Oqtay Şirəliyevin ətrafında müəmma böyüyür: nazirin seçkidə iştirak etməməsi səhhəti ilə bağlıdır?

img

14-04-2018 [15:35]


Səhiyyə naziri Oqtay Şirəliyevin 11 aprel Prezident seçkilərində iştirak etməməsi ətrafında müəmmalı vəziyyət cəmiyyətin böyük marağına səbəb olub.

Mia.az xatırladır ki, nazirin seçki kimi vacib bir tədbirdə də iştirak etməməsi haqda sensasiya sayılacaq iddianı ilk olaraq Unikal.org saytının baş redaktoru Asəf Rzayev yayıb. 

Sayt rəhbərinin sözlərinə görə,  nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatdadır və o, aidiyyatı ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli idi: "Lakin o, seçici hüququndan istifadə etməyib”.

Faktı 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyev təsdiq edib. 

O, 11 apreldə keçirilən prezident seçkilərində Oqtay Şirəliyevin həqiqətən iştirak etmədiyini deyib: "Oqtay Şirəliyev bizim məntəqədə qeydiyyatdadır. Mən məntəqə bağlanana qədər Səhiyyə nazirini görmədim. O, prezident seçkilərində seçki hüququndan istifadə etməyib”. 

Səhiyyə Nazirliyindən isə "Bizim yol”a əvvəlcə "Nazir seçkidə iştirak edib, bir azdan bunu təsdiq edən görüntü də yayacağıq” deyilsə də, sonra da heç telefonlara da cavab verilməyib.

Mia.az-ın əldə etdiyi məlumata görə, son aylar Oqtay Şirəliyevin səhhəti qənaətbəxş deyil.  Məhz səhhəti ilə bağlı yaranmış problem üzündən nazir seçkiyə də qatıla bilməyib.

Bu barədə saytımıza məlumat verən nazirliyin əməkdaşlarından biri deyib ki, Oqtay Şirəliyev son günlər işə gəlmir:  "Onu sonuncu dəfə nazir müavini Abbas Vəlibəyovun dəfn mərasimində gördüyümüzdür. Bundan sonra nə nazirlikdə, nə də digər dövlət tədbirlərində Oqtay müəllimi görən olmayıb. Düzdür, hərdən köməkçisindən qeyri-müəyyənliklə bağlı məlumat almaq istəyən olur. Lakin o da faktiki vəziyyəti bilmədiyini deyir. Ancaq Oqtay müəllimi son aylar görənlər deyir ki, nazirin səhhətində problem olduğu açıq hiss olunur”.

Yeri gəlmişkən, onu da xatırladaq ki, mart ayının sonunda Bakının Nizami rayonunda Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq səviyyəli xəstəxananın açılşında da Oqtay Şirəliyev olmayıb.

Bəzi ekspertlər bu və ya digər məqamları nəzərə alaraq, tezliklə onun vəzifəsindən azad olunacağını deyirlər: "Hətta yeni səhiyyə nazirinin Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin olacağını da indidədən dilə gətirən ciddi mənbələr var”.

Məlumat üçün onu da qeyd edək ki, Gəray Gəraybəyli 2016-cı ildən Azərbaycan Tibb Universitetinin rektorudur. O, bu postda deputat Əhliman Əmiraslanovu əvəzləyib. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR