbii ki, ətraf aləmi dərk etməyə başlayandan da sakini olduğun dünyanın, daha doğrusu, qoynunda həyata göz açdığın, boya-başa çatdığın kəndin öz gənclik təxəyyülündə bir az da poetikləşən ağappaq gecələrini, yaşıl otlarını, ərik ağaclarını, lilli su arxlarını, geniş çöllərini daha artıq sevməyə başlayırsan. Bütün bunlar yuxarıda dediyimiz kimi, təbii hiss olmaqla, həm də təbiətlə bağlı olan duyğulardır.

Həyatda bir şah duyğu da var. O da doğma yerin, doğma mühitin ictimai-etik cazibəsidir.

Görəsən, doğma kənd, səni əhatə eləyən ictimai mühit, yaxın-uzaq adamlar səni necə qəbul edir? İllərlə işığa, sevgiyə doğru uzanan əllər sənə də doğru uzanırmı?

Haqqında nəsə demək istədiyimiz, həmsöhbət olacağımız bu insan da məhz bu aspektdən yanaşılası kəslərdən biridir. Bu kəs qədim elat obalarının birində, İmişli rayonunun Əliqulular kəndində təvəllüd tapıb. Zaman keçdikcə soyadına, adına hörmətlə yanaşan bu kəs Əliqulular kənd tam orta məktəbinin direktoru, respublikanın Əməkdar müəllimi, gözəl ziyalı, könlünə, qəlbinə dostluğun, yoldaşlığın, bir sözlə, insanlığın hakim kəsildiyi Səxavət Feyruz oğlu Tağıyevdir.

Onun haqqında söz demək olduqca asandır. Onu da deyim ki, haqqı var, haqqında söz deyilməyə. Onun xarakteri, insani keyfiyyətləri poeziya kimidi. Axarlı, ləngərli, yatımlı. Bu keyfiyyətləri birnəfəsə oxumaq olar, əzbərləmək olar.

Bəzən ulu yaradanın yaratdığına bəxş elədiyi insani keyfiyyətlərin və bu keyfiyyətlərdən boy tutan əməllərin tərənnümünə layiq olan, onu ifadə edən söz tapmaq çətinliyində qalırsan.

 Bax elə biz də bu çətinlikdə qaldığımızdan onunla başqa yöndə, daha doğrusu, hamımız üçün maraqlı olan ədəbi- bədii dünyası haqqında həmsöhbət olacağıq.

- Səxavət müəllim, əvvəlcə neçə-neçə kitaba sığmayacaq o vaxtlara - o sirli, sehrli uşaqlıq aləminə birgə ekskursiya edək bəlkə?

- Ömrümün uşaq çağlarına məxsus olan dünyası varıydı. Bu dünya maraqlı, qəribə rəsmlərlə, nağıllarla doluydu. Mənə elə gəlirdi ki, qoynunda təvəllüd tapdığım doğma Əliqulular kəndinin boyuna biçilmişdi bu rəsmlər, bu nağıllar. Və bu kəndin, bu kənddə yaşayan camaatın əkini-biçini, aranı-yaylağı, geniş taxıl zəmiləri, pambıq tarlaları yaşıl ilmə kimi keçirdi bu nəğmələrdən, bu nağıllardan. O uşaq dünyamda doğma kəndimdən böyük, şirin bir məkan təsəvvür eləyə bilmirdim.

- Belə çıxır ki, sənin bugünkü fəaliyyətin, istər pedaqoji, istər ədəbi-bədii yaradıcılığın elə bil o illərdən boy götürüb.

- Tamamilə haqlısan. Bunu mən sövq-təbii hiss eləyirəm. Hətta illər keçdikcə duyurdum ki, mənim o uşaq dünyamda mənimlə bir də bir "mən" böyüyür. Mənimlə birlikdə məktəbə gedib-gəlir, uşaqlara qoşulub gizlənpaç oynayır. Bəzən də böyüklərə, yaşlılara qarşı xüsusi nəzakət qaydalarına əməl edir. Bəlkə də bu "mən" hissiydi ki, ətraf aləmə bir qədər fərqli baxırdım. Ədalətsizliyə laqeyd qala bilmirdim. Bir də gördüm ki, hələ gənc yaşlarında ikən neçə-neçə publisist yazıların - oçerklərin, felyotonların müəllifi olmuşam. Hiss etdim ki, sadə zəhmət, sənət adamları haqqında yazmamağı bacarmıram. Və yazdım da.

- Mən sənin, janrından asılı olmayaraq ölkə mətbuatında dərc edilən, demək olar, bütün yazılarını oxumuşam. Həmişə də alqışlamışam. Ancaq özün bir qədər danışsan, daha maraqlı olar.

- Düzdü, mənim yaradıcılığımda publisist yazılar üstünlük təşkil edir. Oxucuların əksəriyyətinin etirafına görə, pis yazmadığımı da hiss edirdim. Özümün də razı qaldığım, aktuallığına, milli koloritinə görə səmimi qəbul olunan "Qarabağ düşüncələri"silsilə yazılarım və eyni adlı kitabım getdikcə məni bədii yazılar yazmağa da sövq elədi. "Ana fəryadı" adlı xatirə-povestim ürəyimin sızıltıları, iç dünyamın qəm vulkanıdır. Onu da deyim ki, yazılarımın əksəriyyəti gördüklərimin, duyduğlarımın məhsulu olub.

- Ən çox sevilən yazılarından biri də "Yar bu gecə"dir. Açığı, mən də bu yazının təsirindən uzun müddət ayrıla bilməmişəm. Ecazkar bir səsin sərhəd tanımayan quş kimi dünyanı dolaşmasından, neçə-neçə qəlbləri riqqətə gətirməsindən söz açan bu yazı öz sehrini demək olar ki, o səsə olan doğmalıqdan, vurğuluqdan götürüb.

 - Düzdü, "Yar bu gecə" Xalq artisti, sənətşunas alim Simarə İmanovanın "Yar bu gecə"sidir. Bu "Yar bu gecə" bir neçə mətbu orqanlarında çap olunduqdan sonra kitab halında nəşr olundu. Sərvaz Hüseynoğlu ilə birgə yazdığımız bu kitab mənə elə gəlir ki, Simarə səsinin, sənətinin, demək olar ki, müəyyən bir qismini əhatə eləyib.

 - Ondan əvvəl də kitabların nəşr olunmuşdu. Artıq peşəkar bir nasir kimi sənin hekayələrin də oxucu rəğbətini qazanmaqdadır.

- Doğrudur, "Qarabağ düşüncələri"ndən sonra bir metodiki kitabım da işıq üzü gördü. Bu kitab pedaqoji sahəni əhatə eləsə də, bir yaradıcılıq nümunəsi kimi mənim üçün çox doğmadır. Qaldı ki, hekayələrimə, onları da toplamışam. "Gecikmiş məktub" adlı kitab halında nəşr olunub. Ədəbi mətbuat hekayələrim barədə hər zaman uğurlu fikirlər söyləyib.

- Səxavət, mənim üçün maraqlıdır, görəsən, Respublikanın Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağlar ömrün bu çağından, daha doğrusu, ədəbi-bədii, pedaqoji zirvədən arxaya boylalanda hansı hissləri keçirir?

- 60-a yaxınlaşan bir ömrün zirvəsindən o nağıllaşan dünyaya boylananda xoşbəxt olduğumu, ayları, illəri, hətta dəqiqələri belə, boş yerə xərcləmədiyimi hiss edirəm, duyuram. Bu duyğudandır ki, həyat mənə daha şirin, bir pedaqoq kimi fəaliyyət göstərdiyim iş yerim daha doğma görünür. Rəhbərlik etdiyim orta məktəbin məzunlarının səsi-sorağı respublikanın hüdudlarından kənarda eşidilir.

- Sənin təbiətə, həyata, ictimai-siyasi dönəmlərə baxışın sərrast, dilin səlis, rəvan, yazıb-yaratmaq enerjin də, maşallah, nə qədər desən. Mütaliədən necə, yorulmamısan ki? Belədirsə, kimləri oxuyursan?

- Mən demək olar ki, mütəmadi mütaliə eləyirəm. Bu mütaliələr həm də mənə yeni yaradıcılıq stimulu verir. Rəsul Rzanı, Məmməd Arazı, Anarı, İsa Hüseynovu, Elçini təkrar-təkrar oxuyuram.

- Bir pedaqoq, yazıçı-publisist kimi Azərbaycanın görkəmli ədibləri Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığı baradə uğurla qələmə aldığın "Bir nəslin dörd fəsli" tədqiqat kitabın barədə nə demək istərdin?

- Sevimli yazıçımız Anara, onu dünyaya gətirən böyük sənətkarlarımız Rəsul Rza və Nigar xanıma, eyni zamanda, ailənin əzizi Ənvər Məmmədxanlıya hörmət, ehtiram olaraq, gənc nəslin tərbiyəsində onların yaradıcılığının rolu barədə ədəbi-pedaqoji düşüncələrimi qələmə almışam, ayrı-ayrı mətbuat səhfələrində çap olunmuş həmin yazılar "Bir nəslin dörd fəsli" adlı kitab halında geniş oxucu kütləsinə təqdim olunub. Kitabın Göyçay şəhərində Rəsul Rzanın ev muzeyində geniş təqdimatı TV-də yayımlanıb.

- Mən sənin "Qarabağ düşüncələri" kitabını oxuyanda bir daha mütaliənin, hətta Qarabağda yaşayıb-yaradan şairlərimizin yaradıcılığına necə səyahət etdiyinin şahidi olmuşam. Xüsusilə Ənvər Əhmədin yaradıcılığına daha yaxından bələdsən. Bəlkə bu yaxınlığın səbəbini açasan?

- Onu düz deyirsən. Ənvər Əhməd mənə ona görə yaxındı ki, mən onunla sovetlər dönəmində bir institutda müəllim-tələbə münasibətində olmuşam. Mən tələbə, o isə gənc müəllim, şair, cəsur insan kimi. Hələ keçən əsrin 80-ci illərində erməni təcavüzkarlara qarşı etiraz səsimizi birgə qaldırmışıq. Biz hələ o vaxtlar cəza da almışdıq. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən Qarabağ haqqında nə yazmışamsa, bir qədər də canlı, bir qədər də real görünür. Ümumiyyətlə, təbii alınır.

- Söhbətimiz yaza təsadüf edir. Və hər şeyin də yaxşılığa doğru getməsi arzusuyla bilmək istərdim ki, fəsillərdən hansı könlünüzcədi?

- Qardaş, sən yaxşı bilirsən ki, mən hər kəsin, hər ağacın, hər hərəkətin belə yerini bilən adamam. Hər fəsilin də həmçinin. Ancaq maraqlıdır ki, nəinki mən, bütün ailə üzvlərimiz may ayında dünyaya göz açmışıq. Görünür, Ulu Tanrı baharı bizə töhfə verib.

- Sənə həmişə bahar təravəti, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Valeh BAHADUROĞLU
Yazıçı, pedaqoq

525.az



SON XƏBƏRLƏR