1 dollar = 1,80 manat olması ehtimalı çox yüksəkdir - İqtisadçı ekspert yazır

img

11-04-2018 [21:46]


Natiq Cəfərli, iqtisadçı ekspert

Seçkilərdən sonra əksəriyyət vətəndaşları maraqlandıran sual seçkinin nəticəsi deyil, zatən hər şey aydındır, əsas məsələ manatın gələcək taleyidir. Son günlər onlarla bu haqda sual almışam, qərara gəldim ki, geniş şəkildə fikirlərimi paylaşım.

Son aylarda cəmiyyətdə belə bir fikir dolaşır ki, seçkilərdən sonra manat ucuzlaşacaq, bir neçə gün öncə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuata açıqlama verdi ki, devalvasiya olmayacaq və onun sözləri yenə əks-effekt doğurdu, bir çoxları bəyanatı tərsinə yozdular, buna da tam haqları var – adam hər dəfə nə deyib, tərsinə olub.

Son günlər manatın gələcəyi ilə bağlı söz-söhbətlərin artmasına səbəb Rusiyada rublun, Türkiyədə isə lirənin kəskin ucuzlaşması oldu. Hər iki ölkədə eyni proses olsa da, səbəbləri müxtəlifdir.

Rusiya, rublun dəyərdən düşmə səbəbləri: 1) ABŞ-ın son sanksiyaları daha ağrılı və tutarlı oldu, bu birjalarda və valyuta bazarında ciddi təlatümlər yaratdı, 2) Xarici investorlar, Rusiya şirkətlərinin səhmlərinə, Rusiyanın qiymətli kağızlarına yatırım edən şirkət, fond və şəxslər bu ölkədə olan aktivlərini həmən satmağa başladılar, rubla satılan aktivlər sonradan dollar və avroya çevrilib ölkədən çıxmağa başladı, bu da valyutaya təlabatı, deməli valyutann dəyərini artırdı, 3) Xarici investorlar çəkinirlər ki, əks-addımlar kimi Kreml onların aktivlərini dondura, milliləşdirə bilər. Ona görə də, bu proses daha da sürətlənə, rubl daha çox dəyərdən düşə bilər, 4) Rusiya hökumətinə rublun ucuzlaşması sərf edir, valyuta ehtiyatlarına qənaət etməyə imkan yaradır, ixracatı stimullaşdırır, daxili istehsala təkan verir, amma bu proses panikaya dönsə, Rusiyanın bütün maliyyə sistemi çökə bilər.

Türkiyə, lirənin dəyərdən düşmə səbəbləri: 1) Türkiyə iqtisadiyyatında müvəqqəti investorlar (buna özləri "sıcaq para” deyirlər) üstünlük təşkil edir. Türkiyənin son zamanlar Suriyada apardığı əməliyyatlar müvəqqəti investorları ölkədən pulunu çəkməyə sövq etdi, qiymətli kağızlarını və aktivlərini dollara çevirib ölkədən çıxarmağa başladılar, 2) Ölkədə az qala 2 ildir ki, fövqaladə vəziyyət rejimidir, bu da əmlakla, mülkiyyət toxunulmazlığı, azad məhkəmələrlə bağlı problemlər yaradıb, məhz buna görə də xarici və yerli biznes çevrələri aktivlərini ölkədən çıxartmağa üstünlük verirlər, 3) Türkiyə hökuməti geniş təşviq proqramları qəbul edib-edir, bu da ölkəyə idxalı artırır, ticarət balansında mənfi saldonu (cari açıq) artırır, 4) Türkiyədə özəl sektorun və bankların böyük miqdarda xarici borcu var, onlaın ödəmə aktivliyi həmişə 1-ci rübün sonu, 2-ci rübün əvvəlinə təsadüf edir, 5) İstənilən normal iqtisadi institutları olan ölkədə Mərkəzi Bank tam müstəqil bir qurum olmalıdır, son zamanlar Türkiyə MB-nın müstəqilliyi itib, bu da yatırımçılarda ciddi xəyal qırıqlığı yaradıb, onlar anlayırlar ki, siyasi iradə MB-ın lazım olanı etməyə, yəni uçot dərəcəsini qaldırmağa icazə vermir.

Beləliklə, hər iki ölkədə milli valyutanın dəyərdən düşməsinin əsas səbəbi siyasi və idarəetmə riskləri, xarici siyasətə atdığı addımlardır. Amma hər iki ölkədə (Rusiyada daha azdr, amma var, Türkiyədə daha çoxdur) oturuşmuş iqtisadi institutlar – qiymətli kağızlar bazarı, valyuta birjası, böyük ixracatçı şirkətlər, leqal varlı insanlar və onların maraq qrupları var. Belə anlarda iqtisadi institutlar çox vacib rol oynayır, iqtisadiyyatın (orqanizmin) təbii üsullarla sağalmasına, düşən "virusların” təbii yollarla aradan qalxmasına ciddi yardım edir.

Gələk Azərbaycana, ölkədə heç bir normal iqtisadi institut yoxdur, qiyməli kağızlar bazarı yox, valyuta birjası yox, böyük ixracatçı özəl şirkətlər yox, səhmdarların maraq qrupları yox – hər şey "əl ilə”, inzibati üsullarla həll olunur, əmrlə tənzimlənir, bütün iqtisadiyyat siyasi qərarlara bağlı hərəkət edir. Məhz buna görə də dünyada, ətrafda gedən proseslər həmən nə manata, nə iqtisadiyyata təsir etmir. Kimsə deyə bilər ki, bu yaxşıdır, nəyi pisdir, dalğalardan kənarda qalırıq, amma söhbət odur ki, iqtisadi orqanizmin daxili immuniteti, təbii davranış koridorları, reaksiya vermək qabiliyyəti olmadığı üçün bizdə problemlər, "iqtisadi viruslar” görünməz olur, daxilə keçir, üzdə dəyişiklik olmasa da daxildə qonqrena prosesi başlayır, qısası – iqtisadiyyat özü-özünü "sağalda”, tənzimləyə bilmir. Sırf dövlət iqtisadiyyatı modelinin ən pis formasıdır, yeganə reaksiyası neft qiymətlərinədir.
Manatın məzənnəsi "üzmür” heç vaxt da "üzməyib”, məzənnə sırf siyasi və inzibati qərarlarla müəyyən olunur, dollar-manat məzənnəsi iqtisadi anlayışdan çıxıb, siyasi sabitlik simvoluna çevrilib. Elman Rüstəmov da, digər nazirlər və məmurlar da "manatın məzənnəsi sabitdir” deyəndə, əslində yalan danışırlar, amma bunların anlayışında tək bir məzənnə var, dollar-manat münasibətləri, qalan valyutalara fikir vermirlər. Əslində manat sabit deyil, tək elə avro qarşısında son bir ildə 20% dəyər itirib.
Beləliklə, seçkidən sonra məhz dollar-manat münasibətlərində heç bir dəyişiklik olmayacaq, nə qədər ki, neft 70 dollar çivarındadır, məhz dolların məzənnəsini inzibati qaydada hələ sabit saxlayacaqlar. Amma qonşu ölkələrdə gedən proseslər, milli valyutaların ucuzlaşması dalğavari şəkildə bir müddət sonra ölkəmizə təsir etməyə başlayacaq: 1) Rusiyadan öz qohum-əqrabalarına, ailələrinə pul göndərənlər var, bu vəsait sosial gərginliyin, əsasən də regionlarda azalmasında vacib rol oynayır – bu vəsait azalacaq, 2) Rusiyaya ixracın azalması gözlənilir, 3) Rublun və lirənin ucuzlaşması həmin ölkələrdən Azərbaycana ixracı artıracaq, deməli bizdən çıxan valyutanın həcmi artacaq. Bizim daxili istehsalın zalmasına səbəb olacaq, istehsaldansa qonşulardan eyni malı gəirmək sərfəli olacaq, 4) Hər iki ölkə ilə Azərbaycanın sız iqtisadi və insani əlaqələrinin olmasına görə rubl və lirənin ucuzlaşması manata psixologi basqını artıracaq, daxildə sərbəst manat kütləsinin dollara çevrilməsi sürətlənəcək.

Dünyada gedən trendləri də nəzərə alsaq, yəni il sonuna qədər FED ABŞ-da daha azı 2, bəlkə də 3 iclasda hər dəfə 0,25% olmaqla uçot dərəcəsini artıracaq, deməli dollar indeksi dünyada yüksələcək, neftin qiymətlərində ilin ikinci yarısında ciddi korreksiya gözlənilir, qiymətlərin 60 dollardan aşağı düşməsi üçün iqtisadi və siyasi ortam hazırlanır. Bununla paralel qonşularda da milli valyutaların ucuzlaşması, təqribən bu ilin semtyabrından başlayaraq manatı basqını artıracaq. Amma kəskin devalvasiya olmayacaq, il sonuna qədər, yəni payizda və dekabr ayında manatın dollara məzənnəsi 10%-ə yaxın ucuzlaşa bilər. Həm də qeyri-neft sektorunun inkişafı, bu sahənin ixracatının artması üçün manatın daha ucuz olması əsas şərtlərdən biridir. Bütün daxili və xarici faktorları toplasaq yaxın həftələrdə manaın dollara qarşı məzənnəsində heç bir dəyişiklik olmasa da, il sonu yaxınlaşdıqca məzənnənin 1 dollar = 1,80 manat olması ehtimalı çox yüksəkdir. Amma təbii ki, gözlənilməz hadisələr olsa, yəni neftin qiyməti kəskin düşsə, hətta 50 dollardan da aşağı ensə (bunun ehtimalı çox azdır, amma var), bu zaman manat aha çox dəyər itirəcək.

Beləliklə manatın, hətta ölkənin taleyi neftdən asılı qalıb sallanmaqda davam edəcək...

Digər xəbərlər
SON XƏBƏRLƏR